“Yalnız bir serialın bəstəkarı olmağa razılıq verdim”

Aygün Səmədzadə: “Bir mahnıya verilən məbləğ serialın bir bölümünə tökülə biləcək vəsait qədərdisə, niyə mən öz yaradıcılıq işimi bu qədər ucuz tutmalıyam ki?”



Bu gün seriallara maraq bütün dünyada çoxalıb. Əvvəllər yalnız evdar xanımların seriallara baxdığı iddia olunurdusa, bu gün bir çox maraqlı süjet xətti olan serialları cəmiyyətin bir çox təbəqələri izləməyə maraqlı olublar. Hətta dövlət məmurlarının belə izlədiyi serialların adını çəkmək mükündür.

O da bir danılmaz həqiqətdir ki, türk serialları bu gün dünyada baxımlılığına görə 2-ci yerdə dayanır. Bəs serialların baxımlı olmasının səbəbləri nədir? Bir çoxlarının fikrincə, serialın baxımlı olmasının əvvəlcə ssenarisi maraqlı və dövrün aktuallığına xitab etməli, peşəkar heyət serialda yer almalı, məşhur aktyorların seriala cəlb olunması baxımlı olmağa təsirini göstərə bilir. Eyni zamanda serialın musiqisi də tamaşaçını ekran qarşısına bağlamağa qadirdi. Əgər serialda səslənən musiqi təsirlidirsə, bu da tamaşaçını seriala bir az da yaxın edə bilir. Deməli, musiqinin təsiri danılmazdır. Bəs bizim peşəkar bəstəkarlar necə, seriallardan dəvət alırlarmı? Yerli seriallarımızda niyə peşəkar bəstəkarların adına az hallarda rast gəlirik? "Şərq”in suallarına Azərbaycan musiqisində xüsusi izi olan, dəsti-xətti ilə seçilən Aygün Səmədzadə "Həqiqətən seriallarda, filmlərdə musiqinin xüsusi təsiri var. Mənə yerli seriallarımızdan təkliflər çox gəlib. Yalnız bir serialın musiqisini yazmağa razılıq vermişəm. Bir serialda iştirak etmişəm. "Sirr” serialında mənim bəstəmdən istifadə olunub. Rejissor Ülviyyə Könülün çəkdiyi bu filmin bəstəkarı olmağa razı olmuşam. Bu gün də seriallardan təkliflər gəlir, amma razılaşmıram”.

Maraqlandıq ki, niyə yerli seriallardan gələn təklifi Aygün Səmədzadə qəbul etmir? Peşəkar bəstəkarın maraqlı cavabı oldu: "Gələn təklifləri qəbul etməməyimin səbəbləri konkretdi. İlk növbədə yaradıcı heyətin peşəkarlığı önəmlidir. Rejissor, serialın ssenarisi və əlbəttə ki, qonorar. Bunlar məni tam qane etməlidir ki, mən təklifi dəyərləndirim. Bir mahnıya verilən məbləğ serialın bir bölümünə tökülə biləcək vəsait qədərdisə, niyə mən öz yaradıcılıq işimi bu qədər ucuz tutmalıyam ki? Təbii ki, mən seriala o zaman mahnı bəstələməyə, bəstəkar olaraq o heyətlə çalışmağa razı olaram ki, qonorar məni qane etsin. Bu gün çəkilən yerli seriallarımızın keyfiyyəti məni nə bir tamaşaçı, nə də bir incəsənət insanı kimi qane etmir. Çünki müxtəlif səbəblər var. Yerli serialların musiqisi də, səmimi desəm, məni qane edir. Çünki çox vaxt seriallarda musiqi müəllifinin adını belə tanımıram. Yəni peşəkar deyillər. Bilirsiz, keyfiyyətli yaradıcılıq məhsulunun ərsəyə gəlməsi üçün mütləq böyük vəsait, peşəkar heyət lazımdı. Peşəkar heyətin bir araya gəlməsi özü maliyyə ilə bağlıdı. Mən qərar vermişəm ki, təsdiq olunmamış film, serialın təklifini qəbul etməyim. Film, serial təsdiq olunduqdan sonra, artıq ssenari bəlli olduqdan sonra həmin serialın bəstəkarı olaraq çalışa bilərəm. Səmimi danışacam, mən hər zaman seçim edən bəstəkar olmuşam. Ona görə də bir-iki sənət dostlarımdan başqa bəstələrimi hər müğənniyə həvalə etməmişəm. Yəqin ki, bu, sənətə olan məsuliyyətlə bağlıdı”.

Tahirə