Onlar dəstə halında fəaliyyət göstərirlər və insanların daha sıx olduğu ərazilərdə - bazarlarda, ticarət mərkəzlərində, metrolarda, avtobuslarda və dayanacaqlarda olurlar
Bakıda fəaliyyət göstərən avtobuslarda təzə cibgirlər peyda olub. Şahidlərin verdiyi xəbərə görə, cibgirlərə əsasən Xırdalan-Masazır istiqamətində hərəkət edən 119, 135, 525, 199 nömrəli avtobuslarda rast gəlinir.
Üç nəfərdən ibarət olan cibgir dəstəsi sərnişinlərdən oğurluq etmək üçün xüsusi plan hazırlayırlar. Şahidlərin sözlərinə görə, oğrular qurbanlarını dövrəyə aldıqdan sonra niyyətlərini həyata keçirməyə çalışırlar. Onların bu çılğın əməllərini görən sərnişinlərə qarşı xüsusi amansızlıqla yanaşırlar. Bu oğruların ən təhlükəli cəhəti isə ağızlarında "lezva” gəzdirmələridir. Oğurluqlarından xəbər tutub müqavimət göstərən sərnişinləri ağızlarına yerləşdirdikləri "lezva” ilə qorxudurlar.
Hadisə şahidi oğruların əlamətlərini də deyib. Onun sözlərinə görə, cibgirlərdən ikisinin boyu hündürdür, biri isə orta boyludur. Oğrulardan ikisi eynək taxır.
Sabiq polis rəisi Mahmud Hacıyev "Şərq”ə açıqlamasında bildirib ki, cibgirlər həmişə dəstə halında fəaliyyət göstərirlər və insanların ən çox miqrasiya elədiyi ərazilərdə - bazarlarda, ticarət mərkəzlərində, metrolarda, avtobuslarda və dayanacaqlarda olurlar:
"Hər hansı bir kəsici alətlə qorxudub kiminsə pulunu və dəyərli əmlakını götürmək cibgirlik yox, quldurluq sayılır. Cibgir heç vaxt hansısa deşici və kəsici alətlərlə kimisə qorxudub pul tələb eləmir. Çünki cibgirlik şəxsi əmlak oğurluğu sayılır. Quldurluq isə cinayət məcəlləsində qəsdlə adam öldürmədən sonra ən ağır maddələrdən biridir.
Cibgirlərdən biri çoxluq olan yerlərdə kimisə sıxışdırır və həmin insan tarazlığını itirəndə artıq cibinə girildiyini hiss eləmir. Həmin oğurladıqları əşyanı ötürürlər 3-cü adama və o, hadisə yerindən qaçır. Qaçandan sonra hətta cibgirin tutulmağı cinayət təsiri yaratmır. Çünki bəzən el arasında söz-söhbətə səbəb olur, camaat deyir ki, cibgiri tutdular, deməli, polislər onunla əlbirdir. Cibgirin oğurladığı dəyərli əşya əlində olmayanda o artıq cinayət məsuliyyəti kimi sayılmır. Müstəntiq onu şəxsi əmlak oğrusu kimi ittiham edə bilmir. Ona görə də mütləq qaydada onun oğurladığı dəyərli əşya əlində tutulmalıdır. Onlar isə ağıllı adamlardı, həmin oğurladıqları əşyanı 3-cü şəxsə ötürürlər və ortada heç bir sübut qalmır”.
Cibgirlərlə necə mübarizə aparılmasına gəlincə, M.Hacıyev deyib ki, sovetlər birliyi dönəmində baş polis idarəsində cinayət axtarış idarəsi nəzdində kiçik əməliyyat müvəkilləri deyilən bir şöbə var idi. Orda işləyən insanlar bütün gün mülki paltarda ticarət mərkəzləri, bazarlar, avtobuslar və metrolarda gəzişirdilər və kifayət qədər effektiv mübarizə aparırdılar. Sonra həmin şöbə təxminən 2000-ci illərdə ləğv olundu:
"Bir zamanlar Bakıda ticarət mərkəzlərində, bazarlarda mentalitetimizə üz qaralığı gətirən qızlar dəstəsi vardı. Onlar da cibgirliklə məşğul olurdular və lezva ilə işləyirdilər. Lezva ilə qadınların əlindəki çantaları kəsirlər. Onlarda hissiyat güclü olur, pul kisəsinin çantanın hansı küncündə olduğunu bilirlər. Həm əməliyyatçı, həm də istintaqçı üçün cibgirin tutulub ifşa olunması çox çətindir. Çünki burda çox incə məsələlər var. Ona görə də əməliyyat işini ağılla və pəşəkarlıqla yerinə yetirmək lazımdır”.
Yeganə Bayramova