"Şəhərətrafı sərnişindaşıma çox bərbad vəziyyətdədir"- Nəzarət yoxdur



"Baş verən yol nəqliyyat hadisələrinə təsir edən amillər o qədər çoxdur ki, birbaşa nəzarət mexanizmi yaratmaq mümkün deyil”.

Bunu Sherg.az-a Bakı ətrafı rayon və kəndlərdə yol nəqliyyat hadisələrinin çoxalmasının səbəblərini izah edərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. 

O bildirib ki, bunlar birbaşa sürücülərin məsuliyyətinin və mədəniyyətinin üzərinə qalır:

"Dağ rayonlarında, təhlükəli ərazilərdə yol nəqliyyat hadisələri az baş verir. Çünki sürücülər məsuliyyət hiss edir. Şəhərətrafı daşımalarda sürücülərin seçimi çox pis vəziyyətdədir. Bakı Nəqliyyat Agentliyi sürücü bankı yaradılmağını üzərinə götürüb və həmin qayda qanunu pozan sürücüləri işdən uzaqlaşdırandan sonra mərkəzləşdirilmiş formada sürücü qəbulu ilə onlar məşğul olsunlar. Amma şəhərətrafı marşrutlar xüsusi sahibkarlara məxsusdur. Onlara yollarda birbaşa nəzarət mexanizmi çətindir. Gərək, sərnişinlər öz məsuliyyətlərini dərk edib, ictimai nəzarəti gücləndirsinlər, mədəni formada sürücülərə təsir göstərsinlər. Bu, həmişə olub, indi də davam edir. Ola bilsin ki, yolların vəziyyəti də ürəkaçan deyil, tıxaclar çoxdur. Sürücülər də müəyyən qədər planı doldurmağa çalışırlar. Buna görə sürət həddini pozurlar, dayanacaqlarda düzgün saxlamırlar. Nəqliyyat probleminin ən böyük hissələrindən biridir. Bəzi yerlərdə marşrutların sahibləri ilə treninqlər məsləhətlər aparmaq, maarifləndirmək lazımdır. Ən əsası ictimai nəzarət olmalıdır”.

F.Eyyubovun sözlərinə görə bir yerdə hadisə olubsa, eyni vəziyyəti hər yerə aid etmək olmaz:

"Ola bilər sürücü təcrübəsiz olub, onu əsəbiləşdiriblər, təsadüfi hadisədir baş verib və s. Həmin avtobusun özünün də nasazlığı ola bilər ki, məhz yol nəqliyyat hadisəsinin törədilməsinə, insanların vurulmasına səbəb olsun. Çalışırlar ki, bu cür hadisələri azaltsınlar. Bunun üçün də həm insanlar, həm sürücülər, həm də sahibkarlar məsuliyyətli olmalıdır. Onlar bilməlidir ki, belə hadisələrin sonu faciə ilə nəticələnir. Belə hadisələrin azalması ilə bağlı konkret resept vermək olmaz. Yollarımız müəyyən mənada tələblərə cavab vermir, sürücülərimiz öz üzərində məsuliyyəti az hiss edirlər, nəqliyyat vasitələri köhnəlib, sərnişinlər kobudluq edir, harada istəsə minməyə çalışır. Şəhərətrafı sərnişindaşıma çox bərbad vəziyyətdədir. Buna nəzarət mexanizmi yoxdur. Amma nə qədər nəzarət mexanizmi olsa da, şəhərətrafı ərazilərdə yollar, məntəqələr var ki, onların hamısını əhatə etmək olmur. Bunun qarşısını almaq üçün üçün nə isə etmək lazımdır. Bunun isə konkret resepti yoxdur. Kompleks tədbirlər həyata keçirilməlidir. Maarifləndirmə, sahibkarların məsuliyyəti və maarifləndirilməsi, sərnişinlərin özünün məsuliyyətli davranması, diqqəti vacibdir”.

Qeyd edək ki, bu gün  ötən gecə saat 9 radələrində Novxanı qəsəbəsində "Daewoo" markalı 90 TH 532 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə "BMW" markalı, 90 VS 007 nömrəli minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 47 yaşlı kişi ağır bədən xəsarətləri alaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ayyət Əhməd