İranda son günlərdə baş verən etiraz aksiyaları artıq adi sosial narazılıq çərçivəsindən çıxaraq siyasi sistemin dayanıqlığı ilə bağlı ciddi suallar doğurur. Xüsusilə yeni il ərəfəsində təkrarlanan bu aksiyalar cəmiyyətin dərin iqtisadi və sosial problemlərlə üz-üzə qaldığını göstərir. Bu dəfəki prosesləri fərqləndirən əsas məqam isə İranın ali dini liderinin ilk dəfə açıq şəkildə etirazçıların haqlı olduğunu etiraf etməsidir.
İsrail ilə 12 günlük müharibə zamanı həlak olanların ailələri ilə görüşdə Xamenei bildirib ki, milli valyutanın dəyərinin düşməsinə görə etirazlar əsaslıdır. "Sahibkarlar belə şəraitdə işləyə bilməyəcəklərini deyəndə haqlıdırlar. Dövlət rəsmiləri bunu qəbul edirlər və mən bilirəm ki, hörmətli Prezident və digər yüksək vəzifəli şəxslər bu problemin həlli üzərində işləyirlər",-deyə o, bildirib.
Onun sözlərinə görə, bəzi qüvvələr yalan iddialar irəli sürərək ölkəyə, rəsmilərə, hökumətə və ya millətə nəyisə qəbul etdirmək istəyirlər.
Ali dini lider düşmənə boyun əyməyəcəklərini bildirib.
Ağ partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli Sherg.az-a İrandakı bu cür silsilə aksiyalar və mitinqlərin əvvəllər də çox olduğunu söyləyib:
"Xüsusilə son illərdə və bir neçəsi də məhz yeni il ərəfəsində baş verib. Amma bu dəfə fərqli bir məqam var: ilk dəfədir ki, Xamnei açıq şəkildə etiraf edir ki, etirazçılar doğru edirlər. O deyir ki, “Sahibkarlar bu şəraitdə işləyə bilməyəcəklər deyəndə haqlıdırlar”. O, artıq narazı xalqa, etirazçılara müəyyən mənada haqq qazandırır. Bu isə İrandakı siyasi quruluşun zəifliyinin açıq göstəricisidir. Əvvəllər hər hansı problem yaranan kimi hər şeyi xarici qüvvələrin üzərinə atırdılar, günahı özlərində görmürdülər. Amma indi vəziyyət fərqlidir. Şərait həm İran dövləti, həm hakimiyyət, həm də İran xalqı üçün o qədər çətinləşib ki, bunu artıq gizlətmək mümkün deyil.
Təbii ki, yenə də müəyyən məqamlarda bu prosesləri xarici qüvvələrlə əlaqələndirməyə çalışacaqlar. Bu, adi və gözlənilən yanaşmadır və Xamenei bunu deyəcək. Amma fakt dəyişmir: hər belə üsyan İrandakı siyasi quruluşu daha da zəiflədir".
Politoloq artıq bir sıra strateji məsələlərdə geri çəkilmələr müşahidə olunduğunu vurğulayaraa, hicab məsələsinə də toxunub:
"Hicab məsələsindən tutmuş digər sahələrə qədər geri addımlar görünür. Hicab məsələsi İranda getdikcə formal xarakter almağa başlayır. Bunun müsbət və ya mənfi olması ayrıca müzakirə mövzusudur. Şəxsən mən, bəzi azərbaycanlılar kimi, buna sevinmirəm. Açıq-saçıqlığı nə inkişaf, nə hüquqi dövlət anlayışı, nə də tərəqqi hesab edirəm. İnsanları geyiminə görə qiymətləndirməyi isə açıq-aşkar cahillik sayıram.
Bütün bunlara baxmayaraq, əsas məsələ dəyişmir: İranın siyasi quruluşu zəifləyir və strateji məsələlərdə geri çəkilir. Mənim fikrimcə, bu proses davam edəcək. Əgər bu mənzərə uzun müddət davam edərsə, İrandakı mövcud siyasi quruluşun çökməsi qaçılmaz olacaq. Sadəcə bunun zaman məsələsi qalır".
Ekspert Çini misal göstərərək İranın ciddi dəyişikliklər etməli olduğunu qeyd edib:
"Bu dəyişikliklər ölkənin inkişafına, yəni transformasiyaya yönəlməlidir. Vaxtilə Çin bunu etdi: siyasi baxımdan kommunist sistemi saxladı, amma iqtisadi baxımdan transformasiya oldu və kapitalist modelə keçdi. Nəticədə sürətli inkişaf əldə etdi.
İran isə siyasi baxımdan teokratik dövlətdir, iqtisadi baxımdan isə faktiki olaraq kapitalistdir. Sadəcə sanksiyalar və digər amillər İran iqtisadiyyatına çox ciddi zərbələr vurub. Əgər İran bu sanksiya problemini və iqtisadi çətinlikləri aradan qaldıra bilsə, mövcud siyasi quruluş bir müddət də həyatını davam etdirə bilər. Amma əks halda, bu sistem çökməyə məhkumdur".