Beynəlxalq formun Azərbaycan təmsilçisi Günay Nərimanla maraqlı söhbət.
Sherg.az həmin söhbəti təqdim edir:
-Günay xanım, bu günlərdə bütün medianın diqqəti Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman nazirliyinin dəstəyi ilə Bakıda keçirilən gənc şair xanımların IV formuna yönəlib. Bir sıra xarici ölkələrdən Azərbaycana şair xanımlar bu forum üçün gəlib. Ölkəmizi sizin təmsil etdiyinizi, bu formda layiqli çıxış edərək, Azərbaycan ədəbiyyatının zənginliyini müxtəlif xalqların nümayəndələrinə göstərdiyinizi bilirik. Form haqqında təəssüratlarınızı bilmək istərdik..
- Bəli, Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən bu formu müsbət qiymətləndirirəm. Form sayəsində müxtəlif xalqlar bir-birinin mədəniyyəti, ədəbiyyatı və tarixi haqqında müəyyən məlumata sahib olur. Daha yaxından tanımağa çalışır. Bir neçə gündür dünyanın bir çox ölkəsindən nümayəndələr Azərbaycanda qonaqdır. Biz onları ölkəmizin görməli yerlərini, tarixi məkanlarını gəzdirdik. Yekdilliklə, yurdumuzun tarixiliyini və müasirliyini qoruyub saxladığını söylədilər. Bakının çox gözəl şəhər olduğunu vurğuladılar.
Azərbaycanı bu formda mən təmsil etdim və bu məni çox qürurlandırdı. Eyni zamanda Şəhanə Müşfiq də Azərbaycan təmsilçisi idi. Form Nizami adına Ədəbiyyat muzeyində bir sıra dövlət rəsmiləri, müxtəlif səfirliklərin nümayəndələrinin iştirakı ilə keçirildi. Çıxışlardan sonra söz iştirakçılara verildi. İştirakçılar öz şeirlərindən nümunələr səsləndirdilər. Sonda hər bir iştirakçı sertifikatla qiymətləndirildi. Bu formun Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malikdir. Gələn qonaqlar mədəniyyətimizlə, ədəbiyyatımızla, tariximizlə, milli adət-ənənələrimizlə daha yaxından tanış oldular. Milli mətbəximizə məxsus yeməkləri sevərək yedilər.
Mənim üçün bu bir neçə gün, sanki nağıllar aləmini xatırlatdı. İnsanın doğma vətəni haqda qürurla, ağızdolusu danışa bilməsi çox gözəl hissdir. Qonaqların gözlərindəki o heyranlığı görüb, xöşbəxt olmamaq mümkün deyildi. Qonaqlarla birgə Azərbaycan Yazıçılar Birliyini gəzdik, birliyin sədri Anar, qonaqlarla bir-bir tanış olub, bizimlə səmimi söhbət etdi. Müxtəlif ölkələrdən gəlmiş şair xanımların suallarını cavablandırdı.
Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş oğullarımızın qəbirlərini də ziyarət etdilər. Şəhidlər xiyabanını ziyarət etdikləri zaman, İlhamla Fərizənin qoşa şəklini görüb təəccüblənərək, bu haqda məlumat almaq istədilər. Onların həyat hekayəsini eşidib, duyğulandılar.
Bu form üçün Bakıya gələn qonaqlar o qədər mehriban və gülərüz idilər ki, bir neçə gün içərisində doğmalaşmağı belə bacardıq.
Hansı ölkələrdən gəlmişdi qonaqlar?
- Türkiyə, İran, Hindistan, Əfqanıstan, Xorvatiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan Gürcüstan və s.
Ortaq dil olaraq hansı dildən istifadə edirdiz?
- Ümumi ortaq dil ingilis dili idi. Form zamanı əksər çıxışlar da ingilis dilində oldu. Amma şeirlər orjinal olaraq yazıldıqları dildə səsləndirildi.
Şeirlərdən söz düşmüşkən, siz də öz formda səsləndirdiyiniz şeiri bizə təqdim edə bilərsiz?
- Əlbəttə, böyük məmnuniyyətlə.
TƏRS DÖNƏCƏK BU DÜNYA
Çevirəcəm oxunu,
Tərs dönəcək bu dünya.
Enişdən başlayacaq çaylarının axarı,
Yoxuşa töküləcək.
İnsan qoca doğulub,
Körpələşib, öləcək.
Məzlumu tapdalayan,
Şux olan qamətin də,
Ahımdan büküləcək.
Lazımsız kağız kimi
Səni ovub bükəcəm.
Ovcumun içi boyda
Olacaqsan a dünya.
Balaca top eyləyib,
Atıb-tutacam səni.
Məni illər uzunu
Atıb tutduğun kimi.
Bəzən də atıb məni,
Tutmağı unudurdun.
Elə möhkəm dəyirdim
Yerlərin göy üzünə.
İndi atıram səni,
Yalvar, yıxıl dizimə!!!
Minnətdaram Günay xanım ətraflı məlumat və xoş söbət üçün.
- Siz də sağ olun Mahmud bəy! Xoş oldu.
Hazırladı: Mahmud Əyyub