"...Aİ ilə viza rejiminin aradan qaldırılması nəzərdə tutulur"

Azər Allahverənov: "Bu, Gürcüstan və Ukrayna ilə Aİ arasında mövcud olan vəziyyətin Azərbaycanda da bərqərar olunmasına şərait yaradacaq"


"Viza rejiminin sadələşdirilməsi ilə bağlı Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında ciddi danışıqlar aparılır”.

Bunu Sherg.az-a Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışarkən ekspert Azər Allahverənov deyib. 

O bildirib ki, Azərbaycan və Aİ ilə bağlanan 2014-cü ildən qüvvədə olan memorandum viza rejimin sadələşdirilməsini nəzərdə tutur:

"Bu razılaşmanı əldə rəhbər tutan hər iki tərəf müvafiq qaydada danışıqlar aparır. Birinci mərhələdə söhbət viza rejiminin sadələşdirilməsindən gedir. Gələcəkdə isə Aİ ilə viza rejiminin ümumiyyətlə aradan qaldırılması nəzərdə tutulur. Bu, Gürcüstan və Ukrayna ilə Aİ arasında mövcud olan vəziyyətin Azərbaycanda da bərqərar olunmasına şərait yaradacaq.

Vəziyyət ilk baxışdan sadə görünə bilər. Lakin viza rejiminin sadələşdirilməsinin müzakirəsi ciddi prosesdir. Bunun arxasında hər tərəfin özünəməxsus maraqları durur və hər tərəf də bu maraqlara uyğun yanaşma sərgiləyir. 

Digər mərhələdə isə üst-üstə düşməyən maraqlar üzərində danışıqlar aparılır. Hazırda rəvac verilən danışıqlar prosesində bu məsələnin üst-üstə düşməyən tərəfləri müzakirə olunacaq. Bundan sonra payız aylarında artıq müəyyən irəliləyişin şahidi olacağıq”.

A.Allahverənov onu da əlavə edib ki, Aİ getmək istəyən Azərbaycan Respublikası vətəndaşları viza şərtlərinin ağır olmasından, vizanın verilməsi ilə məşğul olan qurumların bürokratik əngəllərindən, qarşılarındakı maneələrdən və s. şikayətlənirlər:

"Həm viza məbləğinin azalması, həm də vətəndaşların üzləşdiyi maneələrin aradan qaldırılması üçün bu sadələşdirmə razılaşmasının əhəmiyyəti böyükdür.

Gələcəkdə viza rejimi bütövlükdə aradan qaldırılarsa, təbii ki, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da artırılması və vətəndaşların rahatlığı üçün imkan ola bilər”.

Aysel Aslan