Ərdoğan vaxtında gəlir

Azərbaycanla Türkiyə arasında yeni hərbi müqavilə bağlana bilər


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də (bu gün) Azərbaycana səfər edəcək. Ərdoğanın səfər çərçivəsində Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcəyi və bir sıra mühüm məsələləri müzakirə edəcəyi gözlənilir.

Bələdiyyə seçkilərində qələbə qazanan baş nazirin Azərbaycan səfərini şərh edən sabiq dövlət katibi, politoloq Vəfa Quluzadənin sözlərinə görə, indiki mərhələdə Türkiyə ilə Azərbaycan arasında birinci məsələ əsgəri müqavilədir. Çünki hazırkı vəziyyətdə Azərbaycan Rusiyanın təcavüzünə məruz qala bilər: "Rusiya Azərbaycanla sərhəddə qoşunları toplayıb. Eyni zamanda Azərbaycanla müharibə etmək üçün Astraxanda Rusiya hərbi donanması gücləndirilib və modernləşdirilib. Kreml də təcavüzkar Ermənistanla Azərbaycan arasında müharibəni qızışdırmaqla məşğuldur. Krımdan sonra bu məsələlər Azərbaycan üçün olduqca təhlükəlidir”.

V.Quluzadə hesab edir ki, Azərbaycana zərbə dəysə, Türkiyənin burdakı maraqları da alt-üst olacaq: "Türkiyənin Azərbaycanda maraqları çoxdur. Mən heç vaxt emosional yanaşma ilə qardaşlıq, dostluq məsələlərinə inanmıram. Çox təəssüf ki, Türkiyə vaxtilə Rusiyadan mavi qaz almağa razı olub. Bununla da Rusiya Türkiyəni özündən asılı edib. Türkiyə alternativ yollar axtarsaydı, indi vəziyyəti başqa cür olardı. Zənnimcə, Ərdoğanın səfəri zamanı neft, qaz, transport koridorları müzakirə olunacaq. Lakin əsas məsələ Azərbaycanın təcavüzdən qorunmasıdır və ümidvaram ki, bu artıq öz həllini tapacaq”.

Politoloq qeyd edir ki, Azərbaycanla Türkiyə arasında yeni hərbi müqavilə bağlanıla bilər: "Bunun əvvəlkilərdən daha geniş və Azərbaycana müdaxilə olacağı təqdirdə Türkiyə ordusunun birbaşa işə qarışması haqqında olması da mümkündür. Xüsusən, Krım məsələsindən sonra bu versiya gündəmdədir. Çünki ABŞ-Rusiya əlaqələri daha da gərginləşərsə, proseslər buna doğru gedəcək. Amerikaya zərbə endirmək istəyən Rusiya ilk zərbəni Bakıya vuracaq”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bələdiyyə seçkilərindən sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ilk olaraq Azərbaycana səfər etməsinin gözlənilən olduğunu bildirib. Politoloq deyib ki, Azərbaycan Türkiyənin əsas strateji müttəfiqlərindən biri olduğu üçün iki ölkə arasında hərbi-siyasi əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq: "Əlbəttə, Krımın Rusiya tərəfindən işğal olunması məsələsi də gündəmdə ola bilər. Bunlarla yanaşı, ən önəmlisi, Azərbaycan-Türkiyə birliyinin Dağlıq Qarabağ məsələsinin həllinə müsbət təsiri mövzusu da müzakirəyə çıxarıla bilər. Həm də yəqin, Ərdoğan-Gülən siyasi mübarizəsinin Azərbaycana təsiri də gündəmdə olacaq. Çünki Ərdoğan dəfələrlə qeyd edib ki, Gülən hərəkatı Azərbaycanda çirkli qara planlar həyata keçirmək istəyir”.

Siyasi ekspert Suriyada gedən vətəndaş müharibəsinin müzakirəsinin diqqətdə saxlanacağı qənaətindədir: "Türkiyə hökuməti Bəşər Əsədə müxalif olan qüvvələri dəstəkləyir. Azərbaycan isə kiçik dövlət olduğundan proseslərə qarışmır və kənarda dayanır. Amma Suriyada baş verənlər bizi də çox narahat edir. Çünki Azərbaycan vətəndaşlarının bir hissəsi Suriyada Əsədə qarşı döyüşür. Bu insanların böyük əksəriyyəti Türkiyə üzərindən Suriyaya yollanır. Suriya ilə bağlı geniş fikir mübadiləsi olmasa da, Azərbaycan tərəfi vətəndaşları ilə bağlı yaranmış təhlükə gündəmə gətiriləcək”.

İsmayıl