“Tvitter” azadlığı...

Ceyms Uorlik səhvə yol verib


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri növbəti dəfə öz "tvitter” paylaşımı ilə diqqət çəkib. ATƏT-lə məsləhətləşmələr üçün Vyanaya getdiyini yazan həmsədr daha sonra Moskvaya Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə cümə günü keçiriləcək görüşə yollanacağını qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Moskva görüşündən əvvəl Ceyms Uorlikin Vyanaya hansı məsləhətləşmələr üçün getdiyinə gəldikdə isə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, siyasi elmlər doktoru, politoloq Elman Nəsirlinin sözlərinə görə, Ceyms Uorlikə Vyana səfəri zamanı son zamanlar yol verdiyi nöqsanlara görə, ATƏT rəhbərliyi tərəfindən ciddi xəbərdarlıqlar ediləcək: "Hesab edirəm ki, amerikalı həmsədrin son "tvitter” paylaşımları ATƏT rəhbərliyi tərəfindən də yaxşı qarşılanmayıb. Bilirsiniz ki, Uorlik öz səhifəsində bəzi tezislərlə çıxış edir ki, həmin paylaşımlar da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli ilə istiqamətində vasitəçilik missiyasını öz üzərinə götürmüş Amerika üçün xoş münasibət deyildi. ATƏT-in Minsk Qrupu birbaşa münaqişənin həlli ilə bağlı fəaliyyət göstərən bir qurumdur. Amerikalı həmsədrin son qeydləri isə münaqişəyə düzgün yanaşmadığının göstəricisidir ki, o, Dağlıq Qarabağ münaqişəsini yalnızca Azərbaycanın problemi kimi görür. Çox güman ki, ATƏT rəhbərliyi Uorlikin problemə praqmatik yanaşmaması və bəzi hallarda erməni dəyirmanına su tökən açıqlamalar yaymasının Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurduğundan xəbərdar olub. Və Vyana səfəri zamanı amerikalı həmsədrə özfəaliyyətlə məşğul olduğu üçün bəzi qadağalar qoyacaq. Çünki 3 həmsədrdən birinin öz "tvitter” səhifəsində bu cür mövqe sərgiləməsi nəticə etibarı ilə ATƏT-in özünün sülh tənzimləmə prosesinə mənfi təsir göstərir”.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində aprel ayında Moskvada keçirilməsi planlaşdırılan danışıqlara gəldikdə isə politoloqun sözlərinə görə, həmin görüşdən sonra həmsədrlərin regiona səfəri və bu səfərin ardınca yenidən prezidentlər səviyyəsində görüş keçirmək həmsədrlərin əsas məqsədidir. Çünki məhz C.Uorlik son "tvitter” yazılarının birində qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yalnız prezidentlər səviyyəsində görüş vasitəsilə nail olmaq olar.

Şəymən