Davudoğlunun təhlükəli erməni oyunu

Qabil Hüseynli: “Ərdoğan hökumətini maraqlandıran odur ki, Ermənistan Türkiyəyə qarşı irəli sürdüyü “erməni soyqırımı” ittihamını dayandırsın”
Elxan Şahinoğlu: “Türkiyə müəyyən diplomatik manevrlər də edir”


Qardaş Türkiyə və separatçı Ermənistan arasındakı münasibətlərin tənzimlənməsinə dair zaman-zaman müəyyən fikirlər ortaya atılır. İşğalçı ölkə bunu gündəmdə saxlamaqla dünyanın diqqətini sözügedən məsələyə kökləmək istəyir. Şübhəsiz ki, Ermənistan öz milli maraq və ambisiyalarının gerçəkləşməsinə çalışır. Çünki iqtisadi durumun ağırlığı Ermənistanı çətin duruma salıb. Etiraf edək ki, Türkiyə tərəfi də düşmən ölkə ilə sərhədlərin açılması və onlara düşmən mövqedə olmadığını dəfələrlə bəyan edib.

Belə sərsəm bəyanatlardan birini də ötən gün xarici işlər naziri Əhməd Davudoğlu verib. Türkiyəli diplomat BMT Təhlükəsizlik Şurasındakı çıxışında deyib ki, ermənilərə qapılar açıqdır. Türkiyəyə gəlmək istəyirlərsə, xoş gəlib, səfa gətirirlər. Nazir qeyd edib ki, Suriyada yaşayan ermənilər çətinliklə üzləşdikləri halda Türkiyə torpaqlarına gələ bilərlər: "Biz onlara hər cür kömək etməyə hazırıq. Xüsusilə də erməni cəmiyyətinə səslənirəm. Heç bir təxribata uymasınlar. Türkiyə tərkibində erməni camaatı olan çox mədəni ölkədir. Suriyanın Kəssab qəsəbəsindən və ya başqa bir yerdən ermənilər Türkiyəyə gəlmək istəyərlərsə, gəlsinlər.

Qeyd edək ki, ermənilər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan BMT-yə şikayət ediblər. Onlar beynəlxalq ictimaiyyəti Ərdoğanı türk və azərbaycanlı mücahidlərin Suriya ilə sərhəddə yerləşən Kəssab qəsəbəsinə etdiyi hücumlara görə qınamağa çağırıb. BMT-yə edilən müraciətdə qeyd edilir ki, Ərdoğan hökuməti Kessab qəsəbəsində yaşayan Suriya ermənilərinə hücumlar təşkil edir.

Bəzi yerli ekspertlər bunun spekulyativ xarakterli açıqlama olduğunu desə də, sərhədlərin açılmasında Türkiyənin maraqlı olmasını iddia edənlər mövcuddur.

Türkiyə rəsmisinin bəyanatını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, qardaş ölkə Ermənistanla münasibətləri yaxşılaşdırmağı düşünür. Onun sözlərinə görə, rəsmi Ankara separatçı ölkə ilə əlaqələri möhkəmləndirmək üçün sərhədləri açmaq və diplomatik münasibətləri tənzimləmək istəyir: "Amma Türkiyə Ermənistana müəyyən şərtlər də qoyub. Azərbaycan-Ermənistan qarşıdurması və ölkəmizin ərazi bütövlüyünün təminatı məsələsini tələb edirlər. İşğalçı ölkə yaxşı anlayır ki, AKP hökuməti bu tələblər üzərində elə də möhkəm dayanmır. Dağlıq Qarabağ münaqişəsinin uğurlu həllində ortaya ciddi israr qoymur. Ərdoğan hökumətini maraqlandıran odur ki, Ermənistan Türkiyəyə qarşı irəli sürdüyü "erməni soyqırımı” ittihamını dayandırsın. Ermənilər fikirlərindən dönmürlər. Onlar bu prosesin daha da genişlənməsinə və yeni-yeni ölkələr tərəfindən tanınmasına çalışırlar. Bu məqsədlə də dünyada apardıqları təbliğat işlərini gücləndirirlər”.

Suriyanın Kəssab qəsəbəsinə diqqət çəkən ekspert bildirib ki, sözügedən bölgədəki ermənilərin qətlə yetirilməsində Türkiyə ittiham olunur: "Ermənistan iddia edir ki, vətəndaşlarını Türkiyədə təlim keçmiş mücahidlər öldürüb. Ona görə də BMT-nin TŞ-də Ermənistan Türkiyəni küncə sıxıb. Məsələlər o qədər gərgindir ki, Amerika da Ermənistanı müdafiə edir. Ona görə də Davudoğlu ölçülü-biçili olmayan çağırışlar edir. Bu yolla erməniləri və dünya ictimaiyyətini sakitləşdirməyə səy göstərir”.

Q.Hüseynlinin qənaətincə, ermənilərin bu hay-şüvənlərinin gələcəkdə daha geniş miqyas alacağını AKP hökuməti yaxşı anlayır: "Təcavüzkar ölkə Türkiyəni daha çətin duruma salmağı planlaşdırır. Bu baxımdan Türkiyə ermənilərlə indidən kompromisə hazır olduğunu nümayiş etdirir. Davudoğlunun sözləri bunu əyani surətdə təsdiq edir”.

Davudoğlunun çıxışlarının Azərbaycana təzyiq mexanizmi olması fikrinə gəldikdə isə siyasi təhlilçi bu halın istisna olmadığını söyləyib: "Baş nazir R.T.Ərdoğanın ölkəmizə səfəri çərçivəsində bu məsələ də müzakirə predmeti ola bilər. Azərbaycana səfər bir növ təzyiq xarakteri daşıyır. Türkiyə istəyir ki, Azərbaycan onlara Ermənistanla münasibətləri yaxşılaşdırmağa icazə versin. Rəsmi Ankara öz dövlət maraqlarını güdərək düşmən ölkə ilə sərhədləri açmağa hazırlaşır. Azərbaycanı da bu və ya digər formada xəbərdar edir”.

"Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu isə Davudoğlunun açıqlamasının diplomatik jest olduğunu vurğulayıb: "O, bununla beynəlxalq aləmə göstərir ki, ermənilərə qarşı düşmənçilik mövqeləri yoxdur. Bunu haradasa anlamaq olar. Türkiyə topu Ermənistanın meydanına atmaqla demək istəyir ki, sülhpərvərəm, amma qarşı tərəf "erməni soyqırımı” adı altında müəyyən ittihamlarla mənim əleyhimə işləyir. Ola bilər ki, Davudoğlu bu yolla ermənilərin silahını əlindən almaq istəyir”.

Politoloq bildirib ki, Türkiyə Azərbaycana həmişə dostluq və qardaşlıq mövqeyində olub: "Bu gün Ərdoğan Bakıya gələcək. Baş nazir dəfələrlə vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsində irəliləyiş olmayana qədər Ermənistanla sərhədlər açılmayacaq. Separatçı ölkə ilə diplomatik münasibətlər qurulmayacaq. Türkiyə indiyə qədər bu siyasətinə sadiqdir. Bu sadiqliklə bərabər müəyyən diplomatik manevrlər də edir”.

Azərbaycana təzyiqin Türkiyəyə heç bir fayda verməyəcəyini deyən E.Şahinoğlunun fikrincə, rəsmi Ankara rəsmi Bakı ilə münasibətlərin inkişafında həmişə maraqlı olub: "Hazırda Türkiyə-Azərbaycan münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Türkiyənin ölkəmizlə təhlükəli oyun oynamasına inanmıram”.

Ayyət Əhməd