QHT-lərin hesabatı çox uzun vaxt aparır

Məhərrəm Zülfüqarlı: “Əsasən xaricdən maliyyələşən təşkilatlar tələb olunan qaydalara tabe olmur və fəaliyyətlərini gizlədirlər”


Maliyyə Nazirliyinin QHT-lərə verdiyi 30 günlük müddət ərzində 1800-dən çox təşkilat illik maliyyə hesabatını adıçəkilən dövlət qurumuna təqdim edə bilib. Amma rəsmən qeydiyyatda olan QHT-lərin böyük qismi, təqribən 2000-dən çoxu nazirliyin xəbərdarlığına baxmayaraq hesabat verməyib. Qeyd edək ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati tənbeh nəzərdə tutulub.

Ancaq hesabatdan yayınan QHT-lərə daha sərt cəzaların veriləcəyi də istisna olunmur. Məsələylə bağlı Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yaranmış vəziyyət nəzərə alınaraq, qeyri-hökumət təşkilatlarının illik hesabatı verməsi üçün müddət daha 1 ay uzadılıb. Əgər verilən əlavə vaxtda da illik hesabatlar təqdim olunmazsa, onda təşkilatlara inzibati cəzalar tətbiq olunacaq.

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı QHT-lərin illik hesabatdan çəkinmə səbəblərini bu cür izah edib: "Müəyyən səbəblərə görə, bəzi qeyri-hökumət təşkilatları illik hesabatlarını verməkdən çəkinirlər. Elələri də var ki, fəaliyyət göstərmədikləri üçün ümumiyyətlə nazirliyə hesabat vermirlər. Adətən, qeyri-hökumət təşkilatları, əgər onların maliyyə resursları yoxdursa, Vergilər Nazirliyinə, Sosial Müdafiəyə və Statistikaya məktubla müraciət edərək öz fəaliyyətlərini dondururlar. Ola bilsin, bu il hesabat verməyənlərin bir hissəsi həmin vəziyyətdə olan qurumlardır. Amma elə QHT-lər var ki, onlar həqiqətən Azərbaycanın dövlət qurumlarını saymırlar. Ona görə ki, həmin QHT-lər xarici donor təşkilatlarla işləyir və bu yolla vergidən də yayınırlar. Hətta bir neçə təşkilat öz bank hesablarını Azərbaycanda yox, Gürcüstanda açaraq dövlət qurumlarının nəzarətindən boyun qaçırır. Aydın məsələdir ki, bu cür qurumlar şəffaf fəaliyyət göstərmədiklərinə görə, Maliyyə Nazirliyinə illik hesabat vermirlər”.

M.Zülfüqarlı qeyd edir ki, nazirlik hesabatların sayını artırmaqla xarici donor təşkilatlarla işləyən və yerli qurumlara hesabat verməyən QHT-ləri də bu prosesə cəlb etmək istəyirlər. Ancaq bu zaman "yaşın oduna quru da yanır”: "Qanunsuz fəaliyyət göstərən qurumların əziyyətini şəffaf işləyən və hesabatlarını vaxtında verən QHT-lər çəkir. Qurumlar təmiz işlədiklərini sübut etmək üçün Maliyyə Nazirliyi ilə bərabər Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və digər dövlət qurumlarına da hesabat verirlər. Bu proses isə çox uzun vaxt aparır. Bilirsiz ki, bu il Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına yenidən qeydiyyatdan keçməyi tapşırıb ki, bu da böyük ajiotaja səbəb olub”.

Ekspert düşünür ki, illik hesabatlarını verməyən təşkilatlara tətbiq olunan cəzaların sərtləşdirilməsinə ehtiyac yoxdur. Əksinə, mövcud şərtləri və qanunları sadələşdirmək lazımdır: "İnzibati cəzaları sərtləşdirmək əvəzinə, xaricdən maliyyələşən QHT-lərə nəzarəti gücləndirmək daha yaxşı olar. Çünki əsasən xaricdən maliyyələşən təşkilatlar tələb olunan qaydalara tabe olmur və fəaliyyətlərini gizlədirlər. Ancaq dövlət qurumlarını saymayan QHT-lərə qarşı konkret tədbirlərin görülməsinə etirazımız yoxdur”.

İsmayıl