Prezidentin İran səfəri...

Görüşlər, qonşuluq münasibətlərinə bir istilik gətirəcək


Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyevin İran səfəri başa çatıb. Əhəmiyyəti ilə seçilən səfər zamanı ölkələr arasında 4 sənəd imzalanıb. Görüşdə siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd olunub.

Ölkələr arasında dostluq münasibətlərinin, əməkdaşlığın daha da dərinləşməsinə mane ola biləcək əngəllərin aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Azərbaycan üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsi də prezidentlərin danışıq mövzusu olub. Düzdü, zaman-zaman müəyyən qüvvələrin İranla Azərbaycan arasında ikitərəfli münasibətləri pozmaq, süni problemlər yaradaraq etimadsızlıq mühiti formalaşdırmaq cəhdləri olub. Amma bu ilin yanvarında Davosda iki ölkə prezidentinin görüşü əməkdaşlıq baxımından yeni mərhələnin əsasını qoydu. İran səfəri isə münasibətlərdə dönüş nöqtəsi yaratdı. Bu səfəri Bakı-Tehran münasibətlərində əsas addım kimi dəyərləndirən ekspertlər yaxınlaşmanın elə cənub qonşumuzun da maraqlarına cavab verdiyini qabardırlar. Belə ki, bölgə və dünyada gedən geosiyasi hadisələr fonunda Azərbaycan prezidentinin Tehrana getməsi İranla qərb arasında münasibətlərin istiləşdiyi, həmçinin qərbin Rusiyadan qaz asılılığını azaltmağa çalışdığı bir dönəmə təsadüf edib. Səfərin nəticəsindən görünür ki, görüş, qonşuluq münasibətlərimizə bir istilik gətirəcək. Bütün qarşıya qoyulan məqsədlərə çatmaq mümkün olacaq və birgə səylərlə İran-Azərbaycan əlaqələri daha yüksək pilləyə qaldırılacaq.

Prezidentin Tehran səfərinin nəticələrini şərh edən Dövlət Akademiyasının Siyasi Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər namizədi, politoloq Elman Nəsirov səfərin ikitərəfli münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd edib. Onun sözlərinə görə, görüş, həllini gözləyən müəyyən məsələlərin müzakirəsi və onlardan çıxış yollarının tapılması üçün də önəm daşıyır: "Səfər çərçivəsində məlum oldu ki, dövlətlərimizin münasibətləri inkişaf tempinə malikdir. Bunu hər iki ölkənin prezidenti bəyanatlarında səsləndiriblər”.

Azərbaycan üçün maraqlı olan bir sıra məsələlərin müzakirə olunduğunu deyən ekspert bildirib ki, səfər çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə olunub: "İran Prezidenti ilə yanaşı, İranın Ali Dini rəhbəri Seyid Əli Xamneyi də Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını və bu məsələdə Azərbaycana dəstək verdiyini vurğuladı. Bundan başqa, Xəzərin hüquqi statusu ilə bağlı məsələ prezidentlər arasında müzakirə olunub”. E.Nəsirlinin qənaətincə, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında ortaq məxrəcə gəlinməsi çox əhəmiyyətli məqamlardır: "Son zamanlar regionda böyük proseslər gedir. Rusiya-Ukrayna arasındakı gərginlik fonunda enerji və hərbi əməkdaşlıq məsələləri xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısının Tehrana səfəri bu spektr məsələlər üzrə qarşılıqlı razılaşmaların əldə edilməsi baxımından da çox mühüm bir səfərdir”.

Ayyət Əhməd