
4 ruhi xəstə dispanserdən qaçıb
“Onların qaçış barədə düşünməsi, bunu həyata keçirmək üçün yollar, üsullar axtarmasına təəccüb etməməliyik”“İstəyir dəli olsun, istəyir ağıllı, əgər mühit insanı qane etmirsə, darıxdırıcıdırsa və ya insana hansısa şəkildə basqı, təzyiq varsa, dəli də qaçır, ağıllı da”
Maştağadakı psixi xəstəxana 4 xəstəni küçəyə "ötürüb”. Niyə hadisəni belə ifadə etdik, çünki analoji hal ötən il də baş vermişdi. Həm də 3 dəfə ard-arda. Ötən il qaçanlar arasında konkret cinayət əməlində təqsirli bilinən məhkumlar da vardı. KİV-də gedən məlumatlara görə, budəfəki qaçış 1 saylı Ruhi-Əsəb Dispanserinin 9 saylı psixiatriya şöbəsində müalicə alan xəstələr tərəfindən gerçəkləşdirilib.
Əslində, ciddi şəkildə mühafizə edilməli olan şöbədən xəstələrin necə, hansı şəraitdə qaçmaları təbii ki, sual doğurur. Və nəzərə alsaq ki, eyni hadisələr artıq bir neçə dəfədir ki, təkrarlanır, demək, dispanserin mühafizə sistemində problemlər var.
Məsələyə aydınlıq gətirən İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında bildirdi ki, ruhi xəstələrin dispanserdən qaçmasına qeyri-mümkün hal kimi baxılmamalıdır:

- İstəyir dəli olsun, istəyir ağıllı, əgər mühit insanı qane etmirsə, darıxdırıcıdırsa və ya insana hansısa şəkildə basqı, təzyiq varsa, dəli də qaçır, ağıllı da. Heyvanlar da bəzən qəfəsdən qaçır. O qədər belə hadisələr baş verir ki. Halbuki, insanın, hətta ruhi xəstə olsa belə, şüuru heyvanla müqayisə edilə bilməz. Bu gerçəkdən çıxış edərək söyləyə bilərik ki, ruhi xəstələrin qaçış barədə düşünməsi, bunu həyata keçirmək üçün yollar, üsullar axtarmasına təəccüb etməməliyik. Həm də ruhi xəstələr müxtəlifdir. Bu, onlarda şizofreniya dərəcəsindən asılıdır. Bəzisində az, bəzisində
artıq dərəcəyə rast gəlinir. Elə ruhi xəstələr var, çılğın olmurlar, kifayət qədər sakit, sözəbaxan olurlar. Elələri də var, əksinə, aqressiv, ətrafdakı insanlara kəskin reaksiya verir, dalaşqan tipli olurlar. Ruhi-əsəb dispanserində xəstələr dərəcələrinə görə fərqli şəraitdə saxlanmalıdır. Xüsusən, cinayət əməli törətmiş şəxslər. Bilirik ki, dispanserdə cinayət törətmiş adamlar da saxlanılır. Onlara xüsusi nəzarət olmalıdır. Və belə şəxslər digər xəstələrdən təcrid edilməlidir. Amma bunu da nəzərə almalıyıq ki, dispanser həbsxana deyil. Oranın mühafizə sistemini həbsxananın mühafizə sistemi ilə eyniləşdirmək olmaz. Ruhi-əsəb dispanserini həbsxanaya çevirmək həm ictimai maraqlara, həm də insan hüquqlarına zidd olardı. Sadəcə, xəstələrə nəzarət güclü olmalıdır, onlar daim diqqət altında saxlanmalıdırlar, hərəkətlərinə, davranışlarına diqqət edilməlidir. 4 xəstənin dispanserdən qaçması həqiqətən də sual doğurur ki, bu, necə baş verib? Dispanserin mühafizə sistemi niyə normal qaydada işləmir? Mühafizəyə cavabdeh əməkdaşlar harada olub ki, xəstələr çölə çıxıblar? Son vaxtlar ruhi-əsəb dispanserindən qaçışların sayının artması göstərir ki, orada mühafizə və nəzarət lazımi qaydada deyil. Ümumiyyətlə, psixiatrik xəstəxanada xəstələr üçün şərait də normal deyil. Bunu açıq demək lazımdır. Xəstələrin qaçması isə həm də bunu göstərir ki, mühafizə sistemi də zəifdir, xəstəxana lazımi şəkildə qorunmur.
İ.Altay cinayət törətmiş şəxslərin ruhi-əsəb dispanserinə salınmasında maraqlı məqamlar olduğunu dedi:
- Şəxsin cinayət törətdiyi an hansı ruhi vəziyyətdə olduğunu müəyyənləşdirmək çox çətindir. Bəzən şəxsə məhkəmə-tibbi ekspertizası arayış verir ki, həmin anda bu, anlaqsız vəziyyətdə olub. Amma elə şəxslər var ki, ruhi xəstədirlər və cinayət törədirlər. Məhkəmə tibbi-ekspertiza bunu müəyyən etməlidir ki, şəxs cinayəti törətməmişdən əvvəl ruhi xəstədir, yoxsa cinayət törətdiyi anda hansısa təsirlərdən anlaqsız vəziyyətə düşüb. Belə mütəxəssislər təəssüf ki, azdır. Məhkəmə-tibbi ekspertiza sahəsində ayrıca məhkəmə psixiatriyası var. Bu sahəni öyrənmək üçün Kiyevdə, Moskvada təhsil alırlar. Düzdür, bəzən şəxsi cinayət məsuliyyətindən yayındırmaq üçün ona saxta ruhi xəstə sənədi düzəldilir və həmin adam məcburiyyət qarşısında bir müddət ruhi-əsəb dispanserində qalmalı olur. Elələri də var ki, həqiqətən ruhi xəstədirlər, amma cinayət əməli törədiblər. Ruhi vəziyyəti həmin adamı cinayət məsuliyyətindən azad edir. Ancaq bu o demək deyil ki, o, sərbəst qalmalı və cəmiyyət arasında dolaşmalıdır. Şəxsin təhlükəlilik dərəcəsi nəzərə alınaraq o, daim nəzarət və mühafizə altında olmalıdır. Çünki belə insanlar yarı cinayətkar, yarı xəstədirlər. Onlarla davranmaq ikiqat ağırdır və onlar daha təhlükəlidirlər. Bizim təcrübədə belə hala rast gəlinmişdi. Hələ sovet vaxtı bir nəfər cinayətkar ruhi xəstə olduğu üçün dispanserə yerləşdirilmişdi. Bir gün məlum oldu ki, həmin adam dispanserdən qaçıb, evinə gəlib və dəhşətli qətl törədib. Həmin adam 5 övladını balta ilə qətlə yetirmişdi. Digər bir hadisə isə Rusiyada olmuşdu. O zaman ağır çəkili, məşhur bir idmançı psixiatriya xəstəxanasının hasarını əlləri ilə uçurub oradan qaçmışdı, sonra onun sorağı Pribaltika ölkələrindən gəldi. Heyrətli idi ki, bu adam necə gedib ora çıxmışdı. Belə təhlükəli hallar nəzərə alınaraq ruhi-əsəb dispanserlərinin mühafizəsi, nəzarət sistemi güclü təşkil edilməlidir. Çünki bu insanlardan hər cür hərəkət gözləmək olar. Məncə, hüquq-mühafizə orqanları qaçmış xəstələrin tez bir zamanda tapılıb, dispanserə qaytarılması üçün səy göstərməlidirlər. Bizim DİN-in buna kifayət qədər gücü var.
Məlahət Rzayeva