QARABAĞın hər tərəfinə işıq düşür

Dünya gücləri tələsir, Ermənistan məyusdur, Rusiya da anlamağa başlayır




Son zamanlar Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqların ölü nöqtədən tərpənişi müşahidə olunur. Rusiya Krımı ilhaq etdikdən sonra dünyanın nüfuzlu təşkilatları da sözügedən münaqişənin çözülməsi barədə mütəmadi bəyanatlar səsləndirir. Dünyanın gözü artıq münaqişəyə yönəlib. Bəzi mənbələr iddia edirlər ki, Rusiya prezidenti Vladimir Putin də artıq yumşalıb. Mənbə bildirir ki, Rusiya, Qazaxıstan və Belarusiya prezidentlərinin Astana görüşündə Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevin "Ermənistan birliyə Dağlıq Qarabağsız daxil ola bilər” fikirləri əslində Putinə məxsusdur.

Sadəcə, Kreml rəhbəri deyəcəklərini Nazarbayevin dili ilə çatdırıb. Düşmən ölkə parlamentinin spikeri Qalust Saakyan isə ötən günlərdəki çıxışında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan "miatsum” hərəkatının iflası barədə acı etiraflar edib. O, keçən həftə Serj Sarkisyanın Astanada etdiyi bəyanata dəstək verib. Spiker S.Sarkisyanın "Qarabağ bu gün Ermənistanın tərkib hissəsi deyil” fikirlərini təsdiqləyib: "Əlbəttə, Dağlıq Qarabağ Gömrük İttifaqına girə bilməz, çünki hüquqi baxımdan tanınmamış "dövlətdir”. Ermənistan tərəfi bu cür bəyanatlarla Dağlıq Qarabağın onlara məxsus olmadığını aydın şəkildə etiraf edir. Bu kimi məsələlər deməyə əsas verir ki, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli yaxın perspektivdə baş tuta bilər.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında qeyd edib ki, son dövrlər informasiya məkanında Dağlıq Qarabağa dair məlumatlar daha da intensivləşib. Deputatın sözlərinə görə, informasiyaların əksəriyyəti Avrasiya İttifaqı kontekstində cərəyan edir: "Nazarbayevin kəskin, haqlı və cəsarətli mövqeyi əsas verdi ki, məsələyə bir daha qayıdılsın. İstənilən beynəlxalq təşkilatlara alternativ olmaq istəyən AİB əməllərində hüquqi tələblərə cavab verən prinsiplər təyin etməlidir. Bu baxımdan zənn edirəm ki, Dağlıq Qarabağ probleminin ölü nöqtədən tərpənməsi perspektivləri güclənə bilər”.

Millət vəkilinin qənaətincə, Qərb Azərbaycanı Rusiyadan qoparmaq üçün nələrsə etməyə çalışır: "Qarabağ məsələsinə həssaslıqla yanaşdıqlarını əvvəlkindən daha fərqli şəkildə qabardırlar. Rusiya da nəzərə alır ki, Azərbaycan kifayət qədər mühüm siyasi və iqtisadi mərkəzdir. Qafqazlarda söz sahibidir. Qərblə geniş transformasiyaya malikdir. Belə olan halda bizim üçün ən başlıca iş beynəlxalq təşəbbüslərdən maraqlarımıza uyğun istifadə etməkdir”.

Z.Oruc deyib ki, Azərbaycan AİB-yə qoşulmaq barədə danışıqlara gedərsə, şübhəsiz ki, dövlətin siyasi elitası bunu ölkəmizin maraqları çərçivəsində gündəmə qoyacaq: "Ölkə başçısı İlham Əliyevin məktubunun Ermənistana güclü zərbə olmasını düşmən tərəfinin özü də etiraf edir. Söhbət ondan gedir ki, Azərbaycan bu kontekstdə münaqişənin həllini gələcək siyasi addımlarının mərkəzinə qoymaqdadır. Münaqişəni həll etmədən Azərbaycanı hansısa bloklara qatmaq çətin olacaq”.

Ayyət Əhməd