ATƏT-ə ümidlər qalmayıb

Fövqəladə bir hadisə baş verməsə, Qarabağ münaqişəsinin həlli gözlənilmir



Qarabağ münaqişəsinin həll edilməməsi ATƏT-in Minsk Qrupunun haqlı tənqid edilməsinə səbəb olur.
Vasitəçiləri növbəti dəfə tənqidə məruz qoyan isə Xocalının deputatı Elman Məmmədov oldu. Dəfələrlə həmsədrləri qınadığını bildirən millət vəkili yeni bir təklif də verib:

"Bu institut yarandığı gündən indiyə qədər özünün fəaliyyəti və yaxud fəaliyyətsizliyi nəticəsində bu problemin həllini tezləşdirmək, həll yolunu tapmaq istiqamətini götürməyib. Onların məqsədi sanki pərdəarxası problemin həllini ləngitməyə yönəlib. Çünki Minsk Qrupunun həmsədr dövlətlərinin özlərinin Cənubi Qafqaz regionunun bir hissəsi olan Azərbaycanda, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ məsələsində maraqları toqquşur. Həmişə bu ziddiyyətlər olub. Bu gün Ukrayna məsələsi ilə bağlı bu ziddiyyətlər daha da kəskinləşib. Belə həmsədrlikdə təmsil olunan dövlətlərdən danışıqlar prosesində nəsə müsbət nəticə gözləmirəm. Dəfələrlə belə bir təklif vermişəm, bu vasitəçilik mandatı onlardan alınmalıdır. Çünki onlar bütün etimadı itiriblər. Geniş bir format tətbiq olunsa, xüsusilə, BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində bir mandat tətbiq olunsa, bəlkə daha əlverişli olar. Qarabağ məsələsinin taleyi milli maraqları, mənafeləri biri-birilə toqquşan, biri-birilə zidd olan 3 dövlətin fikrindən yox, 15-16 dövlətin fikrindən asılı olsa, səs çoxluğu yaranar. Bununla da Qarabağ münaqişəsinin həlli tezləşər”. Bu sözləri ilə deputat konfliktlə daha geniş masştabda, yəni BMT səviyyəsində məşğul olunmasını istəyir.

Amma ekspertlərin Minsk Qrupundan imtina, problemin BMT-də həlli variantına fərqli münasibət bildirirlər.

Sabiq dövlət müşaviri Vəfa Quluzadə deyir ki, Qarabağ münaqişəsinin həllini tapmaması prosedurla bağlı deyil: "Ortada dünya güclərinin və xüsusən də rəsmi Bakının iradəsi olmalıdır. Bakı bütün nəticələri və gələcək addımları götür-qoy etməlidir. Ümumilikdə, Minsk Qrupunun işi qeyri-real və imitasiya xarakterlidir. 20 il göstərdi ki, bu qurum problemin nizamlanması ilə bağlı əməli mexanizm hazırlaya bilmir. Bu da yenə deyirəm ki, formatdan, prosedurdan asılı deyil. Sadəcə, həmsədr ölkələrin maraqları üst-üstə düşərsə və onlar problemi beynəlxalq prinsiplər əsasında həll etməyə hazır olarsa, münaqişənin həlli mümkündür. Amma biz görürük ki, maraqlar üst-üstə düşmür. ATƏT və digərləri ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərini eyniləşdirir, başqasının torpaqlarını zəbt edəni təcavüzkar adlandırmır və ya münaqişə tərəfini nizamlanmanın baza prinsipini qəbul etməyə məcbur etmək istəmir. Bu halda hansı razılıqdan, həldən danışmaq olar?”. BMT məsələsinə gəldikdə isə politoloq deyib ki, əslində, Qarabağ münaqişəsini bu təşkilat həll etməlidir: "Çünki beynəlxalq hüquqa əsasən dünyada baş verən təcavüzlərə BMT reaksiya verir. Mən razıyam ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin 4 qətnaməsi var. Amma söhbət ondan gedir ki, bu qərarlar hələ də yerinə yetirilmir. Buna səbəb isə Rusiyanın nüvə dövləti olmasıdır. BMT Azərbaycanın işğal edilən torpaqlarının geri qaytarılması istiqamətində addımlar atmaq üçün Rusiyadan çəkinir. BMT və digər beynəlxalq təşkilatlar imkanları daxilində çalışırlar ki, münaqişənin həllində səy göstərsinlər. Amma Rusiya amilini də unutmurlar”.

Politoloq Qabil Hüseynli isə BMT-nin münaqişənin həlli yolunda nəsə edə biləcəyinə inanmır: "BMT istəsə, Qarabağ konfliktinin həlli istiqamətində real addımlar ata bilər. Amma 25 ilə yaxındır bu təşkilatın işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılması ilə bağlı qərarı yerinə yetirilmir. Bununla paralel BMT də həmin qərarın icrası istiqamətində hələ də ciddi addımlar atmır. BMT özü hazırda məsələnin həllini Minsk Qrupunun üzərinə yükləyib. Minsk Qrupu da real nəticələr əldə etmək barədə düşünməkdən uzaqdır. Digər tərəfdən, BMT-də bildiyiniz kimi, əsas söz sahibi olan dövlətlər heç də bütün məsələlərdə vahid mövqedən çıxış etmirlər. Bu da onların maraqlarından irəli gəlir. Maraqlar üst-üstə düşən münaqişə və digər problemlərin həlli istiqamətində həmin supergüclər səylərini birləşdirərək, həllə nail olur. Bu ölkələrin maraqlarında ziddiyyət yarananda isə, hər hansı beynəlxalq problemləri həll etmək də müşkül məsələyə çevrilir. Dağlıq Qarabağ məsələsində görünən odur ki, həmsədr ölkələr olan Rusiya və ABŞ arasında vahid fikir yoxdur. Belə olan halda indiki situasiyada münaqişənin sülh yolu ilə həlli istiqamətində BMT kimi mötəbər bir qurumun hansısa real addımlar ata biləcəyi də gözlənilmir. Həm də dediyim kimi onlar həll prosesini Minsk Qrupunun öhdəsinə buraxıblar”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, Azərbaycan hökuməti və ictimaiyyəti, əslində, ATƏT-dən bundan artıq nəsə gözləməməlidir. Onun sözlərinə görə, problemin həll olunmaması nə Azərbaycandan, nə də ATƏT-dən asılıdır: "Böyük dövlətlər, o cümlədən də ATƏT bu problemin həllində aciz qalıb. Çünki dondurulmuş münaqişələrin həlli çətinlik yaradır. Xatırlayırsınızsa, ATƏT-in Astana sammitinin sonuncu günü yekun bəyanatın qəbul edilməsi hansı çətinliklərlə müşayiət olundu. Konkretlik, əsası olmayan ortaq bir bəyanat qəbul olundu ki, orada da Dağlıq Qarabağ probeminin həllindən heç bir söz açılmırdı. Çünki bəyanatda sitat gətirilən beynəlxalq aktlarda xalqların öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü prinsipləri var. Dağlıq Qarabağ problemini də bu prinsiplərin ikisi birdən ödəmir. Bir sözlə, danışıqlar dalana dirənib. Məncə, daha ATƏT-dən heç nə gözləməyə dəyməz. Hər hansı fövqəladə hadisə baş verməlidir ki, Qarabağ məsələsinin həllində irəliləyiş olsun”. Bununla belə, E.Şahinoğlunun fikrincə, Minsk Qrupunun vasitəçiliyindən imtina etmək düzgün siyasət deyil: "O zaman belə çıxacaq ki, Azərbaycan kimdənsə qorxur, çəkinir və ya müharibə qərarı verib. Bütün istiqamətlərdə işləmək lazımdır. Sadəcə, böyük gözləntilərimiz də olmamalıdır. Həmsədrlər gəlməlidirlər, danışmalıyıq, öz prinsiplərimizi deməliyik. Amma bilməliyik ki, həmsədrlər bu prosesi sürətləndirə bilmirlər. Prosesin sürətlənməsi üçün isə Ermənistana təzyiq edilməlidir. Heç kim də Ermənistana təsir barədə düşünmür”. BMT müstəvisində problemə baxışa gəldikdə isə politoloq həmkarlarının fikirlərini bölüşüb. Yəni ki, BMT-nin 4 qətnaməsi yerinə yetirilmirsə, maraqlar üst-üstə düşmürsə, o zaman bu format uğursuzluq olmasa da, uğur da qazandırmayacaq.

Anar Bayramoğlu