Zakir Həsənov istefa ərizəsi yazmayıb

Müdafiə Nazirliyi yayılan məlumatları təkzib etdi



Yeni Müdafiə nazirinin istefası ilə bağlı bəzi media orqanında yayılan xəbərlər öz təsdiqini tapmayıb. Müdafiə Nazirliyi Kütləvi İnformasiya Vasitələrində "Zakir Həsənov istefa ərizəsi yazıb” başlıqla yayılan məlumatlara reaksiya verib. Nazirliyin rəsmi məlumatında deyilib:

"Bu gün bəzi kütləvi informasiya vasitələrində "Zakir Həsənov istefa ərizəsi yazıb” başlıqlı məlumatlar yayılıb. Bu kimi xəbərlərin yayılması ictimaiyyət arasında ordu haqqında yanlış fikrin yaranması və aparılan islahat-quruculuq işlərinin şübhə altına alınması məqsədini güdür, eyni zamanda Silahlı Qüvvələrin rəhbərliyində təəssüf hissi doğurur. Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrdə Nizamnamələrin tələblərinə uyğun vahid komandanlıq tərəfindən idarə olunan sağlam, həmrəy və yekdil hərbi kollektiv formalaşıb və ordu quruculuğu prinsiplərinə, subordinasiya qaydalarına uyğun hərbi xidmət təşkil olunub. Mətbuatda yayılan bu məlumatın heç bir əsası yoxdur və yalnız uydurma xarakteri daşıyır”.

Hərbi ekspert Azad İsazadə isə hesab edir ki, Zakir Həsənovun istefa ərizəsi yazması ilə bağlı yayılan məlumatlar heç də inandırıcı deyil: "Vəzifəyə yeni təyin olunan nazirin işdən azad olunması üçün onun çox böyük bir səhvi olmalıdır. Nazirin özünün ərizə yazması üçün də səbəb görmürəm. Bəzən olur ki, hər hansı bir vəzifəli şəxsin kiçik səhvi böyüdüləndə, yaxud da o öz doğruluğunu sübuta yetirmək üçün ərizə yazsın. Amma ərizə yazmaq hələ işdən azad olunmaq demək deyil. Müdafiə Nazirliyi hərbi strukturdur və rəhbər şəxsin təyinatı və ya işdən azad olunması birbaşa Ali Baş Komandanın əmri ilə həyata keçirilir”.

Hərbi ekspertin sözlərinə görə, bu xəbərin yayılma səbəbləri anlaşılmazlıqdır: "Ola bilsin ki, məlumatı alan şəxs nəyisə düzgün başa düşməyib və bu cür yazıb”. Zakir Həsənovun istefa xəbərinin bilərəkdən maraqlı qüvvələr tərəfindən yayılmasına gəldikdə isə A.İsazadə belə bir ehtimalın olmasını düşünmür: "Azərbaycan daxilində Zakir Həsənova qarşı olan maraqlı qüvvələr görmürəm. Bu mənada onun istefası ilə bağlı yayılan xəbərlərin kompromant olduğunu düşünmürəm. Bəlkə də elədir? Amma mən ehtimal vermirəm. Sabiq müdafiə nazirinin ətrafında doğrudan da mürəkkəb bir proseslər cərəyan edirdi. Nazirliyin daxilində ona qarşı işləyən qüvvələr də vardı, cəmiyyət də, jurnalistlər də ona birmənalı münasibət sərgiləmirdi. Amma konkret olaraq bu gün nə kollektivdə, nə cəmiyyətdə Zakir Həsənova qarşı çıxışlar yoxdur. Mediada yer alan tənqidlər də konkret olaraq yeni nazirin ünvanına edilmir. Narazılıqlar daha çox struktur dəyişikliyi ilə bağlıdır”.

Şəymən