Millət vəkili erməni deputatların Bakıya gəlişinə etiraz edir

“...Düşmənin evimdə nə işi var? Onlarla nə söhbət etmək olar?”





Erməni deputatlar Bakıya gələcək. NATO Parlament Assambleyasının "Roz Rot” seminarı çərçivəsində Bakıda keçiriləcək beynəlxalq tədbirdə düşmən ölkə parlamentinin deputat qrupu da iştirak edəcək. Bu barədə Ermənistan parlament üzvü Koryun Naapetyan bildirib.

Naapetyanın sözlərinə görə, onlar tədbirdə son günlər cəbhənin Naxçıvan istiqamətində insan tələfatı ilə nəticələnən insidentləri diqqətə çatdıracaqlar: "Nümayəndə heyətinin rəhbəri kimi qeyd etmək istərdim ki, biz mütləq cəbhə xəttində baş verən son insidentlərə də diqqət yönəldəcəyik”.

Xatırladaq ki, NATO Parlament Assambleyasının "Roz Rot” seminarı iyunun 16-18-də Bakıda baş tutacaq.

Separatçı ölkə parlamentarilərinin Bakıya gəlişini dəyərləndirən millət vəkili Elman Məmmədov "Şərq”ə açıqlamasında bunun əleyhinə olduğunu söyləyib: "Məsələ barədə əvvəllər də münasibət bildirmişəm. Hazırda da həmin mövqeyimdəyəm. Ola bilər, kimlərsə desin ki, beynəlxalq tədbirdi, normal yanaşılmalıdı. Bəziləri deyir ki, qoyun, gəlib-getsinlər, qurub-yaratdıqlarımıza baxıb, partlasınlar. Hər kəsin öz fikri var. Amma mən qəbul etmirəm. Müharibə vəziyyətindəyik. Ermənilər tarixi düşmənimiz kimi, son 200-300 ildə ərazilərimizi işğal ediblər. Son 23-24 il ərzində də Azərbaycan torpaqlarının 20 faizi işğaldadır. 1 milyondan artıq insanımız qaçqın-köçkün düşüb. Bu necə düşmənçilikdir ki, biri Ermənistana gedir, biri də ordan bura gəlir? Qəbulolmazdı”.

Millət vəkili qeyd edib ki, düşmənlə düşmən kimi rəftar etmək lazımdı: "Adam kişi kimi düşmənçilik edər. Düşmənin evimdə nə işi var? Onlarla nə söhbət etmək olar? Bu gediş-gəlişə etiraz edirəm. Yurdundan-yuvasından didərgin düşmüş, soyqırıma məruz qalmış vətəndaş kimi belə şeyləri absurd sayıram”.

Ayyət Əhməd