“Əhməd İmanquliyevin uğrunda sona qədər mübarizə aparacağıq”

Əlibala Əsgərov: “92-ci illərdə mənim evimə bomba yerləşdirən banditi indi gətirib, Marneuliyə icra başçısı seçmək istəyirlər”


"Hanı bizə "tatrebi” demiyəcəkdilər? Nə oldu indi "tatrebi”nin biri bir qəpik oldu? Bu milli zəmin deyil?”. Bunu "Şərq”in qonağı olan, suallarımızı redaksiyada cavablandıran Gürcüstanda, konkret olaraq oradakı azərbaycanlıların kompakt yaşadığı Borçalı mahalında fəaliyyət göstərən "Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov deyib. O bildirib ki, Borçalı türklərinin bitib tükənməyən problemləri düzəlmək əvəzinə, daha da çoxalır.

Borçalı camaatına qarşı Gürcüstan hakimiyyətinin münasibətinin heç də yaxşı olmadığını deyən müsahibim bildirdi ki, hakimiyyətlə etnik azərbaycanlılar arasındakı körpülər yanmağa doğru gedir. Münasibətlərin irəliləmək əvəzinə, geriyə addımladığını vurğulayan "Qeyrət” sədri deyir ki, müxtəlif əngəllər, ikili standartlarla yanaşmalar, milli mənsubiyyət məsələsinin qabarması artıq təhlükəli tendensiyanın formalaşdığından xəbər verir. Bir neçə gün öncə Qardabani rayonundakı qarşıdurmadan, Marneulinin icra hakimiyyətinə keçiriləcək seçkilərdən, azərbaycanlıların namizədi olan Əhməd İmanquliyevin qeydiyyatının ləğvindən danışan Ə.Əsgərov ilk öncə bu günlərin əsas problemi olan, gediş-gəliş məsələsinə toxunub. Onun sözlərinə görə, bir həftədir ki, Gürcüstan-Azərbaycan sərhəddində borçalıları məyus edən, incidən problem yaşanır. Problem isə, Borçalı əhalisinin Azərbaycan ərazisinə keçərkən, burada qeydiyyata düşməsi ilə bağlıdır...

- Azərbaycan ərazisinə daxil oldunsa, 3 gün müddətində qeydiyyata düşməlisən. Əgər qeydiyyata düşməsən, geriyə qayıdanda böyük məbləğdə, bir nəfər üçün 3 yüz manat cərimə ödəməli olacaqsan. Bununla Borçalı əhalisinə qarşı qərəz nümayiş olunur. Azərbaycan bütün dünya azərbaycanlılarının Vətənidir. Mən Vətənimə gəlirəmsə, qeydiyyatdan keçməliyəm. Bu, dünyanın heç yerində olmayan qaydadır.
Burada məqsədin nə olduğunu anlaya bilmirəm. Qanunun olmasını başa düşürəm. Amma istisnalar da olmalıdır axı. Gürcüstanda yaşayan azərbaycanlılarla, ingilisə və ya rusa fərq qoyulmalıdır. Mən necə soydaşam ki, Malayziya, Kamboca vətəndaşı ilə heç bir fərqim yoxdur? Bu qaydaların tətbiqindən borçalılar məyus və kəskin narazıdırlar. Bunu birdəfəlik anlamaq lazımdır ki, bir ananın 2 övladı Borçalıdadırsa, iki övladı da Bakıdadır. Qanunu yazanlar, parlamentdə qəbul edənlər düşünməlidirlər ki, bəzi məsələlər var ki, bu, qanunla həyata keçirilmir, istisnalar olmalıdır. Ortada soydaşlıq, azərbaycanlılıq və kimlik məsələsi də var. Bu haqda ciddi düşünmək lazımdır.

- Gürcüstanın indiki hakimiyyətindən Borçalı türklərinə təzyiqlərin olduğu haqqında informasiyalar alırıq...

- Gürcüstanın indiki hakimiyyəti 1992-ci ildə olan hakimiyyətdə olan kriminal qüvvələrdən təşkil olunub. Ötən əsrin 1990-cı illərində oradakı türklərin başına oyun açanların əksəriyyəti indi Marqvelaşvili hakimiyyətinin ətrafına toplaşıblar. Təbii ki, bunlar da əvvəlki kimi yenə də Borçalı əhalisinə qarşı təzyiqlər edirlər. Gürcüstan hökuməti deyir ki, Azərbaycanla strateji tərəfdaşlıq, dostluq münasibətlərimiz var. Digər yandan da, Azərbaycanın milli maraqlarına zidd hərəkətlərə göz yumurlar. 3 ildir ermənilər Tbilisidə "Şuşanın alınması” bayramı keçirirlər. Şuşanı işğal etdikləri günü, bunlar "azad edilməsi” kimi qeyd edirlər. Gürcü hökuməti isə susur. Ermənilərə təbii ki icazə verən dövlətdir, Gürcüstan rəhbərliyidir. Budur qardaşlıq? Bu yandan Gürcüstanın baş naziri Cavaxetiya bölgəsinə gedib, iki erməninin əlini göyə qaldırıb, hər birinin icra başçısı seçilməsi üçün iqtidar partiyasından namizəd kimi irəli sürür. Borçalı camaatının isə namizədinin qarşısını alır. Bu gün Marneuli rayonundan icra hakimiyyəti üçün səs ala biləcək ən real namizəd Əhməd İmanquliyevdir ki, onu min bir bəhanə ilə seçkidən kənarlaşdırdılar.

- Əhməd İmanquliyev Borçalı camaatı arasında nüfuzludur? Bu adamın kimliyi maraqlıdır...

- Ə.İmanquliyevin atası türkməndir. SSRİ-nin son dönəmlərində atası Marneulidə hərbi xidmətdə olub. Bu zaman elə Marneulidə yaşayan bir yunan qızı ilə evlənib. Sonra ailəsini də götürüb Türkmənistana gedib. İki il orada yaşadıqdan sonra, yunan qızı həyat yoldaşından ayrılıb, Marneuliyə gəlib. Burada da Əhmədi azərbaycanlıya verib, çıxıb gedib. Əhməd də bir azərbaycanlı ailədə böyüyüb, Marneulidə yaşayıb. Çox istedadlı, savadlı bir gəncdir. Jvaniya adına İdarəçilik Akademiyasını bitirib, ingilis, rus, gürcü dillərini mükəmməl bilir. Özünün indiki kimliyində özünü azərbaycanlı kimi təqdim edir. İmanquliyevi istəməyən qüvvələr, Gürcüstanın milli təhlükəsizlik orqanları, bu orqanların azərbaycanlılar arasında olan əməkdaşları bir məsələni şişirdirlər ki, bu adam türkdür. Atası türkməndir, Azərbaycan türkünün ailəsində böyüdüyünə görə türkləri müdafiə edəcək. Bundan Gürcüstan hakimiyyəti narahatdır. Ona görə də, Borçalının böyük hissəsini əhatə edən Marneulinin icra başçısının belə bir şəxs olmasını istəmirlər. İstəmədiklərindən də maneələr yaradırlar.

- Gürcüstanın MSK rəhbəri bildirdi ki, İmanquliyev iki il müddətində ölkə ərazisində yaşamadığına görə, namizədliyi ləğv edilir. Yəni qanunun tələbi budur...

- Göstərilən səbəb saxtadır. Birincisi, İmanquliyev Gürcüstan qeydiyyatından çıxmayıb, buranın vətəndaşıdır. Sadəcə, işləri ilə əlaqədar olaraq 3 ay Qazaxıstanda qalıb. Pasportunda ölkədən çıxış və ölkəyə giriş haqqında möhür var. Ona görə də göstərilən səbəb bəhanədir. Bu adam iki il ölkədən kənarda olmayıb, yalan deyirlər. İkincisi də ki, lap elə kənarda olub. O zaman sual olunur ki, Fransa vətəndaşı olan İvanişvili necə oldu ki gəldi, kampaniya keçirdi, baş nazir oldu? Həmçinin, Saloma Zurabaşvili var, xarici ölkə vətəndaşıdır, amma Gürcüstanda siyasi partiya lideridir. Necə olur ki, bu şəxslərə icazə var, amma İmanquliyevə olmaz?

- Maraqlı məqamlardan biri də seçkilərə 10 gün qalmış, İmanquliyevin namizədliyinin ləğv edilməsidir...

- Əlbəttə ki, bu, qanunsuzluqdur. Adam gəlib təbliğat aparıb, camaatın namizədinə çevrilib. Amma gəlib seçkilərə az qalmış adını siyahıdan çıxardılar. Bu, gürcü hökumətinin siyasi qərarıdır. İstəmirlər ki, Borçalı qalası olan Marneuli rayonundan icra başçısı azərbaycanlı seçilsin. Hakimiyyət müşahidə etdi, gördü ki, İmanquliyev seçiləcək. Çünki Marneulidəki seçicilərin 78 faizi azərbaycanlılardır. Həmin seçicilərin də demək olar ki, hamısı Ə.İmanquliyevi seçəcəklər. Bunun qarşısını ala bilməyəcəklərini gördülər, başladılar müxtəlif saxta bəhanələr gətirməyə. Bunun bir adı var - diskriminasiya. Borçalı Gürcüstanda diskriminasiyaya məruz qalır.

- Qeyri-rəsmi məlumatlara görə, Əhməd İmanquliyev ətrafına dindarları toplayıb...

- Qeyri-rəsmi də olsa, bu, həqiqətdir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, indiki hakimiyyət Saakaşvilinin hakimiyyəti zamanı müsəlmanlara təzyiq olunduğunu deyirdi. İvanişvili bu insanları apardı, evində Ramazan bayramında iftar süfrəsi açdı. Orada bu müsəlman liderlərini İvanişvili aldatdı ki, hakimiyyətə gələn gündən sizin problemlərinizi həll edəcəm, tələblərinizi yerinə yetirəcəm. Bu günə kimi həmin problemlərdən 1 faiz də həll olunmadı, tələblərə baxılmadı. Həmin dindarlar bu gün hakimiyyətdən incikdirlər, özlərini aldadılmış hiss edirlər. Buna görə də indi həmin dindar kəsim Ə.İmanquliyevi dəstəkləyirlər, onun ətrafındadırlar. Sadəcə bu hakimiyyət verdiyi sözü tutmadığına görə Borçalı insanları, dini kəsimi, ictimai şəxsləri bunlardan üz döndərib.

- Əvvəlki hakimiyyətin də zamanında borçalıların problemləri vardı axı...

- Bilirsiz, 1991-92-ci illərdə Borçalı türklərinin evinə girən quldurlar, evlərimizə silah qoyan bandit dəstəsi indi hakimiyyətə gətirilib. O vaxt mənim evimə bomba yerləşdirən banditi indi gətirib, Marneuliyə icra başçısı seçmək istəyirlər. Ümumiyyətlə onu deyim ki, İvanişvili koalisiyasının bu gün Gürcüstanda nüfuzu azala-azala gedir. Bunun da səbəbi kriminal qrupların yenidən rəhbər strukturlara gətirilməsindədir.

- Bizim Gürcüstan parlamentində üç millət vəkilimiz var. Onlar bu məsələlərə niyə biganə qalırlar, Borçalının problemlərini niyə qaldırmırlar?

- Deputatlardan biri Azər Süleymanovdur ki, mütəmadi olaraq problemləri aidiyyəti qurumlar qarşısında qaldırır, xalqın sözünü deyir. Amma o, müxalifətin təmsilçisi olduğuna görə, sözü də müxalifətçi fikri kimi qəbul edilir. Təkliflərinə, sadaladığı problemlərə də baxılmır. Digər deputatlar, Əli Məmmədovla Mahir Dərziyev isə İvanişvilinin "Gürcü arzusu” koalisiyasının azərbaycanlılar arasındakı partiya vəkilləridirlər. Onlar millət vəkili kimi fəaliyyət göstərmirlər, partiyalarının maraqlarını müdafiə edirlər. Ona görə də borçalılar bu iki şəxsdən heç nə gözləmir.

- İmanquliyevin namizədliyinin ləğvinə görə Marneulidə aksiya keçirildi. Bunun bir effekti oldumu?

- Düzdü, iki dəfə böyük etiraz aksiyası keçirildi. Amma namizədlik yenə də ləğv edildi. Hətta Gürcüstanın DİN rəhbəri aksiya ilə bağlı borçalıları hədələyən açıqlama da verdi. Bildirdi ki, seçki bitəndən sonra aksiya məsələsinə yenidən qayıdılacaq, tədbir görüləcək. Guya ki, aksiyaçı azərbaycanlılar dövlət binalarına daxil olublar. Bu düzgün deyil, yalandır. Sadəcə bizim məsələyə gələndə, kriminal dildə danışırlar. Sabah (bu gün-A.B) İmanquliyevin namizədliyi ilə bağlı məhkəmənin son qərarı olacaq. Biz bu qərarı gözləyirik. Qərardan sonra addımlarımızı atacağıq. Məsələ ondadır ki, MSK İmanquliyevin belə nüfuzlu olacağını hesablamamışdı. Ona görə də, seçkilərə 10 gün qalmış qeydiyyatını ləğv etdilər.

- İlk dəfədir ki, Gürcüstanda rayon icra başçıları, merlər seçki yolu ilə keçirilir səhv etmirəmsə...

- Bəli, bu ilk dəfədir. İndi demirlər ki, icranı özünüz seçin? İmkan versinlər seçək, imkan vermirlər axı. Mən nəyə görə Topçuişviliyi müdafiə edib, ona səs verməliyəm? 8 aydır Marneulidə rəhbərdir, azərbaycanlılar üçün hansı işi görüb? Hansı ki, rayonun 78 faiz əhalisi azərbaycanlıdır. Bu 8 ayda icra başçısı gəlib, bir azərbaycanlı müavin yeri var ki, onu da indiyədək boş saxlayıb. Biz əminik ki, İmanquliyev qeydiyyata alınsa, o seçiləcək. Saxtakarlıq edə bilməzlər. Biz səsimizi qorumağı bacaracağıq, haqqımızı da onun kimi. Sona qədər Əhməd İmanquliyevi müdafiə edəcəyik.

- Bu məsələ necə həllini tapa bilər?

- Azərbaycan hökuməti müəyyən addımlar ata bilər. Məsələn, Gürcüstan hökumətinə iki sual ünvanlanmalıdır ki, nədən Cavaxetiyada iki erməninin namizəd olmasına şərait yaradılır, amma Borçalının bir namizədinə imkan verilmir. Sayca ermənilər azərbaycanlılardan azdırlar. Kompaktlığa görə ermənilər dağınıqdır, borçalılar isə birlikdədir. Bir maraqlı məqam da var. Kabuleti rayonunun seçicisinin sayı cəmi 5 mindir, amma ora şəhər statusu verilib, mer seçilir. Marneulinin isə seçicisinin sayı 65 mindir, amma şəhər statusu almayıb. Bu, ikili standartlarla yanaşmanın bariz nümunəsidir. İkinci bir dəhşətli rəqəm isə ermənilərlə azərbaycanlıların müqayisəsindədir. Təsəvvür edin ki, Cavaxetiya bölgəsindən icra başçılığına iki nəfər namizəd, yerli idarəetməyə isə 398 nəfər namizəd göstərilib. Amma əhalisinə görə azərbaycanlılar çox olan Borçalıdan icra başçılığına azərbaycanlılardan bir namizədi qeydə almırlar, yerli idarəetməyə isə 220 nəfərə yaxın namizəd göstərilib. Həmçinin, Borçalıda 70 nəfərdən artıq idarəetmə strukturlarına ermənilərin namizəd kimi adı göstərilib. Bu, açıq diskriminasiya deməkdir.

Anar Bayramoğlu