Bu gün müəllimlərin imtahanıdır

Onlar 2 saat ərzində 80 sualı cavablandırmalıdırlar





Bu gün müəllimlərin ilk sınaq qiymətləndirilməsi keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi 10-13 iyun tarixlərində keçiriləcək müəllimlərin sınaq qiymətləndirilməsinə dair yeni məlumat açıqlayıb. Məlumatda imtahanların vaxtı, ixtisas fənləri üzrə qrafik təqdim olunub.

Qrafikə uyğun olaraq sınaq "imtahanları” səhər saatlarında (10:00 - 12:30) və günün ikinci yarısı (15:00 - 17:30) keçiriləcək. Bu gün - 10 iyun tarixində ibtidai sinif müəllimləri və rus dili və ədəbiyyatı (rus bölməsində), 11 iyunda riyaziyyat və Azərbaycan dili və ədəbiyyatı, rus bölməsində Azərbaycan dili də daxil olmaqla, 12 iyun tarixində ingilis dili, informatika, tarix, GÇQH, biologiya, sonuncu gün - 13 iyunda isə fizika, coğrafiya, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək hazırlığı, alman və rus dili (Azərbaycan bölməsində) müəllimləri sınağa çəkiləcək.

Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq. Müəllimlər 2 saat ərzində 80 sualı cavablandırmalıdırlar. İmtahanda 40 sual ixtisas fənni, 20 sual metodika, 20 sual isə müəyyən kommunikativ qabiliyyətlərin ölçülməsi ilə bağlıdır.

Qiymətləndirmə keçirildikdən təxminən 1 həftə-10 gün sonra nəticələr bilinəcək.

Sınaq qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin fəaliyyətindəki boşluqları aradan qaldırmaq üçün təlimlər, yenidən hazırlıq, ixtisasartırma kursları təlimləri təşkil ediləcək və müəllimlər bu təlimlərə cəlb olunacaq.

Qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlər üçün isə həvəsləndirici tədbirlərin tətbiq olunacağı bildirilir.

Bu məlumatla yanaşı, BŞTİ paytaxt məktəblərinin rəhbərlərinə də müraciət edib. İdarənin müraciətinə səbəb sınaq qiymətləndirməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif söz-söbhətlərin yayılmasıdır. BŞTİ-dən APA-ya verilən xəbərə görə, müəllimlərin "qaynar xətt”ə etdikləri müraciətlər və idarənin rəsmi "Facebook” səhifəsində verilən suallar cavablandırılır və bu barədə çıxan narahatlıqlar operativ olaraq aradan qaldırılır: "Çoxsaylı müraciətlərə əsasən əldə olunan məlumata görə, bəzi məktəb rəhbərliyində olan şəxslər Sınaq Qiymətləndirilməsinin nəticələrindən gələcəkdə müəllimlərə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklərini bildirirlər. Bununla əlaqədar bildiririk ki, əslində Sınaq Qiymətləndirilməsinin mahiyyəti, məqsədi müəllimləri hədə, qınaq obyektinə çevirmək yox, onların peşəkar inkişaf istiqamətlərini, karyera inkişafını müəyyənləşdirmək, nəticə yönümlü əməkhaqqı sistemini stimullaşdırmaq, təhsil verənin daim öz bilik və bacarıqlarını artırması üçün münbit şərait yaratmaqdır. Sınaq Qiymətləndirilməsinin nəticələrinə görə heç bir müəllim sistemdən kənarlaşdırılmayacaq. Sınaq Qiymətləndirilməsindən keçməmə anlayışı yoxdur, çünki burada hər hansı bir keçid minimumu müəyyənləşdirilməyib. Aşağı nəticə göstərmiş müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif mexanizmlər tətbiq ediləcək.

Qeyd edək ki, neqativ halların araşdırılması və tədbirlərin görülməsi birbaşa Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir. Bildiririk ki, bu kimi mənfi hallara qarşı mövqeyimiz qəti və barışmaz olacaq”.

Məlahət Rzayeva