“Məsələni belə qoymayacağıq”

Sərhəddən buraxılmayan QAT sədri Naxçıvandan keçərək Bakıya qayıdıb



Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Təbliğat Turu Çərçivəsində Türkiyədə tədbirlərini başa vurub. Lakin iyunun 6-da avtobusla Azərbaycana dönən nümayəndə heyəti Türkiyə-Gürcüstan gömrük buraxılış məntəqəsində problemlə üzləşib.

Belə ki, gürcü gömrükçülər nümayəndə heyətinin digər üzvlərini ölkə ərazisinə buraxsalar da, QAT sədri Gürcüstana buraxılmayıb və geri qaytarılıb. Məsələni dəqiqləşdirmək üçün A.Nağı ilə əlaqə saxladıq. Qurum rəhbəri yaşanan olayla bağlı "Şərq”ə ətraflı məlumat verdi: "Mayın ortalarında Gürcüstana səfər etdik və orada görüşlər keçirdik. Müxtəlif QHT rəhbərləri, alimlər, rəsmi və qeyri-rəsmi şəxslər, sadə insanlarla birlikdə müzakirələr apardıq. Hər yerdə məsələni bu şəkildə qoyurduq ki, "Qafqaz bizim ümumi evimizdir, amma ermənilər bu evin narahat sakinləridir”. Gürcüləri də bizimlə bir yerdə ermənilərin təxribatına, işğalçı hərəkətlərinə qarşı durmğa və hər fürsətdə düşmənlərin separatçılıq siyasətini ifşa etməyə çağırırdıq. Çünki gürcülər də ermənilərdən əziyyət çəkirlər. Elə bu niyyət və missiya ilə may ayının sonunda Türkiyəyə bir həftəlik səfər etdik və orada eyni qaydada görüşlər keçirdik. Görüşlər bitdikdən sonra avtobusla Gürcüstan vasitəsilə Azərbaycana qayıtmaq qərarına gəldik. Amma Batumi yaxınlığındakı sərhəd-keçid məntəqəsində heyət üzvlərinin hamısını buraxsalar da, məni saxladılar”.

A.Nağı çox çalışsa da, buraxılmamağının səbəbini öyrənə bilməyib: "Bir dənə kağız yazıb verdilər ki, sənin Gürcüstan ərazisinə girməyin qadağandır. Hətta mənə fiziki güc də tətbiq etdilər. Sərhədin Gürcüstana aid olan hissəsindən çıxartdılar. Türkiyə polisi ilə yaranmış vəziyyəti düzəltməyə çalışdıqsa da, heç nə alınmadı. Mən Azərbaycanın Qars konsulluğuna zəng etdim. Oradan isə mənə dedilər ki, məsələ bizim səlahiyyətimizdə deyil, problemi Gürcüstan tərəfi həll etməlidir. Bundan sonra Batumidəki Azərbaycan konsulluğu ilə əlaqə saxlamağa çalışdım. Ancaq çox təəssüflər olsun ki, 2 saat zəng etməyimə baxmayaraq, konsulluqdan telefonlarıma cavab verən tapılmadı. Yeri gəlmişkən, XİN-in bu məsələyə də diqqət yetirməsini istəyirəm. Axı o necə konsulluqdu ki, durmadan iki saat zəng edirsən, ancaq sənə cavab verən olmur. Belə çıxır ki, orada heç kim çalışmır.

Nəysə, orada gözləməyin mənasız olduğunu görüb, Ərzuruma qayıtdım. Oradan Naxçıvana keçərək hava yolu ilə Azərbaycana döndüm”.

QAT sədri səfirliklərin bu məsələ ilə bağlı məşğul olacaqlarını bildirib: "Eşitdim ki, heyət üzvləri Azərbaycana keçən kimi Gürcüstanın ölkəmizdəki səfirliyinə müraciət ediblər. Onlar məsələ ilə məşğul olacaqlarını deyiblər. Eyni zamanda Azərbaycanın Gürcüstandakı səfirliyi də problemi araşdıracağına söz verib. Şəxsən mənim mövqeyim bundan ibarətdir ki, Gürcüstanda apardığımız anti-erməni təbliğatı öz "bəhrəsini” verib. Yəqin, məni "qaralayan” erməni lobbisi öz gücünü işə salaraq təzyiq variantından istifadə edib. Bu da çətin məsələ deyil. Çünki Gürcüstanda yüksək vəzifədə olan ermənilər çoxdur. Əlbəttə, məsələni belə qoymayacağıq. Bu gün (dünən) bizim nümayəndə məktubla Gürcüstan XİN-inə və səfirliyinə gedəcək. Tələb edirik ki, Gürcüstan dövləti öz dili ilə bu məsələyə aydınlıq gətirsin və ölkəyə buraxılmamağımın konkret səbəbini göstərsin. Axı mən heç vaxt Gürcüstanın əleyhinə danışmamışam”.

İsmayıl