Şeyx vəhhabilərə qarşı açıq savaş elan edib

Bu çağırışlar mövcud olan situasiyanı daha da gərginləşdirə bilər



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ölkənin din xadimlərinə müraciət edərək, radikal dini qruplaşmaların basqısından qorxmamağa çağırıb. QMİ nəzdində təkmilləşdirmə kurslarının ilkin mərhələsinin yekunları ilə bağlı tədbirdə çıxışı zamanı A.Paşazadə bildirib ki, əsl dindarlar ayıq-sayıq olmalıdırlar.

Şeyx əvvəlcə mətbuatdan din xadimləri ilə bağlı yazılanlara etirazını bildirib: "Mətbuatda dinin birtərəfli qaydada təbliği gedir. Telekanallarda pirlərdən, falçılıqdan və digər eybəcərlikdən danışılır. Amma media pisliklərlə yanaşı, yaxşılığı da deməlidir. Mən demirəm pislikdən yazmayın. Yazın. Amma bunun yaxşı olanları da var axı”.

Şeyx mətbuatda dinin pis tərəfdən təbliğinə səbəb olan dindarlardan da danışaraq, dindarları onlara qarşı mübarizə aparmağa çağırıb: "Ölkədə din xadimi adı ilə təhlükəli, saxta adamlar peyda olub ki, onlara din xadimi demək olmaz. Əsl dindarlar haqqı söyləyərək onlara qarşı ayıq-sayıq olmalıdır. Siz çəkinməyin, bu gün hansısa vəhhabi, uzun saqqalı-filan ağzına gələni danışır. Hətta şiələr arasında da radikallıq nümayiş etdirənlər var. Məsələn, fətva verir ki, get filankəsin başını kəs. Belə hala qarşı qorxmayın, əksinə, haqqın tərəfində olaraq onlara imkan verməyin”. Şeyx din xadimlərinə çıxışlarında yalnız haqqı söyləməyi məsləhət görüb: "Sizə çağırış edirəm, din xadimləri dini radikallığa qarşı konkret mövqelərini ifadə etməlidirlər”.

İlahiyyatçı-alim Elşad Miri isə Şeyxin din xadimlərini radikal dini qruplaşmalara qarşı savaş açmaq çağırışını düzgün hesab etmədiyini deyib: "İlk növbədə Şeyxin din xadimlərinə çağırışının səbəbləri araşdırılmalıdır. Maraqlıdır ki, hansı səbəbdən Allahşükür Paşazadə radikal dini qruplaşmalara qarşı bu cür sərt tədbirlər görmək məcburiyyətində qalıb. Digər tərəfdən də bütün Qafqaz müsəlmanları adından danışmaq səlahiyyəti olan bir adam bütün təriqətlərə və mənsəblərə qarşı tolerant yanaşmağı da bacarmalıdır. Eyni zamanda mənsəblərarası mübahisəni sülh yolu ilə sakitləşdirməlidir. Şeyxin din xadimlərinə çağırışı isə mövcud olan situasiyanı daha da gərginləşdirməyə yönəlib. Hesab edirəm ki, şeyxin radikal dini qruplaşmalara bu cür münasibəti qəti şəkildə yolverilməzdir. Bu, problemdən çıxış yolu deyil. Din xadimləri mövcud problemi təriqətlərə savaş açaraq yox, dinc şəkildə aradan qaldırmalıdır. Dinin vəzifəsi insanlara sevinc, mərhəmət hissi aşılamaqdır. Bu cür aqressiv çıxışları quruma qarşı son zamanlar səsləndirilən iradlara adekvat cavab kimi dəyərləndirirəm. Radikallığın qarşısını almaq üçün hardasa ümumi görüşlər keçirmək, insanları sülhə, əmin-amanlığa səsləmək əvəzinə, şeyx az qala təriqətlərarası davanı stimullaşdırır. Başqa dövlətlərin din xadimləri kimi Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyindən də gözləmək olar ki, ən azı cümə xütbəsi çərçivəsində dindarlar arasında islamla bağlı mühazirələr oxusunlar. İslamla bağlı insanlarda sual doğuran məsələlərə aydınlıq gətirsinlər. Amma təəssüflə qeyd etməliyəm ki, QMİ bu gün dini məsələlərdən çox siyasətlə maraqlanır. Artıq cəmiyyət arasında QMİ-ni hansısa bir rəsmi qurumun şöbəsi kimi tanıyırlar. İdarə rəhbərliyi isə bu fikirləri aradan qaldırmaq əvəzinə, insanlar arasında daha da çaşqınlıq yarada biləcək, fitnə-fəsadlara səbəb olacaq məsələlərə toxunaraq gündəmdə qalmağa çalışırlar”.

Şəymən