Qaz və işığın qiyməti 3 il dəyişməyəcək?

İqtisadçı-ekspert belə proqnozun verilməsini doğru saymır



"2014-2017-ci illərdə Azərbaycanda elektrik enerjisi və qaz tarifləri dəyişməz qalacaq”. Bu barədə "Fitch Ratings” agentliyinin "Azərenerji” ASC-nin reytinq fəaliyyəti ilə bağlı məlumatında deyilir. Bu proqnozlar enerji operatorunun özünün gözləntilərinə əsaslanır. Məlumatda deyilir ki, ölkədə elektrik enerjisi tarifləri tez-tez dəyişmir və sonuncu belə dəyişiklik 2007-ci ildə olub.

Agentliyin analitiklərinin fikrincə, tariflərin "xərclər üstəgəl” prinsipi üzrə müəyyən edilməsi mexanizmi enerji şirkətləri üçün əlverişlidir. Əcnəbi agentliyin araşdırmasına münasibət bildirən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı-ekspert Rövşən Ağayev qiymət artımı ilə bağlı verilən proqnozun həqiqəti əks etdirmədiyini deyib: "Əvvəlcə onu deyim ki, qiymətlərin artıb-artmayacağını proqnozlaşdırmaq həmin agentliyin vəzifəsi deyil. Agentliyin missiyası neft şirkətlərinin fəaliyyətini, maliyyə hesabatlarını araşdırmaqdır. Onların qiymət məsələsinə müdaxilə etməsi təəccüblüdür. O ki qaldı üç il ərzində qiymətlərin artmayacağına, Azərbaycanda istənilən qiymət artımını neft-qaz şirkətlərinin özü müəyyən edir. Amma yaxın üç ildə elektrik enerjisi və qazın qiymətinin qalxıb-qalxmayacağını proqnozlaşdırmaq çətindir. Çünki strukturlardakı mövcud idarəetmə səhih proqnoz verməyə imkan vermir. Normal idarəetmə olan şirkətlərdə bir qayda olaraq kommunal xidmətlərin tarifləri üçün müəyyən qrafiklər tərtib olunur. Misal üçün, Baltik ölkələrində belə qrafiklər tətbiq edilib. Yəni qiymətlərin bazar şəraitinə uyğunlaşdırılması üçün hökumət qrafik hazırlayıb. Yaxın 5 il ərzində rüblər üzrə nə qədər qiymət artımı olacağı konkret şəkildə əvvəlcədən qeyd olunub. Bu üsul şəffaflıq baxımından çox önəmlidir. Çünki artıq insanlar bilir ki, ilin hansı rübündə nə qədər artım olacaq. Eyni zamanda subyektləri də bir növ bu artıma hazırlayırlar”.
İqtisadçının sözlərinə görə, bizdə əsas öhdəlik hökumətin üzərinə düşür. Çünki Azərbaycanda mövcud olan bütün neft-qaz şirkətləri dövlətin mülkiyyətində və nəzarətindədir: "Tariflərin tənzimlənməsi birbaşa hökumətin səlahiyyətindədir. "Fitch Ratings”in belə bir proqnoz verməsi üçün hökumətin bununla bağlı yaxın 5 ildə, ən azı isə yaxın 3 ildə öz konsepsiyası olmalıdır. Ümumiyyətlə götürdükdə, bizdə enerji paylaşdırıcı şəbəkələr, kommunal şirkətlərin maliyyə fəaliyyəti qeyri-şəffafdır. Onların xərclər strukturu, xərclərin həcmi, gəlirlərinin miqdarı bilinmir. Məsələn, siz jurnalist kimi hansısa bir enerji şirkətinin gəlir mənbələrini və gəlir həcmini öyrənmək istəsəniz, heç bir məlumat əldə edə bilməyəcəksiniz. Belə şəraitdə elektrik və qaz enerjisinin qiymətləri barədə dəqiq proqnoz vermək inandırıcı deyil. Doğrudanmı Azərbaycanda bir kilovat elektrik enerjisinin dəyəri 3 və ya 4 qəpikdir? Bəlkə korrupsiya olmasa, 2 qəpik olacaq”.

İsmayıl