Onların çoxu Rusiyadan gələnlərdir

“Təklif edirəm ki, təcili olaraq bütün sürücülərin psixi durumu, sosial vəziyyəti, sürücülük vəsiqələri ciddi yoxlanılsın”



İctimai nəqliyyatdakı nöqsanlar azalmır. Xeyli vaxtdır ictimai nəqliyyatda kartla ödəniş sisteminə keçilməsinə baxmayaraq, sərnişin avtobusları yenə biri-birini qovhaqovdadı. Məqsəd də birdir: irəlidəki dayanacağa bacardıqca tez çatıb sərnişin "ovlamaq”. Səbəb də birdir: qazanc əldə etmək və plan vermək. Pul və plan söhbəti ortadan qaldırılmış olsaydı, sürücülər həm sərnişinlərin, həm də öz həyatlarını risk altına alıb biri-biri ilə ötüşməyə girişməzdilər.

Avtobusların yollarda təhlükəli ralli yarışı düzənləmələrinə ictimai nəqliyyatdan mütəmadi istifadə edənlər şahid olur. Bu azmış kimi, sükan arxasında əyləşmiş şəxslər qeyri-etik ifadələrə yol verir, hətta söyüş və təhqirlər də səsləndirirlər. "Şərq” qəzeti bir neçə dəfə belə halları qeydə alıb və öz səhifələrində işıqlandırıb. Sürücülərin saymazlığı, sərnişinlərə qarşı kobudluğu dəfələrlə müzakirə predmeti olub. Lakin görünən budur ki, ictimai nəqliyyata cavabdeh qurumlar və şəxslər bu sahədə hər hansı ölçü götürməyə tələsmirlər. Nəqliyyat Nazirliyi ildə bir-iki dəfə reyd keçirir, bir-iki sürücünü cərimələyir, bununla da işini bitmiş hesab edir.

İqtisadçı-professor Zahid Məmmədov isə belə hesab edir ki, ictimai nəqliyyat nəinki bir şəhərin, bütövlükdə ölkənin mədəni səviyyəsinin göstəricisi olduğundan əlaqədar qurumlar bu sahəyə ciddi fikir verməli və əsaslı, köklü dəyişikliklər aparmalıdırlar:

- Mən dəfələrlə bu barədə demişəm, yenə deyirəm ki, ictimai nəqliyyatda vəziyyət bərbaddır. Hətta faciəvidir. Nəqliyyatın intellektual idarə edilməsi sistemi də heç nəyə yaramadı. Dayanacaqlara monitorlar, avtobuslarda validatorlar (plastik kartlardakı məlumatları oxuyan qurğu - red.) quraşdırmaqla iş bitmir. Öncə sürücülərə mədəni olmağı öyrətsinlər. Sürücülərin 90 faizi sürücülük vəsiqəsini pulla, qeyri-qanuni yolla alanlardır. Onlar ictimai nəqliyyatın idarə olunmasını bilmirlər. Bilirsiz, bu məsələlərə ötəri yanaşmaq olmaz. Burada söhbət insanların taleyindən gedir. Bir sürücü 50-60 nəfər insanın taleyinə cavabdehlik daşıyır. Əvvəlcə o sürücü bunu anlamalıdır. Bunu anlasa, sükan arxasında məsuliyyətli olar. Sürücülüyü bacarmırsa, sükan arxasına keçməz. Amma anlamırlar, hansı məsuliyyəti daşıdıqlarının fərqinə varmırlar. Birtəhər işləyim, pul qazanıb, kimlərəsə haqq verim. Təklif edirəm ki, təcili olaraq bütün sürücülərin psixi durumu, sosial vəziyyəti, sürücülük vəsiqələri ciddi yoxlanılsın. Onların çoxu Rusiyadan gələnlərdir. İşsiz insanlardır, pul verib, sürücülük vəsiqəsi alırlar, əyləşirlər sükan arxasına. Şəhəri tanımırlar, insanlarla davranış qaydalarını bilmirlər, etika, mədəniyyət yoxdu bu insanlarda. Təcili surətdə ictimai nəqliyyatda "plan” söhbəti yığışdırılmalıdır. Biz 21-ci əsrdə yaşayırıq, "plan verirəm”, "məndən plan istəyirlər” nə deməkdir? Bu, biabırçılıqdı. Sürücü pul yığmaz!.. Sürücünün sərnişinlərlə ödəmə məsələsində heç bir kontaktı olmamalıdır. Elektron idarəetmə, elektron ödəniş sistemi buna görədir. Hər bir vətəndaşın elektron cüzdanı olmalıdır. Cüzdanı yükləməlidir və ictimai nəqliyyatdan istifadə etməlidir. İctimai nəqliyyat şəhərin güzgüsüdür. Əgər biz 21-ci əsrin Bakısından danışırıqsa, bilməliyik ki, hazırkı sərnişin nəqliyyatı, ictimai nəqliyyat çoxdan nimdaşa çevrilib. Bilmirəm, nəyi gözləyirlər? Hələ nə qədər insan tələfatı olmalıdır ki, nəhayət, bizimkilər ayılsın?! Mən hər zaman demişəm, bu şəraiti düzəltmək üçün İstanbul bələdiyyəsinin təcrübəsindən öyrənmək lazımdır. Bircə illiyinə İstanbul bələdiyyəsi ilə müqavilə bağlasınlar, Bakıya dəvət etsinlər, bununla iş bitir. Onlar ictimai nəqliyyatı yoluna qoyarlar. İstanbul bələdiyyə avtobuslarına, avtobus sürücülərinin geyiminə, davranışlarına baxsınlar. Hamısı səliqəli, təmiz, üzü təraş olunmuş vəziyyətdə, qalstukda sükan arxasında əyləşirlər. Bizimkilərin heç üzünə baxmaq istəmirsən. Oturacaqları nə gündədir, əyinlərindəki köynək kirli, üzləri tüklü. Bir sürücü ki, sükan arxasında meyxanaya qulaq asır, siz ondan etika gözləyirsiz? İş başında, şit, bayağı mahnıları bütün avtobus boyu səsləndirirlər. Bu, yoldur, avtobus hərəkətdədir, ictimai nəqliyyat hədsiz ciddilik, məsuliyyət tələb edən peşədir. Bilmək olmur, sürücü iş başındadır, yoxsa meyxanada, konsert salonunda. Ona görə də diqqətləri yayınır, qəza törədirlər. Bu məsələlər təcili həllini tapmayınca, biz Bakıda normal ictimai nəqliyyat görməyəcəyik.

Məlahət Rzayeva