“Yazıçılar Birliyinə sədr olmaq ağlımın ucundan da keçmir”

Mövlud Süleymanlı: “Həm də istərdim ki, gənclər gəlsin. Yaşlı adamlar cavanlara yol verməlidirlər”



İyunun 17-də Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcək. Artıq rayon təşkilatlarında konfranslar keçirilib, qurultay nümayəndələri müəyyənləşdirilib. Azərbaycan ictimaiyyətini maraqlandıran məsələ qurultayda hansı dəyişikliyin olacağıdır. Müxtəlif fikirlərə, proqnozlara inansaq, Xalq yazıçısı, hazırkı sədr Anar yenə də postunda qalacaq. Elə katiblikdə də hansısa dəyişikliyin olacağı gözlənilmir. Hər zaman olduğu kimi budəfəki qurultayla bağlı fikirlər də müxtəlifdir. Tənqid olunan əsas məsələ isə Anarın sədrlikdə qalması məsələsidir.

Qurultayla bağlı fikirlərini öyrəndiyimiz Xalq yazıçısı, AYB-nin qocaman üzvlərindən olan Mövlud Süleymanlı bildirdi ki, bu ali tədbirlə elə də yaxından maraqlanmır. O hazırda yazı yazmaqla məşğul olduğunu deyir...

- Hazırda məktub yazıram.

- Kiməsə məktub yazırsız, yoxsa əsərdir?

- Əlbəttə əsərdir. Ümumiyyətlə, yazılanların hamısı əsərdi məncə.

- Nə zaman çap edəcəksiz?

- Hələ gözləyin. Məktub ünvanına yetişsin, çap etdirərəm.

- AYB-nin qurultayı keçiriləcək. Hazırsızmı qurultaya?

- Hazır olmaq bilmirəm nəyə deyirsən. Amma mən həmişə hər şeyə hazıram. Hər zaman ayaq üstəyəm.

- Qurultayla bağlı nə fikirləşirsiz?

- Mən qurultay haqqında yox, yazılarım haqqında düşünürəm. AYB-nin qurultayı asan bir şeydi. Burda fikirləşiləsi nə var ki, mən də fikirləşim. Tədbirdi, keçiriləcək, sədr seçiləcək. Qalan da olduğu kimi qalacaq. Nə dəyişəcək ki? Məncə heç nə də dəyişməyəcək.

- Sizcə, kim sədr seçiləcək?

- Mən bilmirəm kim seçiləcək, sədr kim olacaq. Şəxsən mən özüm istəməzdim AYB sədri olum. Nəyimə lazımdır ki? Qurultay nümayəndəsiyəm. İndi namizəd kim olacaq, baxacam, içindən birinə səs verəcəm.

- Ad çəkin Mövlud müəllim...

- Namizədlər kim olacaq? Mən axı bilmirəm namizədlər kim olacaq.

- Anar müəllim namizəd olacaq yəqin ki. Katiblərdən də namizəd ola bilər...

- Baxaq da. Səs verəcəyim adamın kimliyini qurultay günü, tədbirin gedişində müəyyənləşdirəcəm.

- Bəlkə bir neçə yazıçı təşəbbüs qaldırdı ki, Mövlud Süleymanlı da namizəd olsun...

- Yox yəqin ki.

- Niyə AYB sədri olmaq istəmirsiz ki?

- Vallah, mənim yaşım artıq keçib. Bundan sonra sədr olmaq ağlımın ucundan da keçmir. Həm də istərdim ki, gənclər gəlsin. Yaşlı adamlar cavanlara yol verməlidirlər. Amma gərək cavan da ağıllı ola.

- İndi deyirsiz ki, 1500-dən çox üzvü olan AYB-də ağıllı cavan qələm adamı yoxdur?

- Əlbəttə var. Ağıllı, istedadlı adamlar var. Amma onların əli bir az boş kimidir. Bir az əllərini doldursalar yaxşıdı.

- Belə başa düşdüm ki, Anar müəllimə çağırış etdiz ki, sədr olmasın...

- Mən elə bir şey demədim axı. Ümumiyyətlə deyirəm ki, gənclər önə çıxmalıdırlar.

- Deyəsən, AYB-nin qurultayına əhəmiyyətsiz  yanaşırsız...

- Bilirsən, mən sovetlər dönəmində AYB-yə necə bağlanmışamsa, o bağ hələ də qalır. Yəni, üzv kimi oradayam. Amma təşkilatın işlərində yaxından iştirakçı deyiləm. Anar dostumdur, razıyam ondan, idarəçiliyindən. Digər dostlarım da var orada. Mənimlə bağlı AYB-də heç bir problem yoxdur.

- Sizinlə bağlı problem olmasa da, hər halda yazıçıların problemləri çoxdur...

- Bu onların özlərindən asılıdır. Bəyəm mənim problemimi AYB həll edib ki? Hamısını özüm yoluna qoymuşam. İşləmişəm, zəhmət çəkmişəm, boş vaxtım olmayıb. 70 yaşım var, bu 70 ildə boş günümü xatırlamıram. Ədəbiyyat adamı olaraq hər zaman yazılarımla məşğul olmuşam, çalışmışam. İndi bəzi yazarlar deyir ki, AYB bizə baxmır. Mən başa düşmürəm, ora problemlərin həll olunduğu yerdi ki? Bəlkə o yazarlar üçün AYB yazı da yazsın? Bilirsiz, biz bir az gücənirik, xəbərimiz də yoxdur. Yerdən iki kilo daşı 200 kilo kimi qaldırırıq. Yəni məsələləri son dərəcə şişirdirik. Bu şişirtmə lazım deyil məncə.

- Dediniz ki, təşkilati rəhbərliyə gənclər gəlməlidirlər. Məsələn, hansı gənc yazıçı AYB sədri ola bilər?

- İstedadlı, bacarıqlı adamlar irəli gəlsinlər. Mən konkret AYB sədrliyini nəzərdə tutmuram, ümumiyyətlə, deyirəm. Gənclik elə gözəllik deməkdir. Amma yenə deyirəm, gənc, gözəl olmaqla bərabər ortaya qoyduğu iş də gözəl olsun. Həmçinin hörmət də qazanmalıdırlar. İndi özün dedin ki, yazarların problemləri var. Düzdü, razıyam, problemlər var, həm də çoxdur. O problemlər də bəzilərini yolundan sapdırıb, istədiyi yolla gedə bilməyib. Bu mənada istedadı seçmək tam mümkün deyil. Biz yaşlılar da, gənclər də düşünməliyik ki, ədəbiyyatımız onlardan asılıdır.

- Gəncləri oxuyursuzmu? Ədəbiyyatda qala biləcək kimləri görürsüz?

- Əlbəttə oxuyuram. Amma əlim bir az boşa çıxır. Bizimlə onların arasında xeyli zaman var ki, həmin zaman kəsiyi sanki boşluqdur. Amma istedadlı qələmi olan gənclərimiz var. Məsələn, Alik Əlioğlu, Aysel Əlizadəni qeyd edə bilərəm. Oxuduqlarım, adlarını çəkmədiklərim də var. İndi hamısının adı yadıma düşmür. Məsələn, elə Aqşin Yeniseyin özü istedadlı şairdir, yaxşı yazıları var. Bəzən bu adamların bir cümləsi məni ayağa qaldırır, düşünürəm ki, bu nə gözəl yazıb, necə düşündürücüdür. Amma onların özləri bu işin arxasınca getməli, sapmamalıdırlar. Zaman gedir. Çalışmalıdırlar ki, gedən vaxt əleyhlərinə olmasın. 20-30 ildən sonra düşünməsinlər ki, bu qədər illər keçdi, amma ömür-gündən başqa ortada heç nə yoxdur. Gərək 30 ildən sonra arxalarına baxanda, yaratdığı əsərləri görsünlər.

- Aqşin Yenisey demişkən, o da xəstə yatır. Maraqlanmısızmı səhhəti ilə?

- Nə deyim, Allah şəfasını versin, şəfa arzulayıram. Düzdü, onun mənə münasibəti bildiyimə görə, heç də yaxşı deyil. Amma bu mənim üçün əsas deyil. Əsas olan onun istedadlı olmasıdır ki, buna görə sağlığına qovuşub, ortaya yaxşı mətnlər qoymasını arzulayıram. Aqşin gərək istedadına yiyəlik etsin. İstedad insana arada verilir, bundan istifadə etməsən, işıq kimi sönür.

- Gənclər Anar müəllimi qınayırlar ki, niyə bir qənirəyə yaxındır sədrdir, kreslosunu təhvil vermir...

- Anarın qədrini sədrlikdən gedəndən sonra biləcəklər. Daha heç nə demirəm.

- Yəni deyirsiz ki, Anar müəllim sədr olmasa, birlik dağılacaq?

- Onsuz da indi AYB cəmiyyətin təsəvvür etdiyi kimi bir qurum deyil. Şəxsən bir təşkilat kimi Yazıçılar Birliyi mənim üçün yoxdur. Orada dostlar var, yaxşı yazıçılar var. Mən münasibətlərimi təşkilata görə saxlamıram. Ümumiyyətlə, yazıçıya AYB lazımdır ki? Yazıçılar Birliyi "JEK” kimi bir orqandır indi. Anar müəllim də oturub orada, sədr kimi funksiyasını yerinə yetirir. Burda nə var axı ki, gənclər belə hiddətlidirlər. Mən anlaya bilmirəm açığı. O narazılar istəyirlər ki, yerlərinə yazı yazan olsun, əsərlərini AYB çap elətdirsin, oradan pul alsınlar? Bu cür istəyirlər?

- Yox, sizin kimi deyirlər ki, AYB "JEK” kimi bir qurumdur, sovetlər dönəmindən qalıb, bağlansın...

- Onlara demək istəyirəm ki, bu cür yüklənməklə, düşüncələrini xərcləməklə boş işlə məşğuldurlar. Bu mənasız açıqlamalarla, AYB-yə, Anara yüklənməklə heç nəyə nail ola bilməyəcəklər. Ədəbiyyat təvazökarlıq, yaxşı mətnlər, ədəb-ərkan, tərbiyə istəyir. Böyüyə-kiçiyə hörmət etmək lazımdır. Zəhmətkeş olsunlar, mənasız alverdən uzaq dayansalar cəmiyyətdə də hörmətləri olacaq, ədəbiyyatda da adları qalacaq. Cığalçılıqla nəyə nail olacaqlar ki? Ədəbiyyat tərbiyə məkanıdır. Kim hansı mərifətin sahibidirsə, etdiyi işlər də o mərifətdə üzə çıxacaq, tarixdə qalacaq. Sözə qiymət vermək lazımdır. Bu cür qaragüruhçuluq nəyə lazımdır.

- Amma belə tənqidlər, mübahisələr də olmasa, durğunluq yaranır...

- Mən başa düşürəm. Düzdü, gənclik passivdirsə, durğunluq başlayacaq. Bunu istəməzdim. İndi gənclərdə tükürpədici sözlər olur ədəbiyyat naminə. Buna heyfim gəlir. Amma digər yandan da qeybət edirlər, dedi-qodu ilə məşğul olurlar. Buna getməsinlər. Zəlimxan Yaqub demişkən, bu yaşıl ağacın üstü Allahın, altı bizimdir. Ədəbiyyat budur. Yazsınlar, mənim Anarın, Elçinin qabağına əlidolu çıxsınlar. O zaman mən həmin yazara baş əyməsəm, onda desinlər. Yoxsa Anar niyə AYB sədridir, Elçin niyə o postda oturub, AYB dağılsın deməklə, dedi-qoduyla məşğul olmaq, cılızlıqdır. Açığını deyim ki, mən bir az da bu gənclərdən asılıyam. İstəyirəm mənim yazmaq istədiyim, amma zamanım çatıb yaza bilmədiyimi, onlar yazıb doldursunlar. Amma onlar nəinki mənim yazmadıqlarımı, yazdıqlarımı da təkrar yaza bilmirlər.

- Mövlud müəllim, sizcə, əhalisinin sayı 9 milyon olan Azərbaycanın Yazıçılar Birliyinin 1500-dən çox üzvünün olması çox deyilmi?

- Elə 9 milyon əhalinin hamısı təşkilatın üzvü olsun, nə mənası var ki? Bu sayın olması heç nəyi həll etmir. Bizi geri salan, axsadan da belə hisslərlə yaşamaqdır, bu haqda düşünməkdir. İndi kimsə gəlib xahiş edib, bir yazı gətirib, hansısa yolla AYB üzvü olub. Olsun da, nə mənası var. Bəyəm AYB üzvü olmasan, yaza bilmirsən? Yaxud da AYB üzvü oldunsa, yazıçı sayılırsan? Bu təfəkkür nədi, anlamıram. Sovetlər vaxtında Yazıçılar Birliyinin üzvü olmaq bir prestij, şərəf sayılırdı. Ona görə də bir-iki cızmaqarası olan gəlirdi ki, üzv olsun. Ondan da qalıblar, təşkilatda. Mən onlarla yox, səviyyələrlə maraqlanıram.

- Sizin nəsil yazarlarını tənqid edirlər ki, istedadsız adamlardırlar, Sovet vaxtında cızma-qara edib ədəbiyyata gəliblər...

- Şəxsən mənə istedadsız demək olar? Deyirlərsə, insafları yoxdur. Anara, Elçinə istedadsız demək mümkünsüzdür. Yaxud da "Daş yuxular” səhvi ilə birgə Əkrəmə istedadsızdır söyləmək olar? Bu mümkün deyil axı. Gəncdir, nə olsun ki, vicdan olmalıdır. Belə vicdansızlıq eləmək olmaz axı.

- Sizin "60-cı”lar nəsli də əvvəlkiləri qəbul etmirdilər, tənqid edirdilər...

- Düzdü, olurdu. Məsələn, mənim özümün də qəbul etmədiklərim vardı. Amma biz tənqid edirdik, təhqir yox. Hansısa tərbiyəsizliyə yol verməmişik axı. Bizdən əvvəlkiləri mütaliə edirdik, tənqidlərimizi də yazırdıq, fikirlərimizi də bildirirdik. Amma indikilər bizim yazdıqlarımızı oxumurlar, əvəzində tənqid də yox, təhqir edirlər. Əsəri oxumadan onu necə tənqid edə bilərsən ki. Məni, Anarı, Əkrəmi qəbul etmirsən, öz işindir. Amma tərbiyəsizlik də eləmə. Budur biz yaşlıların istəyi.

Anar Bayramoğlu