“ABŞ fərqindədir ki...”

“Rusiyanın aktivliyi rəsmi Vaşinqtonun regionla bağlı maraqlarını təhlükə altına ala bilər”



"Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikə göstəriş verilib ki, o, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət nəticə əldə etmək üçün Azərbaycan və Ermənistana təsir göstərsin”. Bunu "Amerikanın Səsi” radiosuna müsahibə verən ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern deyib.

Münaqişənin həlli ilə bağlı həmsədrlərin ciddi səy göstərdiklərini bildirən səfir əlavə edib ki, Uorlikə verilən göstərişlə bağlı sənədlər artıq Bakı və İrəvana təqdim olunub. Belə bir göstərişin haradan və nə məqsədlə gəldiyini dəyərləndirən ekspertlər Azərbaycana qarşı təsir və təzyiq ifadələrinin işlədilməsini yanlış hesab edirlər.

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirli deyir ki, ABŞ-ın məqsədi münaqişənin həllində fəallıq nümayiş etdirən Rusiyanı neytrallaşdırmaqdır:

"Bir neçə aydır ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı intensivlik müşahidə olunur. Xüsusilə də, Rusiyanın həmsədr ölkə kimi ən azı formal fəallığı diqqəti cəlb edir. Kremlin yüksək rəsmilərinin Azərbaycana səfərləri və bütün səfərlər çərçivəsində münaqişənin müzakirə olunması ABŞ-ı bu məsələdə fəallaşmağa məcbur edib. Artıq ABŞ fərqindədir ki, Rusiyanın aktivliyi rəsmi Vaşinqtonun regionla bağlı maraqlarını təhlükə altına ala bilər. Ona görə də problemin həllində estafetin Rusiyanın əlinə keçməsini istəmir və çalışır ki, prosesdə ikinci dərəcəli dövlət statusunda olmasın. Çünki fövqəldövlətin münaqişənin tənzimlənməsində kölgədə qalması ABŞ üçün problemlər yarada bilər. Vaşinqtonla Moskva arasındakı yarışın əsas səbəbi budur. Eyni zamanda nəticəsiz danışıqlar da prosesi dalana dirəyib. Bu vəziyyət danışıqlardan birdəfəlik imtinaya gətirib çıxara bilər. Bunun fərqində olan həmsədrlər münaqişənin həllində müəyyən mənada öz sözlərini deməyə çalışırlar. Hazırda müşahidə olunan tendensiya budur”.

E.Nəsirlinin sözlərinə görə, Ukrayna böhranı fonunda hər iki dövlətin əlaqələrinin kəskinləşməsi Qarabağ probleminə də təsirsiz ötüşməyib. Amma həmsədrin qabağına Ermənistan və Azərbaycana təsir etmək vəzifəsini qoyan ABŞ rəhbərliyindən səmimiyyət gözləmək yersizdir: "İnanmıram ki, superdövlət həqiqətən də münaqişənin həllində maraqlı olsun. İndiyə kimi Vaşinqtonun tutduğu mövqe bu nəticəyə gəlməyə əsas verir. Əlbəttə, çox istərdik ki, amerikalı həmsədr üzərinə götürdüyü vasitəçilik missiyasından irəli gələn addımları atsın və sözün həqiqi mənasında problemin həllinə çalışsın”.

Ermənistanla yanaşı, Azərbaycana da təsir edilməsi məsələsinə gəldikdə isə, politoloq hesab edir ki, ABŞ rəsmisi ifadələrin işlədilməsi zamanı ehtiyatlı davranmalıdır: "Təzyiq və təsir ancaq işğalçı dövlətə edilə bilər. İpə-sapa yatmayan, beynəlxalq qanunları və qəbul olunmuş qətnamələri kobud şəkildə pozan məhz qəsbkar Ermənistandır. İlk növbədə Ermənistan yanlış yoldan daşındırılmalıdır. Əgər ABŞ-ın bunu edəcək gücü varsa, buyursun etsin. Əks təqdirdə, belə cəhdlər nəticəsiz olacaq. Azərbaycana isə təsir etmək yox, bizimlə məsləhətləşmələr aparmaq lazımdır. Qərb münaqişənin həlli ilə bağlı təkliflər irəli sürməli və rəsmi Bakını bu təkliflərlə tanış etməlidir”.

İsmayıl