“Yanan əsgərin günahı yoxdur”

“Komandirlərdə arxayınçılıq yaranıb”




Azərbaycan Ordusunda daha bir əsgərimiz xəsarət alıb. Hadisə bir neçə gün öncə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində baş verib.
Hamamın sobasını yandıran əsgər Vüqar Qələbəgiyevin üzərinə od sıçrayıb. Nəticədə bədəninin müxtəlif nahiyələri yanan əsgər xəsarətlərlə hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hazırda Silahlı Qüvvələrin baş mütəxəssisləri əsgərin müalicə edilməsi ilə məşğuldurlar. Hadisə ilə bağlı araşdırma aparılır.

Hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə danışarkən isə belə hadisələrə görə hərbi hissə rəhbərliyini günahlandırıb: "Əsgər yanıq xəsarətləri aldığı üçün cavabdeh şəxslər utanmalıdır.

Çünki əsgərə təhlükəsizlik qaydaları izah edilmir, müəyyən təlimatlar verilmir. Burada 90 faiz hərbi hissə komandanlığının məsuliyyət daşıdığını, əsgərin isə 10 faiz günahı olduğunu düşünürəm. Ona görə də əsgər belə bir çətin vəziyyətlə üzləşir.

Müdafiə naziri Zakir Həsənov əvvəlki aylarda cəbhə bölgələrinə tez-tez səfərlər edirdi. Bu da son vaxtlar komandirlərdə bir qədər arxayınçılıq yaradıb. Bunun nə ilə bağlı olduğunu bilmirəm. Ancaq istənilən halda belə fikir formalaşıb ki, Zakir Həsənovun nazir olduğu ilk aylarda ölən və yaralanan əsgərlərimizin sayı az idi, son günlər isə əsgər itkisi və xəsarət alanlar çoxalıb. Bu, komandirlərin yerlərdəki məsuliyyətsizliklərindən xəbər verir”.

Ü.Cəfərov Müdafiə Nazirliyinin fəaliyyətindən də gileylənib: "Bununla bağlı MN yalnız məlumatları təsdiqləməklə məşğuldur. Mən onlara artıq hərbi notarius statusu vermişəm. Ona görə ki, MN ancaq faktları təsdiqləməklə və araşdırma aparmaqla fikirlərini bildirir. Bununla da kifayətlənirlər. Lakin səbəblər açıb göstərilməlidir ki, gələcəkdə digər komandirlər buna oxşar səhvlərə yol verməsinlər. Əsgərlərin həyatını qorusunlar. Çox təəssüfedici haldır ki, biz düz yerdə əsgərlərimizi itiririk və buna görə konkret olaraq kimlərsə məsuliyyət daşımır.

Texnologiyaların inkişaf etdiyi bir dövrdə əsgərlərimiz niyə sobadan istifadə etsin və yanıq xəsarətləri alaraq hospitala düşsün. Nəticədə həyatı üçün təhlükə yaransın. Müdafiə Nazirliyi əsgərlərimizin hamam və digər bu kimi problemləri olmadığını deyir. Necə olur sonra belə hadisələr baş verir”.

Ü.Cəfərov xarici ölkələrin hərbi hissələrində əsgərlərin hamam yandırmaqla məşğul olmadığını da əlavə edib: "Bunun üçün cavabdeh şəxslər ayrılır. Səhra şəraitində əsgərlərimizin xidmət etdiklərini başa düşürəm. Lakin bu, hər baş vermiş hadisəni əsgərin boynuna atmağa əsas vermir. Bunun üçün əsgərin komandirləri və hərbi hissənin arxa təminat üzrə məsul şəxsləri var. Biz hər şeyi ölənin və ya xəsarət alanın üstünə atmağa adət halını almışıq”.

Vüqar Şahinoğlu