“Biganə qala bilmərik...”

Elçin Behbudov Putinə müraciət edəcək



Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib. Moskva Şəhər Məhkəməsində baş tutan prosesdə qətlin yeganə şahidi Kseniya Popova ifadə verib. O, həmyerlimizlə Y.Şerbakov arasındakı mübahisənin hansı səbəbdən baş verməsinə aydınlıq gətirə bilməyib.

Şahidin ifadəsində bir sıra ziddiyyətli məqamlar qeydə alınıb. Hakim dövlət ittihamçısından K.Popovanın ibtidai istintaqa verdiyi ifadəni səsləndirməyi xahiş edib. Dövlət ittihamçıları da onun ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə səsləndirdiyi fikirlər arasında təzad olduğunu etiraf ediblər. Prokuror K.Popovanın məhkəmədə tamamilə başqa cür ifadə verdiyini bildirib. Ona yenidən mübahisənin nə üstündə düşdüyü barədə sual verilib. K.Popova isə bu haqda danışmaq istəməyib. O, hadisəni ətraflı xatırlaya bilmədiyini söyləyib: "Hadisənin üstündən nə qədər keçib, ətraflı yadımda deyil”.

Soydaşımızın vəkili Viktor Anikuşkin açıqlamasında bildirib ki, qadın hansısa səbəbdən bu barədə danışmaq istəmir: "Lakin Orxan Zeynalov istintaqa ifadəsində bu məsələlərə toxunub. Münaqişəyə səbəb Y.Şerbakov olub. Hadisə baş verən vaxt o, küçədə K.Popova ilə yüksək səslə intim mövzu barədə danışırmış. Bu zaman yoldan keçən Orxan onlara irad tutub. Mübahisə də bunun üstündə düşüb”.

Vəkil həmyerlimizin baş verən vaxt Kolomna şəhərində olması ilə bağlı dediklərini də şərh edib: "Düşünürəm ki, Zeynalov dünənki prosesdə bu ifadələri cinayət işinə etiraz olaraq səsləndirib. İstintaq düzgün aparılmayıb. O.Zeynalov həbs olunan zaman ona qarşı hüquq pozuntusuna yol verilib. Orxanın artıq istintaqa inamı qalmayıb. Ona görə də o, cinayəti törətmədiyini, hadisə baş verən gün Moskvada olmadığını söylədi”.

Qeyd edək ki, ittiham aktına əsasən, oktyabrın 10-da soydaşımız içkili vəziyyətdə ictimai asayişi pozub. Küçədə K.Popovaya söz atıb. Bu zaman onun yanında olan Y.Şerbakov qadını müdafiə edib. Bundan sonra O.Zeynalovla Şerbakov arasında mübahisə yaranıb. O.Zeynalov Y.Şerbakova 20-yə yaxın yumruqla zərbə endirib. Daha sonra o, üstündə gəzdirdiyi bıçaqla Y.Şerbakova iki zərbə endirib. Rusiya vətəndaşı da hadisə yerində dünyasını dəyişib. O.Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb. Vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.

Məlumat üçün bildirək ki, Orxan Zeynalov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Həmyerlimizin günahsız olduğunu deyən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov "Şərq”ə bildirib ki, Orxana qarşı edilənlər ciddi qanun pozuntusudur: "Ona işgəncə veriblər. Şərəf və ləyaqətini alçaldıblar. Bu, televiziya vasitəsi ilə yayımlanıb. Bunlar cinayət xarakterli əməldir. Rusiya da işgəncələrə qarşı konvensiyaya qoşulub. Moskvanın hüquq-mühafizə orqanlarının məsələni şişirtmələri, Orxanın başına "meşok” taxıb daxili işlər nazirinin qabağına gətirmələri məsələdə siyasi motivlərin olmasından xəbər verir. Artıq soydaşımız məhkəmə istintaqında hadisə baş verən vaxt Moskvada olmadığını bildirib”.

E.Behbudov qeyd edib ki, həmyerlimiz barədə rəhbərlik etdiyi komitə Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və ATƏT-in işgəncələrə qarşı komitələrinə məlumat verib: "Orxan Azərbaycan vətəndaşıdır. Ona biganə qala bilmərik”.

Hal şahidinin ziddiyyətli ifadələrindən söz açan Komitə sədri diqqətə çatdırıb ki, xanım şahidin öyrədilərək məqsədli şəkildə ortaya çıxarılması istisna deyil: "Həmin dönəmlər Rusiyada azərbaycanlı miqrantlara təzyiqlər göstərilirdi. Oraya çörək dalınca gedən, əməkçi miqrantları döyürdülər. Evlərinə basqı olurdu. Hadisə həmin qaynar dönəmə təsadüf etmişdi. Ola bilsin,

məhz buna görə K.Popova daha sərt danışıb. İndiki halda isə miqrasiya ilə bağlı məsələ yoluna qoyulub. Dövlətlər arasındakı münasibətlər yaxşılaşıb. Bu baxımdan indiki ifadəsində xanım şahid loyallıq nümayiş etdirib. Belə olan halda əlbəttə, ifadələr üst-üstə düşməyəcək”.

Komitə sədri onu da əlavə edib ki, çox yaxın günlərdə rəhbəri olduğu təşkilatın adından Rusiya dövlət başçısı Vladimir Putinə müraciət ünvanlayacaq: "Müraciətdə bildirəcəm ki, dövlət başçısı kimi bu işə nəzarət etsin. Məsələni bu vəziyyətə gətirməsinlər”.

Ayyət Əhməd