Su içənlər küçədə saxlanır

İranda oruc tutmayanlara divan tuturlar




İranda oruc tutmayanlara qarşı sərt cəza tədbirləri tətbiq olunub. İyunun 29-dan Tehran polisi paytaxt küçələrində, yeməkxanalarda, avtomobillərdə və digər ictimai yerlərdə reydlər keçirərək, insanlar arasında yemək yeyən və su içən vətəndaşları saxlayıb. Daha sonra, saxlanılanları xüsusi polis bölmələrinə aparıblar. Həmçinin orucluq vaxtı gizli fəaliyət göstərən restoran, kafelər müəyyən edilərək obyekt sahibinə qarşı külli miqdarda cərimələr tətbiq edilib. Bəzilərinin isə fəaliyyətinə qadağa qoyublar.

Polisin paytaxt küçələrindəki əməliyyatının Ramazan ayının sonuna qədər davam etdiriləcəyi bildirilib.

Bu addımın islami dəyərlərə zidd olduğunu deyən ilahiyyatçı-alim Elşad Miri "Şərq”ə açıqlamasında qeyd edib ki, istənilən müsəlman islamın şərtlərinə uyğun davranmalıdır. Bunu etmirsə, həmin adama xüsusi cəza tətbiq etmək doğru yanaşma deyil: "Hansısa yeməkxananın fəaliyyətini dayandırmaq da yanlışdı. Bəlkə biri xəstədi və ya azyaşlı uşağı var, dayanıb orada yemək yeyəcək? Bəlkə yaşlı insanlardan biri yolda susayıb su içmək istəyəcək? Onlar neyləsin? Həmin adamlar günahsız yerə niyə cəzalandırılmalıdır. İslamda bir qayda var. Oruc tuta bilməyən bir insan başqa bir imkansızı, kasıbı bir günlük doyurmalıdır”.

İlahiyyatçı onu da diqqətə çatdırıb ki, bu cür qadağalarla insanları islama gətirmək mümkünsüzdür: "Məsələn, Peyğəmbərimizə deyirlər ki, ey Allahın Rəsulu, filankəs Allahın haram buyurduğu içkidən istifadə edir. Peyğəmbərimiz cavabında deyir ki, ona toxunmayın. O, Allahı və rəsulunu sevir. Bu xəbəri həmin adama deyəndə, içkidən uzaqlaşır. Peyğəmbərimizin belə təbliğat metodu ilə nə qədər insanlar dinə gəlib. Baxın, Peyğəmbərimizin dövründə elə sahabələr olub ki, içib, namaz qılıb. Peyğəmbərimiz onu məsciddən qovmayıb. Gözləyib ki, nə vaxtsa, Allah spirtli içkini qadağa edəcək. İslamın əsas atributu olan namaz islamın ilk illərində gəlib. Amma spirtli içki bundan 19 il sonra qadağa olunub. Hesab edirəm ki, insanlara bu cür cəzalar verməklə onları müsəlmançılğa cəlb etmək olmaz. Peyğəmbərimizin gözəl bir sözü var. Deyir ki, çətinləşdirməyin, asanlaşdırın. Nifrət etdirməyin, sevdirin. İslam barış, əminamanlıq və sülh dinidir. Burada zorlama və məcburiyyət anlayışı yoxdu”.

Millət vəkili Fazil Mustafa bildirib ki, İran islam dövləti kimi tanınsa da, əslində dövlət quruluşu və idarəçiliyi baxımından islam dövlətindən çox uzaq bir sistemdir: "Hazırda İranın dövlət idarəçiliyində iki vəzifə əsas rol oynayır: prezident və ali dini lider. Dövlət səlahiyyətləri bu iki vəzifə arasında bölünsə də, əsas hakimiyyət ali dini liderə məxsusdur və qanunlar da ali dini liderin xeyrinə dəyişir. Hətta prezident ali dini liderin razılığı olmadan ölkə əhəmiyyətli ciddi bir addım ata bilməz”.

Deputat islam adına milli haqları əzən İranda ümumən vətəndaşlıq probleminin olduğunu da vurğulayıb: "İranda siyasi partiyalar formalaşmır. Tələbələr universitetlərdən qovulur. Siyasi məhbusların sayı artır. İran cəmiyyəti dünyadan təcrid edilmiş vəziyyətdə yaşayır. Vətəndaşlarının dünya ilə bağlantısı yalnız televiziya və internet vasitəsilə mümkündür. Rejim media vasitələrinə də çox vaxt qadağa qoyur. Əminliklə deyə bilərəm ki, ABŞ-da, Avropada müsəlmanlar daha azad yaşayırlar, nəinki "İslam dövləti” olan İranda!”

F.Mustafa onu da əlavə edib ki, cənub qonşumuzda totalitar rejim hökm sürür. Bu cür rejimlər insanlardan çox totalitar dəyərlərə üstünlük verir: "Amma bütün totalitar quruluşların yaşama müddəti və süqutu olur”.

Ayyət Əhməd