“7 rayonu qaytarmaqla iş bitmir”

Araz Əzimov: “Azərbaycanın ətraf rayonlarla bərabər Dağlıq Qarabağ bölgəsi də işğaldadır”
“Həmsədrlər Minsk Qrupunun fəaliyyətini tam tərkibdə həyata keçirməyə əngəl törədirlər”

"Mənə bəlli olan səbəblərə əsasən deyirəm ki, son bir neçə ildə Minsk Qrupunun həmsədrləri prosesi öz əllərində cəmləşdiriblər və qrupunun fəaliyyətinin tam tərkibdə həyata keçirilməsinə əngəl törədirlər”. APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Nazir müavini Azərbaycanın bir neçə dəfə bu hala şahid olduğunu vurğulayıb: "Məsələn, 2012-ci ildə Minsk prosesinin 20 ili tamam olanda mən həm tərəfdaş dövlətlərə, həm də digər dövlətlərə müraciət etmişəm. Təklif etmişdim ki, 20 illik yubileyi qeyd etmək üçün Minsk Qrupunun yüksək səviyyəli konfransını keçirək. Bu təşəbbüs rəhbərliyimiz tərəfindən dəstəkləndi. Lakin sonra gördük ki, həmsədrlər buna yol vermək niyyətində deyillər. Yəqin ki, onlara öz işlərini üçlük arasında, təzyiq altında olmadan, beynəlxalq ictimaiyyətin diqqətini yayındıraraq aparmaq daha rahatdır. Lakin Minsk Qrupunun digər ölkələri - Türkiyə, İtaliya İsveçrə, Almaniya və başqa dövlətlər prosesə maraq göstərir və maraqlarını beynəlxalq hüquq və norma prinsipləri əsasında qururlar. Mövqeləri bu prinsiplərə əsaslanır. Heç də pis olmazdı ki, Ermənistan bir daha hiss etsin və anlasın ki, onun mövqeyi beynəlxalq birliyin mövqeyinə heç də uyğun gəlmir”.

A.Əzimov Minsk Qrupu formatının başqa formatla dəyişdirilməsinin əleyhinə olduğunu deyib: "Əvvəla, Minsk Qrupunda beynəlxalq birliyin ən önəmli oyunçuları təmsil olunur. İkincisi, Minsk Qrupunun mövcudluğu BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrində təsdiqlənib. Bu qətnamələr bizim mövqelərimizin əsasını təşkil edir. Mövqelərə selektiv əsasda yanaşmaq olmaz. Qətnamələr öz əhəmiyyətini saxlamalıdır. Minsk Qrupunun dəyişdirilməsi o qətnamələrə zərər verəcək. Nəhayət, Minsk Qrupunun formatı Dağlıq Qarabağ ermənilərinin prosesdə iştirakını aradan qaldırır. Çünki bu formatda həm azərbaycanlılar, həm ermənilər Dağlıq Qarabağın icmaları olaraq prosesdə öz səviyyələrində iştirak etməyə qadirdirlər. Qərarların qəbulu prosesində iştirak etmirlər, lakin öz mövqelərini səsləndirə bilirlər”.

Nazir müavini bu səbəblərə əsasən qeyd edib ki, Minsk Qrupunun formatı həm Azərbaycanın, həm də prosesə cəlb olunan digər dövlətlərin maraqlarına, mövqelərinə uyğundur.

A.Əzimov həmçinin ümidvar olduğunu bildirib ki, amerikalı həmsədr Uorlik status-kvonun dəyişdirilməsinin zəruriliyini dilə gətirəndə məhz torpaqların azad edilməsini və bundan sonrakı məsələlərin həlli üçün yolun açılmasını nəzərdə tutub: "Mən status-kvonun başqa cür dəyişdirilməsinin tərəfdarı deyiləm. Azərbaycan dəfələrlə bildirib ki, münaqişənin həllini indiki nöqtədən irəli aparmaq üçün müzakirələrə hazırdır. İlk öncə konkret tədbirlərin görülməsi, yəni ərazilərin boşaldılmasının xronoloji sırası müəyyənləşməli, ona paralel olaraq müvafiq digər tədbirlər görülməli, qoşunların o ərazilərdən geri çəkilməli, torpaqlar Azərbaycanın nəzarətinə verilməlidir. Daha sonra işğal altında olan ərazilərimizdə yerli hakimiyyət orqanları bərpa edilməsi, təmizləmə işləri aparılmalıdır. Çünki orada ərazilərin minalardan təmizlənməsindən başqa min cür problem var. Sonra normal həyat sürmək üçün şəraitin yaradılmalıdır. Biz bu məsələlərin sülh planına daxil edilməsini mümkün hesab edərdik. Növbəti mərhələlərdə Azərbaycan əhalisi Dağlıq Qarabağa qayıtdıqdan sonra iki icmanın bir-biri ilə birgə yaşaması imkanlarını yenidən öyrənməyə başlayacaqlar. Siyasi məsələlərin müzakirəsi o mərhələlərdən sonra mümkün olacaq. Əgər cənab Uorlik bunu nəzərdə tutursa, mən onunla razıyam”.

Araz Əzimov ABŞ səfiri Riçard Morninqstarın Dağlıq Qarabağa bitişik 7 rayonun Azərbaycana qaytarılmalı olduğu barədə bəyanatına da münasibət bildirib:

"Prezidentimiz həmişə deyib ki, Azərbaycan 7 rayonun qaytarılması üçün çalışmır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır. Prezident Xarici İşlər Nazirliyində keçirilən müşavirədə nitqi zamanı da bildirdi ki, 7 rayondan başqa Dağlıq Qarabağ da işğal altındadır. Yəni söhbət 7 rayondan getmir. 7 rayonun boşaldılması, bu rayonların Dağlıq Qarabağa aid olmaması və s. bu kimi ifadələr belə fikir formalaşdırmağa yönəldilib ki, 7 rayon Azərbaycana qaytarılsın, bu kifayət edər. Məsələ ərazi bütövlüyünün bərpa edilməsidir. Bildiyim qədər Azərbaycan tərəfi məsələni həmişə belə qoyub və dövlət başçımız nitqində bunu bir daha təsdiq edib”. Prezidentlərin görüşünün mümkünlüyü məsələsinə münasibət bildirən Araz Əzimov qeyd edib ki, sadəcə protokol naminə belə bir görüşə getmək Azərbaycanın mövqeyinə uyğun deyil.