“Amerika və Fransa Qarabağ probleminin həllində səmimi olsalar belə...”

“Rusiya tormozlama siyasətini işə salaraq buna mane ola bilər”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqların intensivləşməsi Ermənistanı ciddi şəkildə narahat etməyə başlayıb. Erməni mətbuatının yazdığına görə, Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri ikilikdə, Rusiya isə təklikdə problemi həll etməyə cəhd edirlər:

"İndiyə qədər gözləmə mövqeyində dayanan ABŞ və Fransa birlikdə hərəkət etməyi qərara alıblar. Digər həmsədrlərin bu cür mövqe sərgilədiyini görən rəsmi Moskva isə münaqişənin nizamlanmasında onlarla birlikdə deyil, sərbəst öz oyununu həyata keçirməyə başlayıb”. Rusiyanın İrəvandan üz çevirməsini dəyərləndirən erməni mətbuatı Moskva ilə Bakı arasında müəyyən razılıq əldə olunduğunu iddia edir. Erməniləri təşvişə salan əsas məsələ isə ilk dəfə olaraq Rusiya, ABŞ və Fransanın münaqişənin həllində bu qədər istəkli olmasıdır.

Həmsədr ölkələrin fəaliyyətini şərh edən Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri vurğulayır ki, bu gün hər hansı münaqişənin həll edilməsi üçün dünya güclərinin ortaq məxrəcə, razılığa gəlməsi labüddür: "Dağlıq Qarabağ məsələsi sadəcə iki dövlət arasında olan regional problem deyil. Münaqişə artıq qloballaşıb. Rusiya, ya da ABŞ, fərqi yoxdur, sadəcə bir dövlətin gücü və istəyi ilə problemin həlli mümkün olmayacaq. Çoxları yanlış olaraq elə düşünür ki, münaqişə Rusiyanın barmaq işarəsi ilə həll oluna bilər. Nəzərə almaq lazımdır ki, illər boyu ABŞ və Avropa Birliyi əvəzsiz olaraq Ermənistana yüz milyonlarla birtərəfli və təmənnasız yardımlar edir. Ermənistana verilən bu vəsait və digər geosiyasi dəstəklər mənasız və məqsədsiz deyil. Zamanında ermənilərdən bir siyasi alət kimi istifadə etmək üçün onlara qarşılıqsız yardım göstərirlər. ABŞ və Fransa Dağlıq Qarabağ probleminin çözümündə səmimi olsalar belə, Rusiya tormozlama siyasətini işə salaraq buna mane ola bilər”.