Ehtiyatda olanların hərbi təlimlərə cəlb olunması yenilikdir

Üzeyir Cəfərov: “Onların çağırılması çoxdan baş tutmalı idi”
Elxan Mehdiyev: “Vəziyyəti dəyişə bilərik”

Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə keçirilən birgə əməliyyat-taktiki təlimlərin davamı olaraq iyulun 7-dən Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində irimiqyaslı təlimlərə başlanıb.

Təlimlərin yeni mərhələsində hərbi hissələrin döyüş hazırlığı, qoşunların döyüş tətbiqi imkanları, həmçinin qabaqcadan hazırlanmamış əraziyə uyğun olaraq döyüş elementlərinin qarşılıqlı əlaqələndirilməsinin praktiki istifadəsi yerinə yetirilir. Nazir general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə keçirilən təlimlərə 10.000 nəfərdən artıq şəxsi heyət, 300-dən çox zirehli texnika, raket-artilleriya qoşunlarının 100-dən çox qurğusu, 20-dək aviasiya və 15-dən çox hava hücumundan müdafiə sistemləri cəlb olunub. Təlimlərdə zirehli texnikalardan, artilleriya qurğularından, zenit-raket komplekslərindən, müxtəlif çaplı silahlardan, təyyarə və helikopterlərdən praktiki döyüş atışları icra edilir. Daha da maraq doğuran məsələ MN-in sifarişinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri tərəfindən 3000 nəfərdən artıq ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə çağırılmasıdır. Onların hərbi uçot məsələləri barədə tədbirlər təşkil olunub. Səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış dövrü üçün planlar dəqiqləşdirilib. Eyni zamanda, təlimlərə ehtiyatdan cəlb edilmiş hərbi vəzifəlilərlə döyüş hazırlığı, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının səviyyəsinin yüksəldilməsi, silah və hərbi texnikadan istifadə qaydaları mövzusunda təlim-məşqlər keçirilir.

Məlumat üçün bildirək ki, təlimlərə iyulun 10-da Bakı şəhərində təlim rəhbərliyinin və komandanlıq heyətinin ümumi toplantısı ilə yekun vurulacaq.

Bunun ənənəvi təlim olduğunu deyən hərbi-ekspert Üzeyir Cəfərov "Şərq”ə bildirib ki, yeganə yenilik ehtiyatda olanların cəlb olunmasıdır: "Onların çağırılması çoxdan baş tutmalı idi. Azərbaycan müstəqillik əldə edəndən sonra ordudan yüz minlərlə hərbiçi tərxis olunub. Bu insanlar zaman-zaman təlimlər keçməli, hərbi biliklərini təkmilləşdirməlidirlər. Təəssüflər olsun ki, indiyə kimi bu iş aparılmayıb. Ona görə də Z.Həsənovun addımı alqışlanmalıdır. Hesab edirəm ki, bu, davamlı şəkildə olacaq”.

Ehtiyatda olanların təlimə çağırılmalarının müharibə ritorikası yaratmasına gəlincə, eskpert qeyd edib ki, geniş miqyaslı hərbi əməliyyatların başlanılması gözlənilmir: "Heç zəmin də yoxdur. Adi təlimlərdən biridir. Bunun müharibə fazasına keçmə ehtimalı sıfırın altındadır”.

Bunun hərbi birləşmələrdə döyüş qabiliyyətinin yüksəldilməsinə hesablandığını deyən politoloq Elxan Mehdiyev hesab edir ki, ehtiyatda olan qüvvələrin çağırılması təqdirəlaydir: "İndiyə kimi bu praktikadan istifadə edilmirdi. İndi artıq prosesə başlanıb. Bunu müsbət dəyərləndirmək lazımdı”.

Politoloq onu da əlavə edib ki, ordunun döyüş qabiliyyətinin artırılması torpaqların azad olunması üçün bir açardı: "Ordumuz zəif olarsa, düşmən tərəf çəkinmədən şərtlərini diktə edəcək. İşğalçılıq planlarından əl çəkməyəcək. Döyüş qabiliyyəti güclü olan ordumuz olarsa, heç döyüşə girmədən də vəziyyəti dəyişə bilərik”.