“Ağsaqqal”ın Rusiya sevdası...

Abbas Abbasov Azərbaycanın müstəqilliyyinə qəsd edir

Təəssüflər olsun ki, milli mənsubiyyətinə görə azərbaycanlı adını daşıyan bir sıra şəxslər Vətən, xalq və millət məfhumlarını ayaqlar altına ataraq korporativ maraqlar müstəvisində fəaliyyət göstərirlər. Belə şəxslər mövqeyi ilə antimilli xarakterlərini nümayiş etdirirlər. Xüsusilə də, bu şəxslər ölkəsinin tarixinə, milli-mənəvi dəyərlərinə, müstəqilliyinə və taleyinə neqativ, laqeyd münasibət bəsləyirlər. İstər ölkə daxilində, istərsə də ölkə sərhədlərindən kənarda yaşamaqlarından asılı olmayaraq, onlar bir çox hallarda hər fürsətdən istifadə etməyə çalışmaqla öz ölkələrinə qarşı fəaliyyət sərgiləyirlər.

Təəssüflə qeyd etmək lazımdır ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycan da müxtəlif zaman kəsiklərində bu problemlə qarşılaşıb və hazırda da bu cür neqativ hallar mövcuddur. Təəcsüf ki, hazırkı dövrdə də "sapı özümüzdən olan baltalar” ölkəmizə, müstəqilliyimizə və suverenliyimizə qarşı çıxış edirlər. Bu yolda isə anti-Azərbaycan dairələrin xidmətlərindən, sifarişlərindən yan keçmirlər. Buna bir çox nümunələr gətirmək olar. Ölkəmizin müstəqilliyini, suverenliyini sinirə bilməyən şəxslərdən biri də hazırda Moskvada yaşayan, Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini, "AzərRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasovdur.

Müxtəlif vaxtlarda dövlətimizə qarşı fikirlər səsləndirən A.Abbasov bu dəfə də ənənəsini pozmayıb. Rusiya Xalqları Assambleyasının toplantısında A.Abbasov SSRİ-nin dağılmasına təəcsüfləndiyini söyləyib. "Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRİ adlı evimizi müxtəlif "milli mənzillərə” böldük. Belə unikal bir ölkə bir də ələ düşməyəcək” - deyən "ağsaqqal” bir qədər də irəli gedərək qeyd edib ki, indi hamımızın məqsədi doğma Rusiyamızı qorumaq, onu inkişaf etdirməkdir.

Sabiq baş nazir müavini onu da əlavə edib ki, bu məqsədlə Rusiya ərazisində yaşayan bütün xalqlar bir yumruq kimi birləşməlidir: "AzerRos” və azərbaycanlılar isə bu istiqamətdə ön sıralarda olacaqlar”.

Abbasovun bu çıxışından sonra Rusiya Xalqları Assambleyasının sədri Svetlana Smirnova onu "fəxri fərman”la təltif edib.

Maraqlıdır ki, tədbir zamanı Abbasovun Rusiya prezidenti yanında Şuraya üzv olması üçün namizədliyi də irəli sürülüb və yekdilliklə dəstəklənib.

Bu şəxsin müstəqilliyimizə qarşı səsləndirdiyi fikirlər təsadüfi deyil. Çünki SSRİ dağılan zaman müstəqilliyin əleyhinə səs verənlərdən biri, məhz A.Abbasovdur. Onun SSRİ sevdalı olması ötən ilin iyununda da özünü göstərmişdi. Belə ki, Rusiya KİV-inə müsahibəsində Sovetlər Birliyindən ağızdolusu danışan baş nazirin sabiq birinci müavini hələ də SSRİ nostalgiyasında olduğunu gizlətməmişdi. Anti-milli mövqeyini "ağsaqqal” son çıxışı ilə bir daha təsdiqləmiş oldu. Azərbaycanın müstəqilliyi əleyhinə danışan şəxsləri isə ictimaiyyət qətiyyətlə qınayır. Çünki ölkəmizin müstəqilliyi şəhidlərimizin qanı bahasına başa gəlib. O şəhidlərin ruhu müstəqillik əleyhinə danışan şəxsləri bağışlamayacaq.

Məsələnin ikinci tərəfi isə A.Abbasov kimilərin buyuruq qulu olmasıdır. Amma məsələ ondadır ki, Azərbaycanın müstəqilliyini gözü götürməyən, suverenliyi sinirə bilməyən qüvvələr ölkəmizə qarşı qara niyyətlərini həyata keçirmək üçün anti-milli şəxslərdən istifadə edirlər. A.Abbasov da təəssüf ki, həmin qüvvələrin aləti rolunda çıxış edir. Nəyə görə? Çünki Rusiya prezidenti yanında hansısa xırda bir vəzifə, hansısa təşkilatdan isə "fəxri fərman” alacaq. Ölkəmizin müstəqilliyini bir fərmana və ya bir vəzifəyə satmaq böyük qəbahətdir ki, bunu da "ağsaqqal” məharətlə edir.

Cəmiyyət də A.Abbasovun bu cür davranışlarını sərt şəkildə qınayır.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu A.Abbasovun məlum davranışının Azərbaycanın milli maraqlarına zidd olduğunu deyib: "Abbasov belə bir mövqe bildirməklə çox ciddi siyasi səhvə yol verir. Bununla belə, Moskvaya sığınmış bir adamdan başqa bir mövqe də gözləməyə dəyməz. Bilirik ki, Cəbhə hakimiyyəti dövründə yüksək vəzifəyə gətirilmiş Abbasovun Rusiya ilə çox sıx bağlılığı var.

Bu baxımdan, onun belə danışmağının səbəbi aydındır. Amma Abbasov çox yüksək dövlət vəzifəsi tutmuş şəxs kimi bilməliydi ki, onun bu cür fikirləri Azərbaycanın milli maraqlarına qətiyyən uyğun deyil.

Bu, çox səhv, hətta təhlükəli yanaşmadır. Görünür, Abbasovun Rusiyadakı biznesi onun üçün Azərbaycanın maraqlarından daha üstündür”.

Professor Qabil Hüseynli isə A.Abbasovun açıqlamasını sovet təfəkkürünün növbəti təzahürü adlandırıb: "A.Abbasov kimilərin intellektual səviyyəsi belə həssas mövzuları düzgün dəyərləndirib nəticə çıxarmağa imkan verən səviyyədə deyil. Sovet vaxtında Rusiyanın XIX əsrdə Azərbaycanı işğal etməsi könüllü birləşmək kimi təqdim olunurdu. Amma məlumdur ki, odövrkü Azərbaycan xanlıqlarının mütləq hissəsi Rusiya işğalına qarşı mübarizə aparıblar. Hətta işğaldan sonra da Azərbaycan xalqının müstəmləkəçiliyə qarşı mübarizəsi bu və ya başqa formada uzun müddət davam edib. SSRİ-nin dağılmasına təəssüflənmək, Rusiyanın Azərbaycanı işğal etməsinə müsbət don geyindirmək cəhdidir. Təəssüf ki, milliyyətcə azərbaycanlı olan A.Abbasov öz şəxsi maraqları naminə bu cür ağlasığmaz mövqe sərgiləyir”.