“Bizdə müxalifətə müəyyən güzəştlər var”

Məmməd Əlizadə: “Bütün proseslərin şəffaf şəkildə aparılması üçün cəmiyyət də təpki göstərməlidir”



Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sabiq sədri Məmməd Əlizadə öz fəaliyyəti, bir zamanlar rəhbərlik etdiyi təşkilatın hazırkı durumu, ölkədə cərəyan edən ictimai-siyasi proseslər - dini zəmində məzhəblərarası qarşıdurma, gənclərimizin terror təşkilatlarına qatılmalarının səbəbi, bu il baş tutacaq bələdiyyə, növbəti ildə keçiriləcək parlament seçkiləri və son aylar cəbhədəki gərginliyin müharibə ritorikası yaratması barədə "Şərq”ə müsahibə verib.

Partiya ilə yollarını ayırdıqdan sonra yaradıcılıqla məşğul olduğunu söyləyən keçmiş rəhbər deyib ki, bu müddət ərzində 3 kitabı işıq üzü görüb. Onun sözlərinə görə, iki kitabı isə çapa hazırlanır: "Şahtaxtıdan Başlanan Ömür”, "Bir ömrün simfoniyasi”, "Maddi və mənəvi dünya haqqında düşüncələrim” adlı kitablarım Türkiyədə və Azərbaycanda çap olunub.

- Belə çıxır, siyasətdən tamamilə uzaqlaşmısınız?

- Demək olar. Mütəmadi olaraq, mətbuatda köşə yazılarımla çıxış edirəm. Qurtuluşla bağlı yazılarım dərc olunub. Siyasi məsuliyyət haqqında yazım olub ki, ən çox oxunan məqalələr sırasındadır. Vaxtımı sırf yaradıcılığa həsr edirəm.

Bir müddət öncə, DADP-də yaranmış daxili çəkişmələri və qurumun parçalanma təhlükəsi ilə üzləşdiyini nəzərə alaraq, həmsöhbətimizdən partiya ilə təmaslarının qalıb-qalmadığını soruşduq.

- Partiya ilə maraqlanırsınızmı? Baş verən proseslərdən xəbəriniz varmı?

- Qətiyyən maraqlanmıram. Düzdü, təşkilatın ziyalı təbəqəsi var. Onlarla dostluq münasibətlərim qalır. Mən ayrıldıqdan sonra onlar da təşkilatın sıralarını tərk etdi. Həmin dostlarla müntəzəm görüşlərimiz olur. Müzakirələr aparırıq. Amma partiyadakı proseslərdən xəbərsizəm.

- Ziyalı dostlarınızın da partiya sıralarını tərk etdiyini söylədiniz. Buna səbəb nə oldu?

- Azərbaycan Xalq Cümhuriyyəti yarananda xalq vahid məfkurə ətrafında birləşmişdi. İndiki siyasi qurumların əksəriyyəti isə ideoloji xətt formalaşdıra bilmirlər. Burada təşkilat liderləri əsas rol oynayır. Baxın, Yeni Azərbaycan Partiyasında vahid ideya vardı deyə, ölkənin tanınmış alimləri, ziyalıları, görkəmli xadimləri və fikir adamları Heydər Əliyevin ətrafında sıx birləşdilər. Digər təşkilatlarda bu birləşməni müşahidə etmək çətindi. Sədr olanda da deyirdim ki, gücüm tükənəndə idarəçiliyi gənclərə verəcəm. Düşünürdük ki, partiyanı düzgün formalaşdıra bilmişiksə, gənclər də bu xətti davam etdirəcəklər. Amma düşündüklərimizin və ehtimallarımızın tam tərsini gördük.

- Düşündüklərinizin tərsi deyəndə nəyi nəzərdə tutursunuz?

- Təşkilatdan uzaqlaşan kimi qurum iki-üç hissəyə parçalandı. Doğrudur, hər ikisinin ofisi DADP adı altında fəaliyyət göstərir. Fakt budur ki, təşkilat büdrədi. Hətta üçüncü hissəyə ayrılmaq istəyən qüvvələr də mövcuddur. Aydınca görünür ki, təşkilatlar şəxsiyyət və lider ətrafında birləşirlər. Lider olmayanda birlikər tez sıradan çıxır. Bu hadisələrdən sonra ziyalı dostlarım da məcbur qalıb kənara çəkildilər.

- Təşkilat daxilində baş verən hansısa problemlər və ya çatışmazlıqların həlli barədə bir ziyalı və ağsaqqal olaraq sizdən tövsiyələr alırlarmı?

- Qurumun rayon təşkilatlarından bəziləri müraciət edir. Məsləhətlərimi verirəm. Dövlətçiliyə sadiq qalmağa çağırıram. Bununla belə daxili işlərinə müdaxilə etmirəm.

Sədrlikdən və gənclərin qabağa çəkilməsindən söz düşmüşkən xeyli müddətdi müzakirə mövzusu olan Müsavat Partiyasına başqanlıq məsələsi barədə də M.Əlizadənin fikirlərini öyrəndik.

- "Müsavat” da başqanlıq məsələsi gündəmə gəlib. Partiyaya yeni sədr seçmək istəyirlər. Amma təşkilat qurultay üçün yer tapmır. Səbəb kimi Bakı Şəhər İcra Hakimiyyətinin onlara məkan ayırmamasını göstərir...

- Hamısı qurultayın baş tutmaması üçün ortalığa atılan bəhanədi. Söhbət ondan gedir ki, kim hansı mövqedə dayanırsa dayansın, atdığı addım dövlət, dövlətçilik və milli maraqlara xidmət etməlidir. Müsavat sədri özü-özünə sual verməlidir ki, bu illər ərzində nə edib? Seçkilərdə qalib gələ bilməyiblərsə, deməli, sədr işləri düzgün qura bilməyib. Bu, təşkilat liderinin bacarıqsızlığı kimi dəyərləndirilməlidir. Gəncləri aldatmaq olmaz. Baxın, 20 il bundan öncə gənc olanların indi 45-50 yaşları var. Fəaliyyətlərini artıq başa vurmaq üzrədirlər. Təhsillərini lazımi formada ala bilmədilər. Günlərini meydanlarda keçirdilər. Liderlərinin yanlış düşüncələrinin təsirinə düşərək aldandılar. Heç nə qazana bilmədilər. Müsavat lideri bunları nəzərə almalıydı. Özünə sual verməliydi ki, gənclərə perspektiv verə bilibmi? Təbii ki, yox. Yoxsa, mənim kimi tərəddüd etmədən istefa verməlidir. Kənardan müdaxilə etməməlidir. Təcrübəsindən istifadə edərək gənclərə yardım etməlidir.

- Son zamanlar ölkədə dini zəmində baş verən hadisələr, gənclərimizin cihad adı altında müharibə bölgələrinə axını təhlükəli hal alıb. Ona görə, sabiq təşkilat rəhbərinin ölkədəki ictimai proseslər haqda da münasibətini aldıq.

M.Əlizadə dini kontekstdə baş verən dözülməz hallara görə vətəndaş cəmiyyətlərini qınadı:

- Onlar gözümüzün önündə yetişdi. Hər dəfə həyəcan təbili çalanda deyirdilər ki, məsələni şişirtməyin. Biz də susduq. İndi baxın, vəziyyət hansı müstəviyə gəlib. Bu halların baş verməməsi üçün bölgələrdə ciddi işlər görülməliydi. Ölkənin şimal regionlarında çoxsaylı təhsil ocaqları yaradılmalı, gənclər həmin məktəblərə səfərbər olunmalı idi. Onlara təhsil verilməli, savadlı böyüdülməli idi. İslami təbliğatlar düzgün aparılmalı, bəzi təriqətlərin qarşısını almaq üçün önləyici tədbirlər görülməliydi. Dində olan boşluqlara diqqət yönəldilməliydi. Çünki xarici qüvvələr həmin boşluğu görüb, gəncləri cəlb edirlər. Gənclər üçün iş yerləri açılmalıdır. İşlə təmin olunmalıdırlar. Düzdü, rayonlarda idman kompleksləri tikildi. Burda bütün gəncləri işlə təmin etmək mümkünsüzdür. İşsiz qalan gənclər enerjilərini neqativ işlərə xərcləyir. Bu da nə özü, nə də dövlət üçün faydalı olur.

Məlumdur ki, bu il ölkədə bələdiyyə seçkiləri baş tutacaq. Amma nədənsə, seçkiyə hazırlıq prosesləri müşahidə olunmur. Heç bir təşkilat, xüsusən də müxalif qurumlar bələdiyyə seçkilərinə maraq göstərmir. M.Əlizadədən təşkilatların bu seçkiyə biganə yanaşmasının səbəblərini soruşduq...

Həmsöhbətimiz qeyd etdi ki, bələdiyyə seçkiləri demokratik formada keçirilməlidi:

- Seçkilər şəffaf şəkildə keçirilərsə, Azərbaycan daha möhtəşəm olacaq. Dövlət başçısı İlham Əliyevin gördüyü işlər daha effektiv görünəcək.

- Gələn il də parlament seçkiləri keçiriləcək. Bu barədə nə deyə bilərsiniz? Partiyalar hansı şəkildə hazırlaşmalıdırlar?

- İ.Əliyevin ölkədəki nüfuzu çox yüksək səviyyədədir. Şübhəsiz ki, bu seçkilərdən YAP qalib ayrılacaq. Amma namizədlərə siyasət xətrinə mandat vermək fəlsəfəsindən qaçmaq lazımdı. Demokratiya görünsün deyə, müxalifətə yer vermək olmaz. Parlamentdə layiqli namizədlər oturmalıdır. Bizdə müxalifətə müəyyən güzəştlər var. Bu yolverilməzdi. Seçkilər azad, şəffaf və demokratik keçirilməlidir. Bütün proseslərin şəffaf şəkildə aparılması üçün cəmiyyət də təpki göstərməlidir. Bütün işləri ölkə başçısının üzərinə atmaq olmaz. Bir nəfərlə bütün məsələlərin həllinə nail olmaq çətindi. Ölkə başçısı rüşvətin kökünü kəsmək üçün ciddi səylər göstərir. ASAN xidmətin yaranması heç də təsadüfi deyildi. Bu baxımdan düşünürəm ki, ictimaiyyət nümayəndələri də ayıq-sayıq olmalıdır.

- Son dönəmlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik daha da şiddətlənib. Bu hal cəmiyyətdə müharibə ritorikası yaradıb. Hətta, ötən günlərdə Dağlıq Qarabağ münaqişəsindən söz açan İ.Əliyev deyib ki, beynəlxalq hüququn işləməməsi və Ermənistanın məsələdə qeyri-konstruktiv mövqe sərgiləməsi Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb. Dövlət başçısının açıqlaması da müharibə mesajı kimi yozulur. Siz necə düşünürsünüz?

- Prezidentin bəyanatını yüksək dəyərləndirirəm. Bir millət olaraq ayağa qalxıb, torpaqlarımızın azad olunması üçün əlimizdən gələni etməliyik. Prezidentimiz həm bir vətəndaş, həm də dövlət başçısı kimi bu düşüncələri ortaya qoyur. Xalq İ.Əliyevi niyə sevir? Çünki hər kəs onun qətiyyətli addımlarının şahidi olub. Dövlət başçısı ölkəmizi doğrudan da sevir.

Dağlıq Qarabağ münaqişəsində ikili standartlarla çıxış edən Qərb ölkələri Ukrayna hadisələrindən sonra aktivləşməyə başlayıb. Bildirirlər ki, rəsmi Bakı Qarabağı Rusiyadan tələb etməlidir. Azərbaycanı Rusiya ilə qarşıdurmaya sövq etmək istəyirlər. Sizcə, ölkəmiz hansı addım atmalıdır. Bu təxribatlara necə adekvat cavab vermək olar?

- Azərbaycan əvvəldən olduğu kimi balanslaşdırılmış siyasətini davam etdirməlidir. Qonşu dövlətlərlə ehtiyatlı davranmalıdır. Düzdü, Rusiya tarixən bizə qənim kəsilib. Torpaqlarımızın itirilməsində, şimal qonşumuzn böyük rolu var. Bununla belə uzaq qonşuyla yaxın qonşu arasındakı münasibətlərdə diqqətli olmalıyıq. Elə diplomatiya yürütməliyik ki, müstəqilliyimizin yaşanmasında əngəllər olmasın. Rusiya Ukraynanı o vəziyyətə saldısa, bizi gözlərini qırpmadan məhv edərlər. Ukraynadan fərqli olaraq Azərbaycan islam ölkəsidir. Xristian qardaşına bu cür davranan Moskva bizə heç rəhm etməz. Bunları ölçüb-biçmək gərəkdir. Nəriman Nərimanovun gözəl bir fikri var. Onu iki mənada dərk etmək olar. Deyir ki, "Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır”. Əslində Nərimanov bu fikri ilə bəyan etmək istəmişdi ki, Azərbaycan hər mənada Rusiya ilə ehtiyatlı davranmalıdır.

Ayyət Əhməd