Hökumət sənədsiz evlər problemini yenidən gündəmə gətirir




Mehman Əliyev: "Hazırda paytaxtda aparılan bütün tikililər əslində qanunsuzdur, çünki Bakının Baş Planı hələ də yoxdur”

İradə Cavadova: "Əgər qanunsuz idisə, niyə həmin tikintiyə göz yumulub? Qanunsuz tikililərin ərsəyə gəlməsində ən az məsuliyyət daşıyan vətəndaşlardır”

Sənədsiz evlər məsələsi yenidən gündəmə gəlib. Baş nazirin müavini Abid Şərifov KİV-ə açıqlamasında "Azərbaycan hökuməti qanunsuz tikililərlə bağlı tədbirlər görəcək” deyib. Amma A.Şərifov tədbirlərin nədən ibarət olacağını açıqlamayıb. Hökumət rəsmisi sadəcə bunu deyib ki, yaxın bir-iki ay ərzində bununla bağlı müvafiq qərarın qəbul edilməsi gözlənilir.

Baş nazirin müavini vətəndaşların sürüşmə zonasında, yüksək gərginlikli elektrik xətlərinin altında, qaz kəmərlərinin yaxınlığında torpaq sahəsi alıb, ev tikməsinin sonradan problemlərə yol açdığını, təhlükəli vəziyyət yaratdığını vurğulayıb və əlavə edib ki, qanunsuz tikililərin inşasına qarşı ciddi tədbirlər görməyi düşünürlər.

"Kür” Vətəndaş Qərargahının üzvü, "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevsə qanunsuz evlər deyil, sənədsiz evlər ifadəsinin işlənməsinin daha düzgün olduğunu bildirdi:

- Kim harda nə tikirsə, bundan dövlət orqanlarının hamısının xəbəri olur. Heç kim icazəsiz daşı daş üstdə qoya bilməz. Sadəcə, qanunsuzluğa şərait yaradan və nəyinsə qarşılığında buna göz yuman məmurlar var. İstər icra hakimiyyətləri olsun, istər bələdiyyələr, istərsə də sahə müvəkkilləri. Kimisi özü üçün, ailəsi üçün 1 mərtəbəli, 2-3 otaqlı ev tikir ki, bir damın altına yığılsın, kimisi də 16 mərtəbəli bina inşa edir. Hazırda paytaxtda aparılan bütün tikililər əslində qanunsuzdur, çünki Bakının Baş Planı hələ də yoxdur. Deməli, bütün tikililər Baş Plandan kənar tikilir. Aparılan tikintilərin əksəriyyəti yüksək vəzifəli şəxslərə, onların himayə etdiyi tikinti şirkətlərinə məxsusdur. Vaxtilə tikilmiş evləri sənədləşdirmək çətin iş deyil. Sadəcə, burada şəffaflıq olmalıdır.

Hüquqşünas İradə Cavadova sənədsiz evlər probleminin çözülməməsinin əsasında məmur maraqlarının dayandığını dedi:

- Sənədləşmə prosesinin ləngiməsində ancaq məmurların marağı var. Mən də Abid Şərifovun açıqlaması ilə tanışam. Ümumi ifadələr işlədib. Cənab Prezident bir neçə il əvvəl sənədsiz evlərlə bağlı konkret göstərişlər verdi. Prezidentin göstərişindən sonra həqiqətən də canlanma başladı. Məsələn, sənədləşmə ilə bağlı bizə müraciət etmiş vətəndaşlar vardı ki, zəng edib deyirdilər, artıq "kupça” alıblar. Suraxanı rayonunda bu proses getdi. Ramanada, bəzi Bakı kəndlərində. Vətəndaşlar bildirirdi ki, evləri siyahıya alınıb, sənəd verilib. Amma təəssüf ki, hər yerdə eyni hal müşahidə edilmədi. Abşeronun bəzi yelərində sənədləşmə aparıldı, bəzi yerlərində yox. Novxanıda oldu, Binəqədidə yox. Elə məmurlar oldu ki, Prezidentin göstərişinə əməl etdilər, amma elələri də oldu ki, bu prosesə başlamadılar. Hətta elə rayon icra hakimiyyətləri oldu ki, vətəndaşları qorxutdular, "evləriniz söküləcək” deyib, insanları təzyiq altında saxladılar. Bilirsiz, qanunsuz adı qoyulmuş evlər nə bir günün, nə də 1 saatın içində tikilib. Əgər qanunsuz idisə, niyə həmin tikintiyə göz yumulub? Qanunsuz tikililərin ərsəyə gəlməsində ən az məsuliyyət daşıyan vətəndaşlardır. Vətəndaşın burada heç bir məsuliyyəti yoxdur. Vətəndaş məskunlaşma məcburiyyətindədir və özü üçün ev tikir. Hətta qəbiristanlıqda ev tikənlər də var. Məcburdur, tikir. Burada məsuliyyət daşıyan və cavabdeh də məmurlardır. İcra hakimiyyətlərinin nümayəndələri, bələdiyyələr, sahə müvəkkilləri. Birisi həyətinə 1 maşın daş gətirən kimi sahə müvəkkili böyürdən çıxır ki, pul ver, sonra tik. Bunu bilməyən yoxdur. Eləcə də icra hakimiyyətlərinə, bələdiyyələrə haqq ödənir, sonra tikintiyə başlanır. Amma evlər söküləndə zərər çəkən sadə vətəndaşlar olur. Hüquq-mühafizə orqanları qanunsuz tikiliyə icazə vermiş və ya buna bilərəkdən göz yummuş məmuru məsuliyyətə cəlb etmirlər. Əslində isə vəzifəli şəxs vəzifəsindən sui-istifadə etdiyinə, qanunsuzluğa şərait yaratdığına görə, məsuliyyətə cəlb edilməlidir və sökülən evin kompensasiyasını da ödəməlidir. Yerli icra hakimiyyəti orqanları vətəndaşın məskunlaşmasını təmin etməlidir. Və düzgün məskunlaşdırma aparmalıdır. Deyirlər, təhlükəli ərazilərdə evlər tikilib. Vətəndaş hardan bilməlidir ki, o ərazi təhlükəlidir, ya təhlükəsiz. Bunu icra orqanları deməlidir. Hər bir inzibati rayonun ərazisindəki təhlükəli sahələr müəyyənləşməli, mühafizə olunmalı, ora giriş qadağan edilməlidir. Əvəzində vətəndaşlara istifadə olunmayan torpaq sahələri dövlət rüsumu ödənməklə tikinti üçün paylanmalıdır. Və yaxud bələdiyyələrin icazəsi ilə vətəndaşa torpaq sahəsi verilməlidir. Bunlar çox sadə məsələlərdir və sivil qaydada həll oluna bilər. Amma bəzi məmurlar maddi maraq güddüklərindən həlli çox sadə məsələləri bilərəkdən çətinləşdirirlər. Vətəndaş heç bilmir hansı sahə hansı dövlət qurumunun, hansı özəl şirkətindir. Məmurlar da bundan sui-istifadə edir. Qanunsuz yaşayış ola bilməz. İnsanlar kredit götürür, borca girib ev tikirlər, illərlə o evdə yaşayır, kommunal xidmət haqqı ödəyirlər. Dövlət orqanları o evə qaz da çəkir, su da çəkir, sayğac da quraşdırır, telefon xətti də çəkir. Bu ev qanunsuzdursa, onda həmin xidmətlər niyə görülür? Burada heç bir labirint, çətin bir iş də yoxdur. Qanunsuz evlərin tikintisinə görə məsuliyyət daşıyan konkret şəxslər var və onlar da məsuliyyətə cəlb edilməlidir. Amma vətəndaşlarımızın bir çoxu hüquqlarını bilmədiklərindən məmurlar onları asanlıqla şantaj edir. Deyirlər, evin sənədsizdir, sənə kompensasiya düşmür. Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin hansısa söküntü və ya tikintinin aparılmasına dair sərəncamında bu işi həyata keçirəcək şirkətə söküntünü öz hesabına aparmalı olduğunu və vətəndaşın razı salınmasını qeyd edir. Bu da o deməkdir ki, şirkət vətəndaşlardan evi satın almalıdır. Amma özəl şirkətlər hansısa vəzifəli şəxslərə arxalanaraq sərəncamda yazılanlara əməl etmirlər. Vətəndaşın da sərəncamdan xəbəri olmadığından zərərçəkmişə çevrilir. Hansısa özəl şirkət insanların məlumatsızlığından istifadə edib apardığı söküntünü dövlət ehtiyacı kimi qələmə verir. İnsanları təhdid edirlər. Gərək vətəndaşlar ilk növbədə söküntü ilə bağlı sərəncamın onlara təqdim edilməsini tələb etsinlər, baxsınlar görsünlər orada nə yazılıb. Məhkəmələrə müraciət etsinlər. Düzdür, bu, vaxt aparan, baş ağrıdan işdir, amma vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri var, onların yardımından istifadə etsinlər.