“Bəzi məsələlər qanunla həll olunmur”

Fazil Mustafa: “Cəmiyyətin özünün davranış sistemində dəyişiklik edilməlidir”



Sabirabadda bir qrup şəxs arasında yaşanan "saqqal kəsmə” olayı ölkədə vəhhabi-şiə qarşıdurmasının yaranmasına səbəb olub. Hadisəni törədən şəxs həbs olunsa da, dini kəsimlər arasındakı gərginlik səngiməyib.

Bunu nəzərə alan bir sıra ilahiyyatçılar ictimaiyyəti narahat edən və təxribat olduğu düşünülən bu cür arzuolunmaz olayların təkrarlanmaması üçün bəzi təkliflər irəli sürüblər. Təkliflərdən ən maraqlısı Milli Məclisdə "dini təriqət və məzhəblərarası münasibətləri tənzimləyən qanunun” qəbul edilməsidir. Təklifi ortaya atan din adamları hesab edirlər ki, belə bir qanunun qüvvəyə minməsi bənzər məzhəb problemlərinin yaşanmasına mane olacaq. Ancaq təklifi qəbul etməyənlər, hətta gülüşlə qarşılayanlar da var. Məsələn, millət vəkili Fazil Mustafa belə bir qanunla məsələnin tənzimlənəcəyi fikri ilə razı deyil. Deputatın fikrincə, din və inanc cəmiyyətin özünün davranışı, ədəb-ərkanı ilə bağlıdır: "İslam dini insana vicdanlı və dözümlü olmağı aşılayır və bu xüsusiyyətlərə malik olan insan başqasının haqqını əlindən almır. Əgər bu anlayış bizdə yoxdursa, qadağayla, qanunla problemi həll etmək mümkün olmayacaq. Boş yerə özümüzü aldatmayaq. Məsələyə daha fərqli bir yanaşma olmalıdır. Fərqli yanaşma isə cəmiyyət üzvlərinin biri-birinə daha dözümlü yanaşmasıdır. Əks halda, yüz qanun qəbul etsən də, xeyri olmayacaq. Qanun olsa belə, işləməyəcək. Biz gender bərabərliyi haqqında da qanun qəbul etdik. Məgər ondan sonra qadın və kişi bərabərliyi təmin olundu, hüquqlar qorundu? Əlbəttə yox”. F.Mustafanın sözlərinə görə, bəzi məsələlər qanunla həll olunmur. Cəmiyyətin özünün davranış sistemində dəyişiklik edilməlidir: "Bunun üçün də sadəcə islam maarifçiliyinin düzgün aparılması lazımdır. Əgər ramazan ayında televiziyalarda, efirlərdə bir dənə də olsun din, islam, əxlaq haqqında proqram hazırlanıb verilmirsə, onda ictimaiyyətdən müsbət nə gözləmək olar? Əlbəttə, belə vəziyyətdə insanlar biri-birini təhqir edəcək, döyəcək və saqqallarını kəsəcək. Niyə buna heyrətlənirik ki?”.