Hər an Silahlı Qüvvələrə ehtiyac duyula bilər

Azərbaycanın ordu quruculuğu Ermənistanı əndişələndirir



Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş toplantı baş tutub. Tədbirdə müxtəlif sahələrə toxunan dövlət başçısı birinci rüb üçün nəzərdə tutulan bütün layihələrin uğurlu həyata keçirildiyini deyib.

Bundan sonrakı proseslərin ilin sonuna qədər yerinə yetiriləcəyini söyləyən İ.Əliyev qeyd edib ki, ölkəmizin effektiv və sürətli inkişafı davam edəcək. Uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik və iqtisadi inkişafın dayandığını deyən ölkə rəhbəri bəyan edib ki, uzaqgörən siyasət nəticəsində ölkəmizin neftdən asılılığı aşağı düşüb və ümumi daxili məhsulun böyük hissəsi qeyri-neft sektorunda gəlir. Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllindən söz açan dövlət rəhbəri ordu quruculuğu məsələsinə də məxsusi diqqət çəkib. Ordu quruculuğu prosesinin arzuolunan səviyyədə getdiyini diqqətə çatdıran İ.Əliyev bu sahədə islahatların dərinləşdiyini və nizam-intizamın artıdığını vurğulayıb: "Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir. Ordumuz gündən-günə güclənir. Ordu günündə və bu yaxınlarda cəbhə bölgəsində keçirilmiş təlimlər praktik və gücümüzü nümayiş etdirmək baxımından çox böyük əhəmiyyətə malik məsələlərdir. Bu yaxınlarda səfirlərlə görüşdə bu məsələ ilə, ümumiyyətlə, xarici siyasətlə bağlı sözlərimi kifayət qədər geniş demişəm. Təkrar etmək niyyətim yoxdu. Sadəcə olaraq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü əsas beynəlxalq hüququn norma və prinsipidir. Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər. Ölkə başçısının ordu və digər önəmli sahələrə göstərdiyi diqqət və qayğını müsbət dəyərləndirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, inkişaf etmiş ölkələr özünün ordu quruculuğunu, hərbi sənaye potensialını gücləndirmək üçün müxtəlif addımlar atır. İlk növbədə, milli qanunvericilik bazasını möhkəmləndirir. Azərbaycan da belə bir mütərəqqi yol tutub: "Azərbaycan Prezidenti, Ali Baş Komandan İ.Əliyevin tapşırığına əsasən ölkəmizin milli təhlükəsizlik konsepsiyası və bu sənədin əsasında Hərbi Doktrinası (HD) hazırlanaraq qəbul olunub. HD dövlətin vacib atributlarından biri sayılır. Bəzən Hərbi Konstitusiya da adlandırırlar. Azərbaycan müstəqillik qazandıqdan sonra HD-nin hazırlanması və qəbulu daim gündəlikdə olan bir məsələ idi. Azərbaycan müvafiq praktika əldə edərək, ordu quruculuğunu həyata keçirən qanunlar qəbul edərək HD hazırlayıb. Hesab etdik ki, tələsik HD qəbul edib, sonradan ona tez-tez dəyişikliklər etməkdənsə, artıq oturuşmuş hərbi sistemimizi bir doktrina halına salmaq daha düzgün olardı. Ötən müddət göstərdi ki, Azərbaycanın taktikası düzgün idi. HD Azərbaycanın özünün milli ordu quruculuğunu, eyni zamanda, beynəlxalq təcrübəni özündə birləşdirir. Hazırda milli çərçivələrdə qalan HD yoxdur. Bütün dünya bir-birinin təcrübəsini öyrənir. Bütün dünya ölkələri ən müsbət cəhətləri özünün hərbi konstitusiyasında yer tapmasına çalışır. Azərbaycan da bu yolu keçdi. İndiki halda HD Azərbaycanın ərazi bütövlüyünün qorunması, ordu quruculuğunun daim inkişaf etdirilməsində müvafiq baza rolunu oynayır”.

Hərbi qulluqçuların sosial müdafiəsindən danışan deputat düşünür ki, özünü hərbi peşəyə bağlayanlar yüksək məvacib alırlar: "Gələcəkdə pensiya təminatına dövlət tərəfindən zəmanət verilir. Hərbçilərin ailələri ya mənzillə təmin edilir, ya da kirayəyə mənzil tutularsa, kirayə haqqı ödənilir. Onların müalicə xərci dövlətin hesabınadır. Digər bu kimi məsələlər hərbçi peşəsini cəmiyyətdə çox populyar edib. Dövlətin büdcəsi artdıqca, sosial təminat məsələlərinə qoyulan normalar da artırılacaq. Hərbi qulluğa gələn hər bir kəs ilk gündən mənzillə, pulsuz müalicə ilə, istirahətlə, hətta təhsil məsələləri ilə bağlı dövlətin bütün təminatını ala biləcəklər”.

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu barədə göstərdiyi xidmətlərdən söz açan A. Mirzəzadənin fikrincə, H.Əliyev azərbaycanlıların hərbçi peşəyə yiyələnməsi, Azərbaycanın peşəkar hərbçilərlə təmin edilməsi işinə böyük diqqət yetirib: "Məhz ümummilli liderin səyi nəticəsində çoxlu sayda azərbaycanlı gənc ötən əsrin 70-80-ci illərində keçmiş SSRİ-nin ali hərbi məktəblərinə daxil olub. Hazırkı ordunun generaliteti bir nəfər kimi H.Əliyevin həmin dövrdə ali hərbi məktəblərə göndərdiyi gənclərin sırasından çıxmış şəxslərdir. Eyni zamanda, hərbi məktəbin yaradılması da bu işdə böyük rol oynayıb. İndiki halda Azərbaycanda hərbi istiqamətli 6 məktəb var. Bunun biri Hərbi Akademiya, üçü ali hərbi məktəb - ümumqoşun, təyyarəçilik və hərbi dənizçilik, ikisi isə hərbi liseydir. Bunlar Bakıdakı Cəmşid Naxçıvanski adına və Naxçıvandakı Heydər Əliyev adına Naxçıvan hərbi liseyidir. Bütün bunlar Azərbaycan Ordusunun peşəkar zabitlərlə təmin edilməsi, cəmiyyətdə hərbi vətənpərvərliyin təbliği işində böyük rol oynayır. Parlament üzvü qeyd edib ki, ordu ilə bağlı aparılan siyasət özünü tamamilə doğruldub: "Azərbaycanda NATO standartlarına cavab verən hərbi təhsil sistemi formalaşıb. Xarici ölkələrdən çox sayda insanlar Azərbaycan hərbi məktəblərində təhsil alır. O cümlədən bizim son dövrdə yaradılan Hərbi Akademiyamız da ali zabit heyətinin formalaşmasında böyük rol oynayır. Hərbi Doktrinada hərbi təhsil məsələsi də öz əksini tapıb. Bundan irəli gələrək gələcəkdə də hərbi məktəblərimizin, liseydən tutmuş hərbi akademiyaya qədər daha da təkmilləşməsi, ən yeni silahların öyrədilməsi, digər ölkələrin ordularının qabaqcıl təcrübəsinin Azərbaycana gətirilməsində böyük rol oynayacaq”.

A.Mirzəzadə onu da əlavə edib ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ordu quruculuğu 1993-cü ilə qədər pərakəndə halda həll edilsə də, H.Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda ordu quruculuğu prosesi ardıcıl və sistemli şəkildə həyata keçirilib: "Bu siyasəti inamla davam etdirən İ.Əliyev də Silahlı Qüvvələrin kəmiyyət və keyfiyyətcə komplektləşməsinə, daha da güclənməsinə çalışır. Onun hər bir çıxışı ordu quruculuğu məsələlərinin dövlətin daimi diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Ötən illər ərzində Azərbaycan ordusu böyük bir inkişaf mərhələsi keçib. Müasir texnikalar alınır. Bu texnikaların şəxsi heyət tərəfindən mənimsənilməsi prosesi başlanıb. Orduya çağırış sistemi təkmilləşdirildi, ölkədə hərbi-vətənpərvərlik atmosferi yaradıldı. Azərbaycan düşmən qarşısına düşünülmüş bir hərbi strategiya ilə çıxdı. Ölkənin hazırkı liderinin hərb sahəsinə ciddi diqqət yetirməsi güclü və döyüşkən ordunun yaranmasına səbəb olub. İndi Azərbaycan ordusunun ən müasir tələblərə cavab verən silahlı bir qurum olduğunu həm beynəlxalq hərbi tədqiqat mərkəzləri, həm də Ermənistan ordusunun generaliteti belə etiraf edir. Belə olan halda Ermənistanın işğal etdiyi torpaqlardan çıxmaması nəticə etibarı ilə münaqişənin hərbi yolla həllindən başqa yol qoymur. Azərbaycan problemin hərb yolu ilə həllinə də tam hazırdır. Artıq bütün dünya Azərbaycanın Silahlı Qüvvələrinin ötən əsrin 90-cı illərinin əvvəlindəki siyasiləşmiş dəstələr deyil, vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadir olan bir ordu olduğunun fərqindədir. Bütün parametrlər baxımından, işğalçı dövlətin ordusundan üstün olan Azərbaycan Silahlı Qüvvələri düşmənin zəbt etdiyi ərazilərimizdəki mövqelərini sıradan çıxarmaq iqtidarındadır. Bu mənada SQ-nin durumu Ermənistanda narahatlıq doğurmaya bilməz. Ordumuzun güclənməsi Azərbaycana düşmən olan qüvvələri, xüsusən də işğalçı Ermənistanı əndişəyə salıb. Biz ən yeni texnikaları gördük. Bu texnikaların Azərbaycan hərbi qulluqçuları tərəfindən peşəkarcasına idarə olunmasına şahidlik etdik. Hesab edirəm ki, işğalçı Ermənistan bütün bunlardan özü üçün nəticə çıxarmalıdır”.

Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin digər üzvü, millət vəkili Zahid Oruc bildirib ki, ordu quruculuğu sürətlə inkişaf edib. Və bu, işğalçı Ermənistanı əndişələndirməyə bilməz: "İ.Əliyev qabaqcıl Qərb sistemlərini bilən insandır. Onun Ali Baş Komandan kimi Azərbaycan ordusunun bütün sıra nəfərləri ilə, zabitləri ilə, əsgərləri ilə birbaşa təması var. Bu cür qayğı olan yerdə uğurların olmaması imkansızdır. Aydın məsələdir ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqeyə görə neytrallıq statusu ilə ərazilərimizi toxunulmaz saxlamaq da mümkün deyil. Buna görə Azərbaycan Silahlı Qüvvələrinə hər an ehtiyac duyula bilər. Hər şey göz qabağındadır. Son dönəmlər ermənilərin qorxuya düşdüklərinin şahidi oluruq. Azərbaycan ordusu hər an işğal altında olan torpaqları azad etməyə hazırdır”.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi-ekspert Üzeyir Cəfərov da hesab edir ki, Azərbaycan ordusu ən müasir hərbi texnika ilə təchiz olunub. Bu isə dövlətin ordu quruculuğuna verdiyi önəmin göstəricisidir: "Ermənilər çox narahatdır. Onlar bilirlər ki, alınan silahlar gec-tez erməniləri ərazilərimizi tərk etməyə məcbur edəcək. İnanıram ki, torpaqlarımız işğaldan azad olunacaq. Düşmən ölkə çox böyük narahatlıq içindədir. Azərbaycan öz torpaqlarının işğalı ilə uzun müddət barışmaq fikrində deyil. Buna artıq bir son qoyulmalıdır”.

Ayyət Əhməd