“Şübhəm yoxdur ki, Qarabağı qaytaracağıq”

Asim Mollazadə: “Ancaq siyasi baxışım ondan ibarətdir ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışmalıyıq”



Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ölkədəki ictimai-siyasi vəziyyətlə, Dağlıq Qarabağ ətrafında gedən proseslərlə, həmsədrlərin fəaliyyəti və irəli sürülən təkliflərlə bağlı "Şərq”in suallarını cavablandırıb. Maraqlı məqamlara toxunan DİP sədri deyib ki, dünyada hələ də ikili standartlar hökm sürür.

Əgər buna son qoyulmasa, müharibələr bitməyəcək, münaqişələr həll olunmayacaq: "Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına şübhə etmirəm. Sadəcə olaraq, bunun nə vaxt baş verəcəyi sual altındadır. Lakin hər şeyə rəğmən, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Biz hüququn aliliyinin tərəfdarıyıq. Buna görə də, beynəlxalq hüquq normalarının kağız üzərində yazılan boş sözlər yox, real işdən ibarət olmasını istəyirik”.

- 22 ildir danışıqlar yolu ilə həllini tapmayan Dağlıq Qarabağ probleminin müharibə variantı ilə çözülməsi təklifinə münasibətiniz necədir?

- Azərbaycan dövlətinin yürütdüyü siyasətin ən əsas hədəfi münaqişənin sülh yolu ilə həllindən ibarətdir. Dövlətin hər bir işi - iqtisadiyyatı, xarici siyasəti, təhlükəsizliyi və Silahlı Qüvvələrin güclənməyi də Dağlıq Qarabağla bağlıdır. Şübhəm yoxdur ki, Qarabağı qaytaracağıq. Ancaq bu yolda bir amil olduqca mühümdür. Bununla bağlı siyasi baxışım ondan ibarətdir ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışmalıyıq. Çünki ən böyük dəyər hər bir azərbaycanlının həyatıdır. İstəmirəm ki, müharibə olsun, gənc oğullarımız vaxtsız həyatla vidalaşsın. Çünki savaş ən qəhrəman oğlanlarımızı ya əlimizdən alır, ya da əlil edir. Dağıdılmış şəhəri bərpa etmək olar. Partladılmış avtomobilin əvəzinə yenisini almaq olar. Amma insan həyatı heç zaman əvəz oluna bilməz. Əminəm ki, münaqişənin sülh yolu ilə həllinə şans var.

- Münaqişənin həlli istiqamətində bəlkə də ilk dəfədir ki, həmsədrlərin bu qədər fəallığı müşahidə olunur. Amma ən diqqət çəkən məqam problemin qaynağı hesab olunan Rusiyanın aktivliyidir. Sizcə, Moskvanın canfəşanlığından nəsə gözləməyə dəyərmi?

- Belə şeylərə ümid etmək lazım deyil. Biz dəfələrlə həmsədrlərin bu və ya digər şəkildə Dağlıq Qarabağ problemini "həll etmək” istəmələrinin şahidi olmuşuq. Ancaq çox təəssüflər olsun ki, bu fəallıq Azərbaycana müsbət heç nə verməyib. Çünki münaqişənin həlli istiqamətində konkret addımlar atılmayıb. Sadəcə, problem ətrafında quru söhbətlər gedib. Amma işğalçı dövlətə qarşı təzyiqlər, sülhə məcbur etmə cəhdləri müşahidə olunmayıb. Bu baxımdan hesab edirəm ki, indiki canlanma qısa müddətdən sonra nəticəsiz olaraq sönüb gedəcək.

- Deməli, digər həmsədr ölkələrin, ABŞ və Fransanın birgə fəaliyyətindən də müsbət nəticə çıxmayacaq...

- İndiyə qədərki təcrübə göstərir ki, bu da nəticəsiz olacaq. Qərb dövlətlərinin aktivliyi imitasiya yaratmaqdan başqa bir şey deyil.

- İlkin mərhələdə işğal olunmuş 7 rayonun qaytarılması və Qarabağda sülhməramlıların yerləşdirilməsi təklifi barədə nə deyə bilərsiniz?

- Uzun illərdən bəri Azərbaycan-Ermənistan arasında atəşkəs rejimi var və heç bir sülhməramlı qüvvələr olmadan bu proses qorunub saxlanılır. Bu baxımdan işğal olunmuş ərazilərimizdə hansısa sülhməramlı güclərin olmasını məqbul hesab etmirəm. Həmçinin, düşünürəm ki, Dağlıq Qarabağda rus və ya digər beynəlxalq qüvvələrin yerləşdirilməsi Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə yarada bilər. Onu da xatırlatmaq istəyirəm ki, Abxaziya və Osetiyada da sülhməramlılar var idi. Amma bu bölgələrin taleyinin necə bitdiyini hamımız gördük. Bu gün Azərbaycan üçün ən həssas məsələ müstəqillik amilidir. Hər zaman xaricdə olanda üzümü xarici nümayəndələrə tutub demişəm ki, biz "böyük qardaş”ımıza ona görə əlvida deməmişik ki, kimsə gəlib onların yerini alsın. Nə Vaşinqton, nə Bürüssel, nə Ankara, nə də yenidən Moskva "böyük qardaş”ımız olacaq. Bizim qardaşa deyil, tərəfdaşa ehtiyacımız var. Əsas missiyamız dövlətimizin, xalqımızın, ordumuzun gücünü artırmaqdan ibarət olmalıdır.

- Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan Paris görüşü haqda nə deyə bilərsiniz? Sizcə, erməni lobbisinin təsiri altındakı Fransa hökumətinin təşkil etdiyi görüşdən müsbət nəticə ala biləcəyikmi?

- Yaxın müddətdə belə bir görüşün baş tutacağını gözləmirəm. Çünki istənilən görüş nəyəsə həsr olunmalıdır. Prezidentlərin görüşlərinin arxasında çox ciddi hazırlıqlar olmalı, müvafiq sənədlər və qərarlar hazırlanmalıdır. Ancaq bunların heç biri yoxdur. Azərbaycan görüş naminə görüşməkdən yorulub.

- Minsk Qrupu həmsədrlərinin yarıtmaz fəaliyyəti ciddi şəkildə tənqid olunur. Necə düşünürsüz, qurumun formatının dəyişdirilməsi effektli ola bilərmi?

- Çox təəssüflər olsun ki, Ermənistan müstəqil qərar qəbul edən bir dövlət deyil. Ermənilərin yerinə qərar verən başqa ölkədir. Ona görə də, bu prosesdə dünyanın nüfuzlu ölkələri və təşkilatları müvafiq qərarlar verərək, təkcə işğalçı Ermənistan üzərində yox, eyni zamanda onların sahibləri olan Rusiya üzərində də təzyiqlər tətbiq etməlidirlər. Əks halda, hansısa qurumda format dəyişməklə nəyəsə nail olmaq mümkün olmayacaq.

- Bir qədər də ölkədaxili siyasi proseslərə nəzər salaq. Hazırkı ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiz? Proseslər nə vəd edir?

- Prezident seçkilərindən sonra elə bir yenilik yoxdur. Bilirsiz ki, hər zaman siyasi aktivlik seçki prosesi ilə bağlı olur. Bu ilin ən mühüm siyasi hadisəsi də bələdiyyə seçkiləridir. Hazırda siyasi həyatda bələdiyyə seçkilərinə hazırlıq gedir. Amma bələdiyyə seçkiləri Azərbaycan siyasi həyatında çox da əhəmiyyətli hesab olunmur. Səbəbi isə hamıya bəllidir.

- Rəhbərlik etdiyiniz partiya bələdiyyə seçkilərində iştirak edəcəkmi?

- Bəli, mütləq iştirak edəcəyik.

- Partiyanız müxalifyönlü olsa da, siyasi proseslərdə o qədər də aktiv iştirak etmir. Bu nə ilə bağlıdır?

- Biz bütün proseslərdə iştirak edirik. Hansısa başqa partiyaların bizdən artıq, ciddi fəallığını görmürəm.

- Bəs qarşıdan gələn parlament seçkilərinə necə hazırlaşırsınız? Deputatlığa namizəd olacaqsınızmı?

- Bunu gələn il parlament seçkilərinə hazırlaşanda müzakirə edib, bu barədə qərar verəcəyik. Hələ ki, dəqiq qərarımız yoxdur. Hazırda gündəmdə bələdiyyə seçkiləridir.

İsmayıl