Məşhurlar haqqında yalan ölüm xəbərləri yayılır

Sayt rəhbərlərinin problemə baxışı fərqlidir





Son vaxtlar saytlarda dezinformasiyalar geniş yayılmışdır. Bəzi məqamlarda məlumatlar dəqiqləşdirilmədən xəbər saytlarında yerləşdirilir, lakin sonra öz təsdiqini tapmır. Bu yaxınlarda Əməkdar artist Xanım Qafarovanın hələ sağ ikən ölüm xəbərinin yayılması və yaxud dünya şöhrətli cərrah, professor Cavad Heyətin vəfatı haqqında məlumatların yalan olmasını və digər faktları bunlara misal göstərmək olar.

Belə hallar cəmiyyət tərəfindən narazılıqla qarşılanır və insanlar tərəfindən sərt reaksiya göstərilməsinə səbəb olur.

Mediaforum.az xəbər saytının baş redaktoru Azər Qaraçənli belə yalan məlumatların yayılmasının səbəbini informasiya mənbələrinin qapalı olmasında görür: "Konkret misallara baxsaq, Cavad Heyət Azərbaycan xalqının tanıdığı insandır. Alim, həkim olmaqla yanaşı, həm də "Varlıq” kimi məşhur jurnalın təsisçisi və rəhbəridir. C.Heyət Gömrük Hospitalından əvvəl başqa klinikada idi. Bu zaman biz o klinikaya müraciət edəndə çox çətinliklə məlumat ala bildik. Ancaq belə insan xəstəxanaya düşəndə gərək yaxınları və qohumları ictimaiyyətə məlumat verərdilər.

Jurnalistlər bu məlumatları təsadüfən əldə edən zaman onların ailəsi verilən suallara cavab vermək istəmirlər. İnformasiya qaynaqları jurnalistlərlə normal ünsiyyət saxlasalar, jurnalist yanlış məlumat yaymaz. Tanınmış insanların səhhətləri ilə bağlı heç bir jurnalist yanlış məlumat yaymaqda maraqlı deyil”.

A.Qaraçənlinin fikrincə, bəzən yanlış məlumatın yayılmasının digər səbəbi jurnalistin tələskənliyidir: "İnternet dövrü olduğuna görə, saytlar operativliyi itirməmək xatirinə bəzən belə səhvlərə də yol verirlər. Jurnalist məsuliyyəti sosial şəbəkələrdə yazışan şəxslərin məsuliyyəti ilə eyni deyil. Bəzən doğru olmayan məlumatlar jurnalistlərə sosial şəbəkələr vasitəsilə çatır. Ona görə də sosial şəbəkələrdə yayılan informasiyaya jurnalistlər ehtiyatla yanaşmalıdırlar”.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı isə kimsənin ölümünü yalan şəkildə təqdim edilməsini mətbuatın ölməsi kimi qiymətləndirir: "İnsanın ölümünü yalan yazılması mətbuatımızda ciddi problemlərin olmasından xəbər verir. O qədər iş tapmayan, qeyri-peşəkarların çoxu jurnalistikaya gəlib ki, vəziyyət bu həddə çatıb”.

Həmişə qoyun sürüsü qabağa gedərkən biri qayadan düşəndə o biriləri də özünü onun dalınca atır. Bu bizim peşəkarlara aid deyil. Amma peşəkar olmayanlar bu şəkildədirlər. Biri yalan məlumat yayır, o biriləri də bunu istinad verərək arxasınca düşürlər. Sonra da təkzib veriləndə, digərləri də bu formada təkzib verməyə başlayırlar”.

E.Eyvazlı yalnız insan ölümü ilə bağlı deyil, eyni zamanda ordu və əsirlərlə bağlı yayılan yalan məlumatlara öz etirazını bildirib: "Bunlarla bağlı baxın görün nələr yazırlar. Erməni mətbuatı nə yazırsa, onlar da ağızlarına gələni götürüb tərcümə edib saytda yerləşdirirlər. Bu məsələlərlə bağlı çox ciddi problemlər var, qarşısıalınmaz və dözülməz bir hala gəlib çatıb”.

E.Eyvazlı bu formada cəmiyyətə məlumat çatdıranların vətəndaşlığına şübhə edir: "Bir kəs ki erməni təbliğat maşının mənafeyinə xidmət edən yazıları vergül və nöqtəsinə dəymədən "copy”, "paste” edərək Azərbaycan mediasında yerləşdirir, bu sadəcə nankorluqdur. Belə vəziyyətlə bağlı media rəhbərlərimiz bir araya gələrək ciddi müzakirələr aparmalıdır”.

Vüqar Şahinoğlu