51 gündən sonra icra başçısı ananın göz yaşlarını qurutdu

Nargilə Bayramova Sabunçu rayonunun rəhbərinə minnətdarlığını bildirir




Son dövrlər paytaxt Bakı da daxil olmaqla Azərbaycanın əksər bölgələrində geniş tikinti və quruculuq işləri aparılır. Əlbəttə, əsas məqsəd ölkəmizin abadlaşdırılması və inkişafıdır. Amma bəzən aparılan tikintilər zamanı bir sıra problemlər də meydana gəlir. Çünki əksər hallarda tikintini həyata keçirən şirkətlər plana düşən əraziləri və evləri sahiblərindən almaq məcburiyyətində qalırlar.

Yaşadığı evi plana düşən paytaxt sakinlərindən biri də Sabunçu rayonu, Əsədulla 1a, mənzil 5-də yaşayan Bayramova Nargilə Məmməd qızıdır. N.Bayramova sahib olduğu 220 kvadrat metr ərazinin bütün hüquqi sənədlərinin olduğunu əsas gətirərək şirkətin onun mülkünü sökməsinə mane olub. Amma ərazidə tikinti işlərini həyata keçirən "AzVirt” MMC tibb işçisi kimi fəaliyyət göstərən Nargilə Bayramovanın evini sökməkdə qərarlı olub. Hətta bir gün ev yiyəsinə xəbər veriblər ki, söküntü işlərini həyata keçirən ekskavatorlar artıq evin hasarlarına yaxınlaşıb. Məlumat üçün bildirək ki, ərazi məsələsi ilə Nargilə xanımın uzun illər dövlət orqanlarında çalışmış həyat yoldaşı məşğul olurmuş. Amma o, ötən günlərdə dünyasını dəyişdiyinə görə, işin arxasınca evin xanımı özü düşüb. Ərazinin əldən çıxmasına mane olmaq üçün ay yarım ərzində N.Bayramovanın üz tutmadığı, döymədiyi qapı qalmayıb. Amma təəssüflər olsun ki, gözüyaşlı xanımın müraciətinə məhəl qoyan tapılmayıb. Nəhayət, 51 gün bu şəkildə tikinti şirkətinə müqavimət göstərən xanımın imdadına Sabunçu rayonunun icra başçısı Adil Vəliyev çatıb. N.Bayramovanı qəbul edərək onun dərdini dinləyən icra başçısı ziyalı xanımın problemini kökündən həll edib. A.Vəliyevin şəxsən işə qarışması nəticəsində N.Bayramovaya sahib olduğu ərazinin həqiqi dəyəri ödənilməklə yanaşı, həmçinin ev tikmək üçün əlavə torpaq sahəsi də verilib. Bu səbəblə icra başçısının yardımı ilə sanki yenidən dünyaya gələn N.Bayramova ailəsinə xoşbəxtlik və sevinc nəsib edən hörmətli icra başçısı Adil Vəliyevə öz dərin təşəkkürünü bildirir və ona minnətdarlıq edir.

İsmayıl