Elməddin Muradlı:"Bu proses niyə tərsinə həyata keçirilir? Düşünürəm ki, aidiyyəti qurumlar problemlə bağlı mütləq tədbirlər görməlidirlər”
"Küçələrdə təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçiləri öz təhlükəsizliklərinə laqeyd yanaşırlar”.
Bunu "Sherg.az”a Bakıda növbəti dəfə avtomobilin süpürgəçi qadını vurub öldürməsi hadisəsindən danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib.
O diqqətə çatdırıb ki, eyni zamanda küçələrin təmizlənməsində insan əməyinin müasir texnika ilə əvəzlənməməsi problemi də qalır:

"Tək süpürgəçilər deyil, digər insanlar, yollarda hərəkət edən piyadalar da öz həyatına laqeyddir. Əksəriyyət yolun hərəkət hissəsində asanlıqla hərəkət edir, təhlükəsizlik qaydalarına riayət etmir.
Təmizlik işlərində müasir texnikaları tətbiq etməklər problemi aradan qaldırmaq olar. Elə sahələr var ki, orada texnikanın istifadəsi mümkün deyil, ehtiyac da yoxdur. Məsələn, məhləarası yolları kommunal təsərrüfat işçiləri təmizləyə bilər. Amma magistral, şose yollarında həmin şəxsləri təmizliyə cəlb edib, ölümə göndərmək düzgün deyil.
İndiyə qədər kommunal təsərrüfat işlərini həyata keçirmək üçün milyonlarla pul xərclənib, texnika alınıb. Amma maraqlıdır ki, küçələrdə bu texnikalardan istifadə edilmir. Üstəlik, şəhər sakinlərinin sözlərinə görə, müstəqilliyimizin ilk illərində küçələrdə belə texnikalardan istifadə olunub. Bəs indi bu müasir texnikalar haradadır, niyə istifadə olunmur? Dövlət tərəfindən hər bir sahəyə müvafiq pul ayrılır. Amma heç bir iş görülmür.
Bakı Şəhər İcra Hakimiyyətinin hesabatlarına nəzər salsaq, çox sayda texnikanın alındığı barədə qeydlər görərik. Nədənsə, bu tədbirlər kağız üzərində qalır, tətbiq edilmir. Bəzi parkları, məsələn Dənizkənarı Milli Parkı xüsusi texnika ilə təmizləyirlər. Halbuki parkların təmizlənməsində insan əməyindən istifadə ciddi təhlükə yaratmır. Bunun əvəzində insanları magistral yollarda, təhlükə saçan hissələrdə işlədirlər. Bu proses niyə tərsinə həyata keçirilir? Düşünürəm ki, aidiyyəti qurumlar problemlə bağlı mütləq tədbirlər görməlidirlər”.
Qeyd edək ki, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi "Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayeva orada ölüb.
Aysel Aslan