Fazil Mustafa “Orta məktəblərdə üzgüçülük dəsrləri keçirilməlidir. Bizdə isə təhsil müəssisələrində üzgüçülüyün inkişafı üçün maddi-texniki baza yoxdur"
"Regionlarda yerləşən kiçik su hövzələrinə nəzarətin edilməsi mümkünsüzdür. Yerlərdə idarəetmə orqanı olan bələdiyyələr də bu prosesi həyata keçirmək üçün lazımi qədər ştata malik deyillər”.
Bu barədə "Sherg.az”a bölgələrdəki su hövzələrində boğulma hallarının artması və bu qanunsuz çimərliklərlə bağlı nəzarət mexanizminin olmamasından danışarkən millət vəkili Fazil Mustafa bildirib.
Onun fikrincə, əsl problem ölkəmizdə üzgüçülüyün inkişaf etdirilməməsidir:

"Orta məktəblərdə, təhsil müəssisələrində üzgüçülüyün inkişafı üçün maddi-texniki baza yoxdur. Müxtəlif istirahət müəssisələrinin nəzdində fəaliyyət göstərən üzgüçülük hovuzlarında isə qiymətlər bahadır. Hesab edirəm ki, dövlət qurumları şərait yaratmalı, vətəndaşların kütləvi şəkildə üzgüçülüklə məşğul olmasına şərait yaratmalıdırlar.
İnsanlar az da olsa üzgüçülük vərdişlərinə sahib olmadığına görə, su hövzələrində boğulma halları tez-tez baş verir. Yenə qeyd edirəm ki, nəzarətsiz su hövzələrinə nəzarəti gücləndirməklə problem həll edilməyəcək”.
İnsanların şəhər ərazisindəki müxtəlif parklarda olan fontanlarda, süni göllərdə çimməsinə gəlincə, F.Mustafa bunun gigiyena cəhətdən düzgün olmadığını xatırladıb:
"Xüsusilə, uşaqları bu su hövzələrinə buraxmaq olmaz. Antisanitar olan həmin sularda çimməyə icazə verilməməlidir. Amma anomal istilər hökm sürən digər ölkələrdə də insanlar parklardakı su hövzələrində sərinlənir. Bu, qarşısıalınmaz məsələdir”.
Qeyd edək ki, İsmayıllı şəhərinin Nizami küçəsi 17 ünvanında yaşayan 2001-ci il təvəllüdü Hacıyev Əsəd Nəsimi oğlu dostları ilə birgə göldə çimərkən ehtiyatsız edib və suda boğularaq dünyasını dəyişib.
Son vaxtlar Bakıda və regionlarda bu kimi boğulma hallarının artması su hövzələrinə ciddi nəzarət olunması problemini gündəmə gətirib. İnsanlar bələdiyyələrin və digər yerli orqanların kiçik su hövzələrinə nəzarət etməsini, bu ərazilərə azyaşlıların, yeniyetmələrin buraxılmamasını təklif edirlər.
Aysel Aslan