İtaliyanın ATƏT-in sədri olduğunu nəzərə almalıyıq

Bu təşkilat sözdə də olsa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur



İtaliya Prezidenti Sercio Mattarella Ermənistana səfər edib. Mattarella səfər çərçivəsində ermənistanlı həmkarı və ermənilərin katolikosu II Qareginlə görüşüb.

İrəvanda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışan İtaliya prezidenti sülh danışıqlarını bərpa etmək üçün əlindən gələni edəcəyini bəyan edib. Onun sözlərinə görə, İtaliya ATƏT sədri qismində münaqişənin Helsinki Yekun Aktının müddəalarına əsasən həll olunmasına kömək edəcək: "Sülhü təmin etmək lazımdır. Danışıqları bərpa etmək üçün əlimizdən gələni edəcəyik. Münaqişənin nizamlanması yalnız Minsk Qrupu çərçivəsində və beynəlxalq hüquq normalarına əsasən siyasi yolla əldə edilə bilər”.

Məlumat üçün deyək ki, Sercio Mattarella Ermənistandan öncə Azərbaycanda səfərdə olub. Prezidentin Bakıdan sonra İrəvana səfər etməsi İtaliyanın münaqişənin həlli ilə bağlı regionda xüsusi aktivliyi kimi dəyərləndirilir. Lakin bunun əksini düşünənlər də az deyil.

Politoloq Elxan Şahinoğlu bildirib ki, hansısa prezidentin Azərbaycandan dərhal sonra Ermənistana səfər etməsi bizim xoşumuza gəlmir: 

"Ancaq indiki halda İtaliyanın ATƏT-in hazırkı sədri olduğunu nəzərə almalıyıq. Bu təşkilat sözdə də olsa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur. Ona görə də ATƏT-ə sədrlik edən dövlət bir-biri ilə müharibə vəziyyətində olan Azərbaycanla Ermənistan arasında balans saxlamağa çalışır. Əgər ATƏT sədri olan ölkənin prezidenti bu dövlətlərdən yalnız birinə səfər etsəydi, bu onun vasitəçi kimi mövqeyinə mənfi təsir edərdi. Buna baxmayaraq, İtaliya ilə Azərbaycan arasındakı əməkdaşlıq imkanları İtaliya-Ermənistan arasındakı əməkdaşlıq imkanlarından daha genişdir. İtaliya ilə Azərbaycan arasında ticarət mübadiləsi milyardlarla dollarla ölçülür. Buna görə də İtaliya prezidenti Ermənistanda daha çox humanitar əlaqələrdən və tarixi yaxınlıqdan danışa bilirdi”.

İsmayıl