İddiaların məntiqi əsası yoxdur

Qarabağ münaqişəsinin həll olunmasında maraqlı olan bir nömrəli qüvvə varsa, o, iqtidardır



Son vaxtlar sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatının aparıldığını görürük. Müxtəlif statuslarda, rəylərdə və videomüraciətlərdə Azərbaycanda dini və milli azlıqların sıxışdırılması, dindarların hüquqlarının pozulması kimi əsassız iddialar irəli sürülür. Dini öz məkrli planlarına alət etmək istəyənlər onu mənəvi, əxlaqi kamilliyə səsləyən yönlərindən "arındıraraq” siyasi müstəviyə çəkmək istəyirlər.

Lakin bunların arasında ən çirkin və vicdansız hərəkət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gündəmə gətirilən əsassız iddialardır. Bir qrup ermənipərəst qüvvələr sosial şəbəkə üzərindən açıq təxribatla məşğul olaraq iddia edirlər ki, guya, "25 il ərzində hökumət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi iş görməyib”. Halbuki ağlı başında olan və milli-mənəvi dəyərlərə sahib hər bir vətəndaş ötən illər ərzində münaqişənin həlli ilə bağlı atılan mühüm addımların fərqindədir. Hər fürsətdə problemi ən yüksək tribunalara daşıyan hökumət torpaqların sülh və ya müharibə yolu ilə azadlığı üçün istənilən davranışı ortaya qoyub və bundan sonra da qoyacaq. Demək olar ki, dövlətin daxili və xarici siyasətinin əsas predmetləri məhz torpaqlarımızın işğaldan tam şəkildə azad olunması üzərində qurulub. Dağlıq Qarabağ məsələsi hər dövrdə prioritet olub. Şanlı aprel savaşında və Günnüt qələbəsində torpaqlarımızın bir hissəsinin düşməndən təmizlənməsi göstərir ki, Azərbaycan tərəfi heç vaxt ərazilərinin işğal altında olması ilə barışmayacaq.

Son günlər aparılan anti-Azərbaycan təbliğatı ilə bağlı "Şərq”ə fikirlərini bölüşən tanınmış politoloq Nəzakət Məmmədova deyib ki, Qarabağ münaqişəsinin həll olunmasında maraqlı olan bir nömrəli qüvvə varsa, o, məhz Azərbaycan iqtidarıdır: 

"İqtidar niyə münaqişəni həll etmək istəməsin?! Bunu iddia etmək ən absurd bir yanaşmadır və heç bir məntiqi əsası yoxdur. Qarabağ münaqişəsinin həlli Azərbaycanın, Azərbaycan iqtidarının bir nömrəli problem adlandırdığı məsələdir. Azərbaycan dövlətinin başçısı bütün yerli və beynəlxalq görüşlərdə, tədbirlərdə bu məsələni diqqət mərkəzində saxlayır. Bunun üçün əlverişli zəmin hazırlanıb, böyük işlər görülüb, iqtisadiyyat, ordu quruculuğu inkişaf etdirilib. Lakin elə məsələlər var ki, onların həlli bizim iradəmizdən asılı deyil. Beynəlxalq münasibətlərdə ikili standartlar, beynəlxalq təşkilatların qeyri-obyektivliyi, erməni lobbisinin həmsədr ölkələrdə ardıcıl fəaliyyəti, eləcə də həmsədr ölkələrin öz aralarında olan ziddiyyətli münasibətlər və Cənubi Qafqazda nüfuz savaşı Qarabağ məsələsinin həllinə mane olur”. Politoloq bildirib ki, Azərbaycanda iğtişaş yaratmaq istəyən xarici qüvvələr və qrant naminə onlarla əməkdaşlıq edən yerli əlaltıları hakimiyyəti qərəzli şəkildə tənqid etməklə ictimaiyyət arasında qəsdən çaşqınlıq yaradır, dövlət və xalq arasında olan birliyi sarsıtmağa çalışırlar: "Lakin onların səyləri əbəsdir. Azərbaycan 25 ildə böyük inkişaf yolu keçib, dövlətçiliyimiz möhkəmlənib. Bu qüvvələr özləri də bilirlər ki, heç nəyə nail ola bilməyəcəklər və danışdıqları əsassız iddialardır. Sadəcə, dövlətçilik məsələlərini biznesə cevirib bununla gəlir əldə etmək, varlanmaq yolu seçiblər. Lakin xalq onların cəfəng fikirlərindən bezib. Odur ki, bu məsələlərin yaxın zamanlarda bir sonu olacağını düşünürəm”.

İsmayıl