Siyasi və iqtisadi sabitlik xarici sərmayədarların Azərbaycana yönəlməsini təmin edir
Azərbaycan müstəqil siyasət aparan, güclü iqtisadiyyata malik olan bir ölkədir. Bunu iqtisadiyyatda qeydə alınan rəqəmlər də təsdiqləyir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsul üç dəfədən çox artıb. Bu müddət ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir.
Valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Dünya Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Bu onu göstərir ki, ölkədə iqtisadi şaxələndirmə siyasəti uğurla aparılır. Davos Forumunun hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Həmçinin agentliklərin hesabatında bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı qeyd edilir. Məlumdur ki, depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə dollarlaşmanın səviyyəsi 41 faizdən 39 faizə düşüb. Hesabatda vurğulanıb ki, neftin yüksək qiymətləri, "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması və "Şahdəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracatının artmasına təkan verəcək. Daxili balansın profisitinin artımı Dövlət Neft Fondunun aktivlərinin və beynəlxalq rezervlərin həcmini bərpa etməyə kömək edəcək”. "Fitch”-in proqnozlarına görə, 2018-ci ildə "Brent Crude” neftinin 1 barelinin qiyməti 70 dollar, 2019-cu ildə 65 dollar, 2020-ci ildə isə 57,5 dollar olacaq. "Standard & Poor’s” reytinq agentliyinin yeni hesabatında da qeyd edilib ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq. "Standard & Poor’s” reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda "VV+V” səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib. Agentlik, həmçinin hesabatında qeyd edib ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan "Şahdəniz” qaz kondensat yatağının hazırlamasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da öncədən planlaşdırılmış qrafikə uyğun olub. Hesabatda qeyd edilir: "Növbəti 4 ildə qaz ixracının tədricən artmasını gözləyirik. Belə ki, layihə tam miqyası ilə işə düşəcək və bu, daha geniş iqtisadi fəallığı özündə ehtiva edir”.
Beynəlxalq agentliklərin Azərbaycandakı sosial və siyasi sabitliklə bağlı proqnozlarına münasibət bildirən millət vəkili Araz Əlizadə "sherg.az” deyib ki, hansı ölkədə sosial, siyasi sabitlik varsa, həmin ölkəyə yatırılan investisiyalar da çox olur. Deputat bildirib ki, Azərbaycanda dayanıqlı sosial, siyasi sabitlik mövcuddur və iqtisadiyyatın inkişafına heç bir qüvvə mane olmur və bu mənada ölkəmizə investisiya axını davam edir:
"Amma bunu istəməyən qüvvələr də var. Bu şəxslər həm Azərbaycanın daxilində, həm də xaricində fəaliyyət göstərirlər. Həmin qüvvələrin ölkəmizdəki stabilliyi pozmaq cəhdləri hüquq-mühafizə orqanlarının ayıqlığı nəticəsində aradan qaldırılır”. Ölkəmizdə son illər prioritet məsələyə çevrilən qeyri-neft sektorunun inkişafına gəlincə, A.Əlizadə qeyd edib ki, turizm və kənd təsərrüfatının inkişafı Azərbaycanda qeyri-neft sektorunun çiçəklənməsinə müsbət təsir göstərib: "Neftdən əldə edilən gəlirlər bu sahənin tələbatlarını ödədikdən sonra qeyri-neft sektorunun tərəqqisinə yönəldilməlidir. Azərbaycan xalqının gələcəyinə xidmət edən addımlar atılmalıdır. Prezident İlham Əliyev də bu məsələləri əsas götürərək, səmərəli işlərə imza atır. Bu mənada Azərbaycan iqtisadiyyatının yalnız neftdən asılı olması barədə iddialar əsassızdır”.
İsmayıl