ABŞ isə istədiyi Türkiyəni görməyincə təzyiqləri artıracaq
Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında mühüm qərarlar verilib. 6 saata yaxın davam edən iclasın sonunda yekun bəyannamə qəbul edilib.
Bəyannamədə ABŞ-ın Türkiyə ilə təhdid dilində danışmasının qəbuledilməz olduğu deyilib: "Bu yanaşma iki ölkə arasında müxtəlif sahələrdə olan razılaşmalara ciddi zərbə vurur”. Bundan əlavə, hökumətin Suriya siyasəti, FETÖ və YPG ilə mübarizə yolları haqda müddəalar da yer alıb. Xatırladaq ki, son günlər casusluqda ittiham olunan amerikalı rahib Endryu Bransonun Türkiyədə həbs edilməsi tərəflər arasında qarşıdurmaya səbəb olub. Hər iki dövlət qarşılıqlı sərt açıqlamalarla biri-birini ittiham ediblər. Vaşinqton rahibin dərhal buraxılmasını tələb edib. Ankara hökuməti isə üzünü ABŞ-a tutaraq "heç kim bizimlə əmr formasında danışa bilməz” deyib.
İki müttəfiq ölkənin ziddiyyətindən danışan politoloq, Türkiyədə yaşayan siyasi ekspert Toğrul İsmayıl bildirib ki, 15 iyulda hərbi çevrilişə cəhddən sonra FETÖ ilə mübarizə çərçivəsində amerikalı rahib bu siyasi bazarlığın bir parçası halına gəlib: "Bu cür məsələlər dövlətlər arasında olur. ABŞ sözünü dinləyən, istədiklərini hər addımda həyata keçirən bir Türkiyəni görmədikcə bu cür təzyiqlərini artıracaq. Amma bu təzyiqlər sadəcə bir siyasi vasitədir. Türkiyənin öz milli maraqları var və bunları hər zaman göz önündə saxlayır. Digər tərəfdən, bu təzyiqlər arasında son dönəmdə İran məsələsi də gündəmə gəlməkdədir. Bu da son dərəcə həssas mövzudur. Fətullah Gülənlə Bransonun dəyişdirilməsi məsələsinə gəlincə isə ABŞ-ın bu məsələdə daha sərt mövqe nümayiş etdirdiyini müşahidə edirəm. Gülən məsələsində verdiyi sözləri yerinə yetirməyən, bu işi əməlli-başlı çətinliyə salan bir ABŞ görürük. Vaşinqton Türkiyə tərəfinin bütün sübutları, dəlilləri verməsinə baxmayaraq, Gülənin ekstradisiya məsələsini gündəmə gətirmir.
Bu, çox həssas məsələdir. Ümumiyyətlə, Türkiyə-ABŞ əlaqələrini birmənalı dəyərləndirmək doğru olmaz. Bu, çoxşaxəli əlaqələrdir. Xüsusilə Suriyadakı hadisələr zamanı ABŞ-ın yürütdüyü siyasət Türkiyənin maraqlarına zidd idi. Bəzi ekspertlər Amerikanın böyük dövlət olduğunu nəzərə alaraq, Türkiyənin "səhv” etdiyini qeyd edirlər. Amma ABŞ Suriyada Türkiyəyə verdiyi vədləri yerinə yetirmədi. Türkiyənin milli maraqlarına zidd olan siyasət həyata keçirdiyi üçün Türkiyə də təbii olaraq, alternativ yol axtarmalı idi. Son dövrlərdə Trampın prezident seçilməsi ilə birlikdə ABŞ-ın öz müttəfiqləri ilə münasibətləri təzadlı olmağa başlayıb. Bu səbəbdən də bu cür proseslərdə sadəcə bir tərəfin var-gəlindən daha çox, bu proseslərin sonunun necə nəticələnəcəyi maraqlıdır. Bu gün ikili münasibətlər təzadlı görünsə də, normal çərçivədə davam etməkdədir.
İsmayıl