Gözlənilən idi... - Gediş haqqı uzun müddət stabil qala bilməzdi
Ekspertlər ictimai nəqliyyatda və metroda qiymət artımını dəyərləndirdilər
Məlum olduğu kimi, Tarif Şurasının ötən gün keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. İclasda müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik müəyyən edilib. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər əksər MDB və region ölkələri ilə müqayisədə xeyli aşağıdır.
Hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat təşkil edir. Buna baxmayaraq, Tarif Şurasının çıxardığı qərarla bağlı həqiqətə uyğun olmayan məlumatlar verməklə ölkədə təxribata yol açmağa, bununla da diqqəti özlərinə cəlb etməyə çalışan müəyyən qüvvələr meydana çıxmaqdadır. Həmişə olduğu kimi, hökumət qiymət artımı ilə bağlı aşağı təbəqənin maraqlarını nəzərə alır. Qiymət artımlarına müvafiq olaraq, əhalinin də sosial gəlirlərinin artırılması istiqamətində müvafiq qərarlar qəbul edilir. Bu isə bir daha sübut edir ki, Azərbaycan hökumətini düzgün iqtisadi siyasət yürütməməkdə ittiham edənlərin irəli sürdüyü bütün arqumentlər əsassızdır. Dağıdıcı müxalifət və heç nədən ajiotaj yaradan ünsürlər anlamalıdırlar ki, Azərbaycanda qiymət artımı siyasi konyuktura xarakteri daşımır və sırf iqtisadi maraqlar nəzərə alınaraq, belə qərar qəbul edilib. Ölkə müxalifətinin vəziyyətdən sui-istifadə edərək əhalinin narazı, aztəminatlı təbəqəsini öz tərəfinə çəkməyə çalışması isə heç cür mümkün deyil. Çünki insanlar müxalifəti qətiyyətlə rədd edir. Metroda gediş haqqının artırılmasının səbəblərini əsaslandıran "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "sherg.az”a deyib ki, konkret metro sərnişindaşımasını götürdükdə, Rusiya kimi istehsal gücü olan ölkədə belə gediş haqqı bu qədər ucuz deyil. Onun sözlərinə görə, Bakı metrosunda bir sərnişinin daşınması xərci 47 qəpiyə başa gəlir: "Müəyyən olunan 47 qəpik xərcə yalnız istismar xərcləri daxildir. Metro stansiyalarının tikintisi, infrastrukturun yenidən qurulması, əsaslı təmir prosesi, metro vaqonlarının alınması, yenilənməsi və s. kimi məqamlar bu məbləğə daxil edilmir. Obyektiv mənzərəni nümunə gətirsək, postsovet məkanında ən ucuz gediş haqqı Azərbaycandadır. Hətta qiymətlər yüksəlib, gediş haqqı 30 qəpik müəyyən olunduqda belə bu dəyişmir. Konkret metro sərnişindaşımasını götürdükdə, Rusiya kimi istehsal gücü olan ölkədə belə gediş haqqı bu qədər ucuz deyil. Son illərdə metropolitenin inkişaf tempi, sərnişinlərin təhlükəsizliyinin təmin olunması, sərnişindaşımanın keyfiyyəti göz qabağındadır. Qatarların yerli şəraitdə təmir olunaraq, modernləşməsi kimi müsbət hallar müşahidə edilir. Əvvəllər vaqonların modernləşməsi üçün ölkəmizdə müəssisə yox idi. Ona görə, bu proses ölkə xaricində həyata keçirilirdi. Bu isə xərcləri bir qədər də artırırdı. Proses artıq ölkə daxilində təşkil edildiyi üçün vaqonların modernləşməsi daha sürətlə və keyfiyyətli şəkildə həyata keçirilir və məlum proses az xərc tələb edir. Bu, Azərbaycanda vaqonqayırma sənayesinin əsasının qoyulması, elmi-praktiki cəhətdən həmin sahənin yeni kadrların yetişdirilməsi deməkdir. Belə addımlar metropolitendə müsbət mənzərə yaradıb”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bəyan edib ki, bu sahədə xidmət ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən göstərilir. Nazirlikdən bildirilib ki, sonuncu dəfə avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 2007-ci ildə müəyyən olunub: "Bu müddət ərzində nəqliyyat parklarının istismar və daşıma xərcləri artıb. Təbii ki, digər sahələrdə olduğu kimi, sərnişindaşımada da xidmət keyfiyyətinin artırılması daşıyıcılar qarşısında qaldırılsa da, sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan vermirdi. Daşıyıcılar uzun müddətdir ki, bu problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edirdi. Bu müraciətlər əsasında mövcud vəziyyət detallı təhlil edilərək xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması məqsədə müvafiq hesab olunaraq Tarif Şurasına müraciət edilib. Tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq”.
İqtisadçı millət vəkili Aydın Hüseynov deyib ki, 30 qəpik digər ölkələrlə müqayisədə aşağıdır: "Son 10 ildə Tarif Şurası ictimai nəqliyyatda qiymət artımı ilə bağlı qərar verməyib. Qiymət artımı ictimai nəqliyyatdan istifadə edən vətəndaşların rahatlığının təmin olunması məqsədilə atılan addımdır. İctimai nəqliyyatdan istifadə edən vətəndaşların sayı getdikcə artır. Eyni zamanda ölkəmizə çoxsaylı turist axını müşahidə edirik. Ona görə, nəqliyyat təsərrüfatının yenilənməsi, sərnişinlər üçün komfort şəraitin yaradılması zərurəti ortaya çıxıb. Bütün bunları təmin etmək üçün gediş haqqının artırılması vacib məsələdir.
İctimai nəqliyyatda gediş haqqı 30 qəpik müəyyən olunduqda belə bu göstərici MDB məkanında digər ölkələrlə müqayisədə aşağıdır. Azərbaycanda ictimai nəqliyyat postsovet məkanındakı digər ölkələrdən ucuzdur. Qeyd etdiyim kimi, bu addım vətəndaşlarımızın rahatlığının təmin olunmasına yönəlib. Biz paytaxt ərazisindəki tıxaclardan narazılıq edirik. Amma ictimai nəqliyyat rahatlaşarsa, metro və avtobuslardan istifadə edən sakinlərin sayı artacaq və tıxac problemi də nisbətən həll olunacaq”.
İqtisadçı-ekspert Pərviz Heydərov da söyləyib ki, istənilən halda hər bir qərarın arxasında müəyyən səbəblər durur: "Qiymət artımı iqtisadi sahə olduğundan arxasında iqtisadi amillər dayanır. Bir məsələyə diqqət etmək lazımdır ki, gediş haqqı uzun müddət stabil qala bilməzdi. Digər ölkələrin təcrübələrini də nəzərə alsaq, hər sahədə qiymət artımının baş verməsi təbiidir”. Ekspertin sözlərinə görə, nəqliyyatda qiymət artımının baş verməsi çoxdan gözlənilən hadisə idi: "Hətta bu ilin əvvəlindən gediş haqqının artırılması planlaşdırılırdı. Hökumət uyğun zaman seçmək üçün bu qərarı nisbətən gecikdirdi. Bu hadisə dərs ilinin başlanması, yeni iş mövsümünün start götürməsi dövrünə təsadüf etməməli idi. Son illərdə yanacağın qiymətində müşahidə olunan artım da yay mövsümündə açıqlandı. Xatırlatmaq istəyirəm ki, bundan əvvəl enerjinin və yanacağın qiymətləri bahalaşdı. Belə məqamda nəqliyyatda gediş haqqının bahalaşmaması qeyri-mümkün idi. Amma hökumət yenə də sosial təminatı aşağı olan təbəqənin maraqlarını nəzərə almağa çalışıb”.
İsmayıl