“Amma gənc analar bilsə ki, evdə doğuş necə ağır fəsadlara yol aça bilər, həm ananın özü, həm də doğulacaq körpə hansı risk altındadır, məncə, evdə körpə dünyaya gətirməkdən imtina edərlər”
“Bunun əsas səbəbi ananın tibbi savadının olmamasıdır”
Səhiyyə Nazirliyinin məlumatına görə, cari ildə tibb müəssisəsindən kənar doğuşların sayında 36 nəfər azalma qeydə alınıb. Bu ilin 6 ayı ərzində doğuşla bağlı müraciətlərin sayı 2680, hospitalizasiya 2612, tibb müəssisəsindən kənar doğuşların sayı isə 21 olub. Lakin daha sonra hamısı hospitalizasiya olunub.
Statistik göstərici hər nə qədər az olsa da, XXI əsrdə, hamilə qadınlar, təhlükəsiz ana olmağın yolları mövzularında mütəmadi aparılan maarifləndirmə işlərinə rəğmən evdə doğuş həyata keçirənlərin olması arzuolunan hal kimi qiymətləndirilmir. Mütəxəssislərin rəyinə görə, ev şəraitində gerçəkləşən doğuşlar gələcəkdə həm ana, həm uşaq üçün bir sıra fəsadlara yol aça bilər.
Əhali bilməlidir ki, bu çox riskli haldır, ana və yeni doğulmuşun ölümü ilə nəticələnə bilər. Ana sağ qaldıqda belə, gələcəkdə onun reproduktiv sağlamlığında ciddi problemlər yaşanacaq. Bununla bərabər evdə doğulmuş uşaqlarda da gələcəkdə şikəst qalmaq ehtimalı çox yüksəkdir.
Xəstəxanadan kənar doğuşun kifayət qədər riskli bir proses olduğunu qeyd edən uzman cərrah-ginekoloq Nərmin Qəribovanın sözlərinə görə, doğuş istənilən halda qanaxma ilə gedə bilən situasiyadır: "Evdə doğuş zamanı qanaxmalara görə ana ölümləri çox olur. Eyni zamanda bu şəraitdə doğuş zamanı göbək ciyəsinin gigiyenik şəkildə kəsilməməsi, ümumiyyətlə, doğuşun normal qaydada idarə edilməməsi iltihabi proseslərə səbəb olur. Eləcə də həm uşaq, həm də ana üçün gələcəkdə ciddi fəsadlar yarada bilir”.
Ginekoluqun sözlərinə görə, evdə doğuş hallarına Türkiyə ilə müqayisədə Azərbaycanda daha az rast gəlinir: "Evdə doğum edən qadınlarla rastlaşmışam. Ancaq müasir dövrdə bu çox nadir hallarda görülür. Azərbaycanda yox, Türkiyədə işlədiyim müddətdə evdə doğum edən qadınlarla tez-tez rastlaşırdım. Həmin xanımların üçüncü və ya dördüncü doğuşları olurdu. Əvvəlki doğuş prosesi isə ev şəraitində keçib. Bu, yolverilməz haldır. Ana namizədlər maarifləndirilməli, bunun qarşısı alınmalıdır”.
Tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova isə evdə doğuşlara bir neçə amilin təsir göstərdiyini deyib. Onun sözlərinə görə, evdə doğuş halları həmişə olub, var və olacaq da. Bunun əsas səbəbi ananın tibbi savadının olmamasıdır. Analar bəzən hamiləlik, doğuş prosesi barədə məlumatsız olur.
Amma gənc analar bilsə ki, evdə doğuş necə ağır fəsadlara yol aça bilər, həm ananın özü, həm də doğulacaq körpə hansı risk altındadır, məncə, evdə körpə dünyaya gətirməkdən imtina edərlər.
Ekspertin sözlərinə görə, xəstəxanadan kənar doğuş hallarının baş verməsinin ikinci səbəbi sosial problemlər, imkansızlıqdır, çünki xəstəxanaların doğum şöbələrində ailələrdən pul tələb olunur: "Başqa bir faktor isə ananı əhatə edən mühit, yaxın ətrafıdır. Bəzən belə hallar baş verir ki, gəlin xəstəxanaya getmək istəyir, amma yaxın çevrəsi onu fikrindən daşındırmağa cəhd edir. Köhnə fikirliliyə üstünlük verib "bizim vaxtımızda hamı evdə doğurdu. Bizə nə oldu ki, sənə nəsə olsun” kimi əsassız, heç biri məntiqə söykənməyən fikirlərlə gənc ananın qarşısını kəsir, xəstəxanaya getməsinə mane olurlar. Bu isə çox təhlükəli və risklidir. Anada qanaxmalar başlaya bilər, körpənin həyatı üçün təhlükə yaranar. O qədər ağır fəsadlar var ki! Müxtəlif infeksiyalar, soyuqdəymə... Elə vəziyyət yaranar ki, körpəyə yerində yardım göstərmək ehtiyacı yaranar. Bəs belə olduqda körpəyə və ya anaya kim, necə yardım göstərəcək?”
Evdə doğuşun qadağan olduğunu deyən Ş.Namazova buna baxmayaraq bəzi mamaların bu işi öhdələrinə götürdüyünü təəssüflə qeyd edib: "Bu xidməti göstərən xüsusi qadınlar var. Bəzən gənc qadından soruşanda ki, doğuşu kim qəbul etdi, nə adını deyir, nə ünvanını. Deyir, bilmirəm kim idi. Əslində isə evdə doğuşların izlənmə mexanizmi mövcuddur. Mama-akuşerka əgər evdə doğuşa yardım üçün çağırılıbsa, dərhal təcili yardıma müraciət etməlidir. Ana təcili şəkildə xəstəxanaya çatdırılmalıdır. Yaxud, polisə də müraciət etmək olar. Polis vəziyyəti nəzarət altına alar. Yəni, bu işin izlənmə qaydası var, amma təəssüf ki, bəzən qadınlar da, onlara kömək edən mama-akuşerkalar da qanunun tələblərini pozur”.
Şəymən