Sabiq XİN başçısı: "Müharibə həmsədrlərin fəaliyyətsizliyi nəticəsində reallaşa bilər"






"Ermənistanda müharibə ehtimallarının artması, Azərbaycan ərazilərinin işğal olunduğu barədə etirafların səsləndirilməsi müsbət haldır”.

Bunu "Sherg.az”a "Helsinki təşəbbüsü-92"nin Dağlıq Qarabağ komitəsinin koordinatoru Karen Ohancanyanın müharibə proqnozlarına münasibət bildirərkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. 

Onun sözlərinə görə, belə ifadələrin gündəmə gətirilməsi sübut edir ki, Ermənistan cəmiyyəti Azərbaycanın işğalla barışmayacağını bilir:

"Əgər ermənilər bu işğalçı siyasəti davam etdirsə, deməli, müharibə qaçılmazdır. Bu baxımdan son günlər səsləndirilən fikirləri Ermənistan cəmiyyətinin həqiqətə yaxınlaşması kimi qəbul etmək olar. Təəssüf doğuran məqam odur ki, reallığı qəbul edən şəxslər kifayət qədər deyil. Populist çıxışlar, qeyri-real fikirlər də çoxdur.

Hesab edirəm ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin ciddi şəkildə açıqlama verməsi vacibdir. Çünki həmsədrlərin artıq köhnə sistem üzrə işləməsi də qəbul edilmir. Açıq deməliyik ki, müharibənin baş verməsi elə həmsədrlərin fəaliyyətsizliyinin nəticəsində reallaşa bilər. Ermənistan ictimaiyyəti ilə yanaşı Azərbaycan cəmiyyətində də müharibə ehtimallarını əks etdirən fikirlər səsləndirilir. Bu, həqiqi vəziyyətin əks olunmasıdır”.

Qeyd edək ki, Karen Ohancanyan özünün "Facebook” səhifəsində Qarabağda avqustun və sentyabrın istənilən günündə müharibə başlaya biləcəyini vurğulayıb:
"Azərbaycan tərəfindən Qarabağla və Ermənistanla sərhəd boyunca baş verən hər şey iri miqyaslı hərbi hərəkətlərin başlanğıcına hazırlıqdır, hansı ki, artıq avqustda və ya sentyabrda hökmən başlaya bilər”.

Aysel Aslan