"Əkin sahələrində qalıqların yandırılması yanlışdır. Bu zaman ən faydalı mikroorqanizmlər, torpağın tərkibindəki maddələr məhv olur”.
Bunu "Sherg.az”a əkin sahələri və tarlalarda məhsul yığımından sonra qalıqların yandırılmasından danışarkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Qadir Bayramlı deyib.
O diqqətə çatdırıb ki, bu problem hər 2-3 ildən bir gündəmə gəlir, müzakirə edilir:
"Əhali sözügedən metodla əkin sahələrində olan ziyanvericilərin məhv edildiyini düşünür. Halbuki, bu tendensiya məhsuldarlığa mənfi təsir göstərir. Üstəlik, sahələr nəzarətsiz yandırıldığına görə, ətrafa zərər verir, hətta kommunikasiya sistemlərinə ciddi ziyan vurur. Tarlaların yandırılması qadağan edilməlidir”.
Mütəxəssis hesab edir ki, maarifləndirmə yolu ilə insanları əkin sahələrinin yandırılmasından çəkindirmək mümkündür:"Kənd təsərrüfatında məhsuldarlığın daha fərqli yollarla artırılmasına çalışmaq lazımdır. Ekspensiv təsərrüfatdan intensiv təsərrüfat üsuluna keçməyin yolları olmalıdır. Bu bizim ən zəif cəhətimizdir. Hazırda kənd təsərrüfatının əksər sahələrində məhsuldarlıq yeni texnologiyalar tətbiq edilmədiyinə görə aşağıdır. Müasir aqrotexniki tədbirlər həyata keçirməklə məhsuldarlığı artırmaq olar. Bu isə bütövlükdə kənd təsərrüfatına yanaşma tərzinin dəyişməsini tələb edir. Artıq müəyyən tədbirlər həyata keçirilib, müasir metodların tətbiqinə çalışılır”.
Qeyd edək ki, əkin sahələrində məhsul toplandıqdan sonra tarlalarda qalıqların yandırılması praktikası geniş yayılıb. Yay ayında istilərlə əlaqədar bu hal ciddi fəsadlar törədir: yüksək gərginlikli enerji xətləri, meşə təsərrüfatlarında və s. yanğınlara səbəb olur.
Aysel Aslan