Rusiya ismarıcını Ermənistana ünvanlasa, daha yaxşıdır

“Düşmən ölkə öz vətəndaşının meyitinə sahib çıxmırsa, deməli, burda məkirli niyyətlər var ”



Ermənistan tərəfi baş nazirin müavini, "Qaçqınkom”un sədri Əli Həsənovun əsirlərin və meyitlərin dəyişdirilməsi ilə bağlı müraciətinə mənfi cavab verib. Komitə sədrinin təklifinə etiraz edən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan ilkin şərtləri qəbul etmədiklərini bəyan edib.

Məlumat üçün bildirək ki, Ə.Həsənovun müraciətində Azərbaycanda olan beş nəfərlik erməni ailəsi və bu yaxınlarda dünyasını dəyişən erməni diversant Karen Petrosyanla ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun, Şahbaz Quliyevin və öldürülən Həsən Həsənovun meyitinin dəyişdirilməsi nəzərdə tutulurdu. Ancaq əvvəldən də gözlənildiyi kimi Ermənistan bu təkliflə razılaşmayıb. Ermənilərin rədd cavabından sonra Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç açıqlama verərək Azərbaycan və Ermənistan prezidentlərinin meyitlərin qaytarılması haqqındakı 2010-cu ilin 27 oktyabr bəyanatına diqqət çəkib. XİN rəsmisi bildirib ki, tərəflər ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımı ilə meyitlərin dəyişdirilməsi barəsindəki bəyanata əməl etməlidir. Ermənistanın əsirlərin dəyişdirilməsi ilə bağlı təklifi geri çevirməsini dəyərləndirən ictimaiyyət nümayəndələri hesab edirlər ki, erməni hökuməti üçün əsirlikdə olan vətəndaşlarının taleyi maraqlı deyil. Ermənistanın yeganə niyyəti azərbaycanlı girovlar üzərindən təxribat hərəkətlərini davam etdirməkdir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, politoloq Aydın Mirzəzadə deyir ki, erməni meyitin Azərbaycanda qalmasını istəyən işğalçı ölkə bu hadisədən maksimum siyasi dividend götürməyə çalışır:

"Bu gün Azərbaycanda Ermənistandan bizim tərəfə könüllü keçmiş hərbiçilər, sadə erməni vətəndaşları, eyni zamanda ərazimizə təxribat xarakterli daxil olmuş və həbsxanada vəfat etmiş bir nəfər erməninin cəsədi var. Ermənistanda isə işğal edilmiş Azərbaycan torpaqlarında zorla girov götürülən 3 nəfər vətəndaşımız saxlanılır. Azərbaycan tərəfi heç olmasa meyitlərin dəyişdirilməsi ilə bağlı qarşılıqlı surətdə öz təklifini irəli sürüb. Bu, əslində dünya praktikasında normal prosesdir. Ancaq Ermənistan razılaşmadan imtina etdi. Görünən odur ki, müəmmalı şəkildə vəfat etmiş erməni diversantın meyitinin Azərbaycanda qalması Ermənistan hökumətinə sərf edir. Bununla bağlı ermənilərin təbliğat maşınının öz surətini artırması da təsadüfi deyil. ABŞ və Fransa da təzyiqlər sayəsində erməni diversantla bağlı bəyanat verdilər”. Politoloqun fikrincə, öz vətəndaşının sonrakı taleyi və ya onun meyitinin alınıb yaxınlarına verilməsi ilə maraqlanmayan erməni hökuməti Azərbaycanı xaricdə müharibə qanunlarına riayət etməyən "ədalətsiz” ölkə kimi göstərməyə çalışır: "Ancaq bu cəhd çox saxta və süni alınır. Çünki işğal edilən, təcavüzə məruz qalan Azərbaycan torpaqlarıdır. Azərbaycanda ölən erməni isə torpaqlarımıza diversant kimi gələn kəşfiyyatçıdır. Ermənistan öz vətəndaşının meyitinə sahib çıxmırsa, deməli, burda məkirli niyyətlər var”. A.Mirzəzadənin qənaətincə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisinin məsələ ilə bağlı bəyanat verməsi və tərəflərə əvvəllər imzalanmış bir bəyannaməni xatırlatması da başadüşülən deyil: "Hesab edirəm ki, XİN sözçüsü ismarıcını birbaşa Ermənistana ünvanlasa, daha məqsədəuyğun olardı. Çünki Azərbaycanın bu məsələdə hər hansı problemi yoxdur. Ermənistan isə hətta öz imzasına belə hörmətlə yanaşmaq istəmir. Bu tendensiyanın özü bir daha göstərir ki, Ermənistan ciddi dövlət deyil”.

İsmayıl