"D" kateqoriyalı sürücü qıtlığının səbəbi... -AÇIQLAMA

Azərbaycanda "D" kateqoriyalı sürücülük vəsiqəsi olan sürücü qıtlığı var.                            
Xezerxeber.az-ın məlumatına görə, xüsusilə sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri idarə etməyə icazə verən bu kateqoriya üzrə sürücü azlığı yaşanır. Eskpertlər bildiriblər ki, bu hal son 24 ayda daha çox müşahidə edilir. Əsas səbəb isə bu kateqoriya üzrə tələb olunan biliklərin çətin olması və avtobus sürücülərinin xaricə kütləvi axın etməsidir. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, "D" kateqoriyalı sürücülərin sayının artırılması üçün avtobus parkı genişləndirilir. Eyni zamanda, bu kateqoriyada çalışan sürücülərə müəyyən güzəştlər tətbiq olunacaq. Qurum rəsmisi onu da əlavə edib ki, sürücülər AYNA-nın təlim-tədris mərkəzində sərnişinlərin təhlükəsizliyinə, yol hərəkəti qaydalarına və nəqliyyat vasitəsinin təhlükəsizliyinə dair bütün biliklərə yiyələnə bilərlər.
Maraqlıdır, "D" kateqoriyalı sürücülərin sayı niyə azdır?                                                    

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev "Sherg.az"a bildirib ki, bunun müxtəlif səbəbləri var:

''Əvvəla, bu sahəyə tələb çoxdur. Son illərdə avtomobil yollarının daha da genişlənməsi, yükdaşıyıcıların sayının 3 dəfəyədək artması "D" kateqoriyalı sürücülük vəsiqəsinə marağı artırır. Avtobus daşıyıcılarında isə başqa bir vəziyyət hökm sürür. Peşəkarların Polşaya axın etməsi və maaşlar kifayət qədər cəlbedici olmadığına görə, sürücü qıtlığı yaranıb. Fikrimcə, hazırda görülən islahatlar məntiqi sonluğa çatdığı təqdirdə durum dəyişəcək və bu sahəyə maraq artacaq. Qeyd edim ki, ötən ilin sonundan sərnişin və yükdaşıyıcılarının lisenziya müddəti bir ildən 7 ilə qədər uzadıldı. Həmçinin, hazırda maliyyə dayanıqlılığını artırmaqdan ötrü, islahatlar aparılır. Sərnişindaşımalarda biznes modeli dəyişməlidir. Bununla bağlı hökümətə təklif göndərilib. Hətta brutto müqavilələrə keçid nəzərdə tutulub. Bununla hər kilometr üçün daşıyıcılara subsidiya edilməsi nəzərdə tutulur. Belə olduğu halda bir çox problemlər aradan qaldırılacaq. Həm sürücülərin maaşının qaldırılmasına, həm də məsafəyə görə güzəştlərin tətbiq olunmasına və pulsuz vaxt limitinin verilməsinə, güzəştli paketlərin tətbiqinə yardım ediləcək''.

Ekspert vurğulayıb ki, bu baxımdan da daşıyıcılara qarşı tələblər sərtləşəcək:
''Çünki lisenziya müddəti artırılıb. Həmçinin, maliyyə dayanıqlılığı təmin olunduğu üçün sahibkarlardan sağlam rəqabət şəraitində daha keyfiyyətli xidmət tələb olunacaq. Ona görə də "D" kateqoriyalı sürücülər artacaq. "Bakubus" ötən günlərdə qadın sürücülərin işə cəlb olunması baxımında elan verdi. Bu da gender bərabərliyi baxımından sevindirici haldır".
 
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə deyib ki, "D" kateqoriyal sürücü qıtlığına səbəb təcrübə və peşəkarlıqdır:

''D kateqoriyası almaq istəyənin sürücülük təcrübəsi olmalı, iri qabaritli nəqliyyat vasitəsini peşəkarcasına idarə etmeyi bacarmalıdır. Azərbaycanda son illərdə sürücülük məktəbləri ve kursları cox aşağı səviyyəli dərslər verirlər''.